31 İyul 2023 15:19
494
12 Punto 14 Punto 16 Punto 18 Punto
Nə yaxşı ki, yollar var...
Kəndə gedən yollar, yurda gedən yollar, qardaş ölkələrə, dost yanına, bir də ki, nəfəsində at nallarının səsi eşidilən türk ellərinə - Tanrı dağına aparan yollar…
Yol ki, türk yurdlarına, ruhumuzun oylaqlarına gedirsə, o yolun axırı olmaz, axarı olar.
Yolunda yol yoldaşın eyni ruhun daşıyıcısı olursa, uzaq yolun yaxın olar.
Bu isti iyul günlərinin birində Almatıda yaşayan jurnalist məsləkdaşımız “Türkdilli ölkələrin jurnalistləri Fondu”nun təsisçisi və rəhbəri Naziya Joyamergenkızı Bisenova Bakupost.az saytının rəhbəri Elçin Zahiroğlu və məni Qazaxıstanda keçirilən “Birinci Media və Turizm Forumu” na dəvət etdi. Məlum oldu ki, Qazaxıstanın İnformasiya və Sosial İnkişaf, Mədəniyyət və İdman Nazirlikləri, Almatı vilayəti administrasiyası - qədim Kapşaqay, indiki Kunayev şəhərində dünyanın 17 ölkəsindən gələn tanınmış jurnalistləri və ölkə jurnalistlərini bir araya gətirərək, həm Qazaxıstanda, həm də türk dünyasında , eləcə də dost ölkələrdə milli mədəni dəyərlərin və tarixi yerlərin tanınması üçün belə bir forum keçirmək qərarına gəlib. Qazaxıstan dövləti də onun bu istəyinə dəstək verib.
…Biz Almatıya bu dəfə İstanbul üzərindən uçaraq gəlmişdik. Səhər saat 5-də hava limanında bizi forumun təşkilatçısı Naziya xanım özü qarşıladı.
Naziya xanım hər kəsə mehr-məhəbbətlə, əsil qazax qonaqpərvərliyi ilə yanaşır. O qədər yorğundur ki, üzündəki bu yorğunluğu büruzə verməməyə çalışsa da biz bunu anlayırıq. Bizi “Park Otel”də yerləşdirir. Özü isə növbbəti qonaqları qarşılamağa gedir. Çox səliqəli otel odasında dincələndən sonra, günorta lobbiyə enirəm. Elçin Zahiroğlunu kiminləsə söhbət edən görürəm. Yaxınlaşıb tanış oluram. Belçikadan foruma dəvətli “İnter Medya Bruxelles” qəzetinin təsisçisi Yusuf Cinaldır. Əlində fotoaparatı, əsil peşəkar və qəzet jurnalisti olğuğundan xəbər verir. Tez-tez fotoapartının çıkkıltısı gəlir. Elə gözəl danışır, elə şirin cümlələr qurur ki, sanki ürəyində bal küpü var. Söhbət əsnasında bilirik ki, Belçikada da Azərbaycan diasporunun formalaşmasında böyük rolu olub. Bütün türkəsilli, Azərbaycan sevdalısı olanları başına yığıb, orada yaşadığı 40 il ərzində Azərbaycan davası aparıb. Hətta mərhum Prezident Heydər Əliyevin Brüsselə səfərləri olanda, o müşayiət edirmiş. Heydər Əliyev də ona “yaxşı oğlan” deyirmiş. Bu səfərlərdə Azərbaycan səfirliyi onun xidmətindən həm tərcüməçi, həm də jurnalist kimi yararlanırmış. Heydər Əliyevdən danışanda gözləri dolur, deyir ki, o çox böyük düha idi, Azərbaycan üçün çox çalışdı. Azərbaycanın Zəfərindən danışanda da gözləri yaşarır: “İlham Əliyev Şuşada tonqal qalayanda, hönkür-hönkür ağlamışam”.
Daha sonra Londondan gələn Avropa Times, Avropa Gazetesi, Avropa Haber Ajansı - AVA təsisçisi Vətən Öz, Almanyadadan Kanal Avropanın təsisçisi Əlipaşa Akbaş, Hollaniyadan Özcan Özbay, Avstriyadan “F&Media”-nın baş redaktoru Adil Elmas, Fransadan Əli Gedikoğlu, İsviçrədən Levent Karaağaç, Şimali Kıbrıs Türk Cümhuriyətindən Orhan Şener Deliormanlı, Güven Arıklı, Moldovadan Lyudmila Barba, Qırğısıtandan Sayragül Polotova, Jaksılık İsakov, Kiprdən Orxan Həsənoğlu, Türkiyə Mədəniyyət Nazirliyinin Mədəniyyət məsələləri üzrə təmsilçisi Alparslan Akıncı, Türkiyəni təmsil edən Ahmet Tüzün ve Hediye Eroğlu, Özbəkistandan Lola Rahmanbayova, Saidmurat Bozarbayev, Aziza Uzakbergenova ilə tanış olduq.
Tanrı dağı hüzuruna gəlmişik...
Günorta yeməyinə Tanrı dağının ətəklərində yerləşən Almatı şəhərindəki “Çiçək mangal” restoranında toplaşdıq. Bu türk mətbəxində süfrə ətrafında oturanda belə yüz illərin dostu kimi söhbətləşdik. Çünki “Türkdilli ölkələrin Jurnalistləri Fondu”nun prezidenti Naziya xanım bizim ruhumuzun bələdçisi idi. İlk dəfə Tanrı dağının ətəklərində oturanlar da çox xoşbəxt görünürdülər. Moldovadan olan həmkarımız Lyudmila Barba deyirdi ki, 2018-ci ildə siyasi məsələləri şərh edən jurnalist kimi Azərbaycanda bir tədbirə qatılıb. Lyudmila onu da dedi ki, sizin Qarabağ probleminiz həll olunur, lakin bizim Denstryanı kimi böyük problemimiz hələ həll olunmamış qalır. Mən də ona məsləhət gördüm ki, hamımızın hörmət bəslədiyimiz Molodva prezidenti xanım Miaya Sandu bizim ölkə rəhbəri ilə dostluq əlaqələrini daha da gücləndirsin, gedişlərimizi izləsin, Azərbaycan xalqı öz torpaqları, ərazi bütöpvlüyünü istəyən bütün xalqların və dövlətlərin yanındadır.
Nahardan sonra Almatıda Tanrı dağı ilə üzbəüz olan Köktobe Milli Parkına (Göytəpə) qalxdıq. Şəhərin içərisindən “Kök Tobe” parkına avtomobillə 15 km -5 dəqiqəlik yoldur. Tərtəmiz havası olan bu park dəniz səviyyəsindən 1130 metr yüksəklikdə yerləşir. Parkda şəhər üzərində 250 metr hündürlükdə gəzintiyə çıxmaq üçün 1620 metr uzunluğunda kanat yolu da var. Kanat yolunu gedib qayıtmaq təxminən 7 manata başa gəlir. İnsanların və uşaqların istirahəti üçün hər cür şərait yaradılıb. Kök tepenin üstündən şəhər ovuc içərisindəki kimi görünür. Şəhərdə hündürmərtəbəli evlərlə yanaşı, parklar və yaşıllıqlar da boldur. Bizdən fərli olaraq, Almatıda şəhərin parklarındakı, yollarındakı ağacları kəsməyiblər. Bu şəhərdə oksigen, təmiz hava adamın ciyərlərinə işləyir. Bu şəhər hələ daşlaşmayıb, zümrüd yaşıllığı ilə adamın könlünə yaşıl rəngdə lövhələr çəkir. Bir də əmin olursan ki, Xan Tanrdağı bu şəhəri qoruyur.
1978-1983-cü ildə isə elə bu Göy təpənin üstündə 371,5 metr hündürlükdə teleqüllə tikilib. Hündürlüyünə görə dünyada 9-cu yerdədir. 10 ballıq zəlzələyə davamlıdır.
Buraya gələn turistlərin marağını çox çəkən bir də “Alma” fontan heykəlidir. Bəlkə də dünyadakı ən böyük alma fiquru heykəli də elə bu parkdakı almadır! Yəqin, bilirsiniz ki, Almatı şəhərinin adı yalnız burada bitən “Aport” alma növünə görə simvollaşdırılıb. Yəni almanın atası!
Göytəpədən danışıb, Tanrı dağlarını unutmaq olmaz. İstəyirəm ki, oxucularımıza bir də hər bir türkün arzusu olan Xan Tanrı dağlarından danışım. Xan Tanrı dağları Qırğızıstanla Qazaxıstanın sərhəddində yerləşir.
Onu çox vaxt “göylərin sahibi ” da adlandırırlar. Tyan Şan dağ silsiləsinin 7 min metr yüksəkliyi olan ən hündür nöqtəsidir. Bu yerlər min illər boyu, elə indi də bütün türklərin müqəddəs dağı sayılır. Dağın bir adı da Kantau- Qandağıdır. Günəş batan zaman bu dağın başındakı çəhrayı mərmərılər qan rənginə boyanır. Qədim türklərin inancına görə, insanların yaşını və ömrünü Tanrı verir. Hökmdarlar, xaqanlar, sərkərdələr, alplar, qazilər öləndən sonra onların ruhları Xan Tanrı (Xan Tengri) dağının başına yığışır.
Səyahətnamələrdə, qədim tarix kitablarında Xan Tanrı dağının adına rast gəlmək mümkündür. Onun adı Mahmud Kaşqarinin “Divani ət tarix” kitabında keçir. XIX əsrdə isə rus coğrafiyaçısı Pyotr Semyonov –Tyan Şanskiy İmperator Elmlər Akademiyasının üzvü kimi Qazaxıstana səyahət edərək, Xan Tanrı dağının zirvəsinin şiş – piramida formasında olduğunu yazmışdı. Dağ turizmi ilə məşğul olan alpinistlər də belə deyirlər ki, dünyanın ən gözəl zirvəsi olmaqla yanaşı, həm də dünyada ən çətin qət edilən zirvə sayılar. Bu dağın zirvəsini qət edənlər ən cəsarətli və iradəsi güclü insanlar sayılırlar. Elə buna görə də qədim türklər onu “göylərin sahibi” adlandırıblar.
Bu zirvəyə ən son tarixlərdən məlum olduğuna görə ilk dəfə 1931-ci ildə Mixail Poqrebetski, Boris Tyurin və Frans Zauber çıxıblar. Poqrebetski öz memuarlarında yazırdı ki: “Xan-Tengri yuxarıdan yaqut kimi işıq saçırdı, indi onun işığı səmanı tünd firuzəyi rəngə bürümüşdü...”
Biz də o müqəddəs başı qarlı Tanrı dağını uzaqdan seyr edərək, həm də Göy təpədə anlarımızı fotolarda əbədiləşdiririk. Hər birimizin bəlli yaşı olsa da, bəzən uşaq kimi sevinirk, Göytəpə Milli Parkının müxtəlif yerlərində şəkil çədiririk. Burada 2 saat dincəlmək, elə dəniz kənarında aldığımız rahatlığa bərabərdir.
Göy Təpədən aşağı enib, yenə axşam yeməyinə gedirik. Süfrə başında həm də ötən ilin yanvar ayında Almatıda başlayan dövlət çevrilişinə cəhddən danışırıq. Türk dilində danışan jurnalistlərimizin əksəriyyəti bu fikirdədirlər ki, bu hadisə Rusiya xüsusi xidmət orqanları tərəfindən hazırlanmış bir əməliyyat idi. Qazaxıstanda öz bəd niyyətini həyata keçirə bilməyən Putin, fevral ayında Ukraynada müharibə başladı. Dostlarımız Almatıda baş verən hadisələri elə 1990-cı ilin yanvar ayında Bakıda törədilən qırğınlara da bənzədirlər. İndi qazax qardaşlarımız da bizim kimi yanvar ayını “kara kantar”, yəni “qara yanvar” adlandırırlar. Amma dostlardan kimsə deyir ki, indi türk dövlətləri güclənmə və şahlanma dövrünü yaşayır. Tanrı da, hətta Xan Tengri dağı da buna görə butalayır bizi. Çox gec olduğundan o qanlı hadisələr baş verən meydana gedə bilmirik. Naziya xanım deyir ki, 1986-cı ilin dekabr ayının 16-da Jeltoksan hadisələri- sovet rejiminə ilk etirazlar da həmin meydandan başlamışdı.
Türkiyənin Mersin şəhərindən gələn Hədiyyə xanım Eroğlu, Elçin Zahiroğlu və mən Naziyanı oteldən yola qədər ötürürük. Naziyə gecə saat 11-dən sonra evinə gedib, 5 uşağının və həyat yoldaşının qayğısına qalmalıdır.
Səhər o başdan oyanıb, hər birimiz turizm marşrutu üzrə yola düşməyə hazırlaşırıq.
Səfərimizin ikinci günü də qarşımızda yol var. Əvvəlcə Çarın dərəsinə gedəcəyimizi deyirlər. Almatıdan Çarına gedən yol 4 saatdır. Kapşaqay şəhərinin kənarından keçib, Çarın tərəfə yol alır avtomobillərimiz. Yol boyu türk dilində yazılan yer adları hər kəsi heyran edir: Esik, Turqen, Şelek, Ötegen batır, Talqar, Koram, Malybay... Həmin yer adlarını Əhməd Tüzün, Sayragül Polotova, Yusuf Çinal öz bildikləri kimi uyğunlaşdırıb, şərh edirlər. Və bu toponimlərin dünyanın bütün türklər yaşayan ölkələrində eyni tərzdə, ləhcə fərqi ilə işləndiyini deyirlər.
Qazaxıstan çox böyük ölkədir. Yol boyu təbətin dəyişik mənzərələri diqqətimizi cəlb edir. Bir də ki, bu bozkırların bəzəyi olan atlar... Çox da hündür olmayan təpələr, bol sulu çayların ətrafında atlar yaşıl çəmənlərdə, biçənəklərdə otlayırlar. Bəzi yerlərdə isə torpaq günəşin istisindən cadar-cadar olub. Lakin bu quru torpaqların üstündə də at ilxıları gəzirlər. Yağış suyundan qalan bir qara gölməçənin başına 10-dan artıq atın yığıldığını görürəm. Suya baxa-baxa qalıblar. Çünki at çirkli yerdən su içməz axı... Susuzlamış atlara yazığım gəlir. Yol boyu fikirləşirəm ki, görəsən, bu atlar buralarda təmiz suyu haradan tapırlar? Bizimlə eyni avtomobildə olan yaşlı-başlı jurnalistlər də , sürücümüz də bu sualın cavabını bilmirlər.
Naziya xanım deyir ki, onun atasının babası Bisen kişi bu tərəflərdə doğulub. 19-cu əsrdə dəvələri ilə köydən-köyə, auldan-aula xırdavat daşıyıb, və yaxud da yerli camaatın verdiyi bağlamaları başqa bir auldakı evə çatdırırmış. Dəvələri ilə bir nöpv logistika ilə məşğul olub.
Bu boz kırları, bir aul ilə digər aul arasındakı 80-100 kilometrlərlə məsafəni nəzərə alanda, fikirləşirsən ki, bəs bu yolların qışı-yazı onları necə aparıb-gətirib. Canavardan, ilandan necə qorunublar? Nə yehyib, nə içiblər?
Ancaq bir həqiqəti bir daha dərk edirsən ki, 18-ci əsrdən sonra bu yerləri zəbt eləyən rus imperiyası bu torpaqlarda, bu yurtlarda yaşayan insanların genetik kodlarını, adət-ənənələrini dəyişə bilməyiblər. Bu torpaqlar türk indentikliyini saxlayan müqəddəs varlıqdırlar. Bu yurdların kişiləri-qadınları alaçıq tikib, başında Şanırak qurublar ki, jurtun (qazaxlar alaçığa “jurta” deyirlər) içərisi günəşdən işıq alsın, yurtanın qapısını üzü Şərqə açıblar. Günəşin Şərqdən doğduğunun fərqində olublar. Nə qanlı imperiya rejimi, nə nə sovet rejimi milli dəyərlərini, soy-köklərini, Mərkəzi Asiyaya məxsus mətbəx mədəniyyətini unutdura bilməyiblər. Bu boyda çöllükdə, bozkırlarda öz mədəniyyətlərini qoruyub saxlayan insanları heç vaxt yenmək olmaz.
100 kilometrə qədər məsafəni qət edəndən sonra Şelek deyilən bir qəsəbənin yanında dayanırıq. Bizdən öndə gedən 7 avtomobil karvanı da, bizi müşaiyət edən polis avtomobilləri də dayanırlar. Yolun hər iki üzündə kurut satırlar. Kurutlar növbənövdür, şokalad böyüklüyündə, yumurta böyüklüyündə olanı da var. Ən kiçiyinin bir ədədi 200, ən böyüyün 1 ədədi 400-500 təngədir. Bu kurut bütün türk xalqları mətbəxinin incisidir. Bayaq bir sual yazmışdım: görəsən, nə yeyib, nə içiblər? Bu kurutları görəndən sonra xatırladım ki, at və inək südündən çalınan qatıqdan, ayrandan hazırlanan kurut qazaxın yol yoldaşı olub. İki-üç dənə kurut yeyib, üstündən bir bardaq su içə bilsən, axşama qədər aclığını yatıra bilərsən. Necə ki, ərəblər deyirlər ki, bir xurma ilə axşama qədər tox qalmaq olur, bax, bizim türk mətbəxinin kurut məcunu da belə bir özəlliyə malikdir. Bəlkə də ərəblər xurmanın nəcabətini kurutdan sonar dərk ediblər. Mən bu çöllərdə, bozkırlarda bir daha əmin oluram ki, türklər mədəniyyət və ənənə yaradan xalqdırlar.
Cadugərlərin gizləndiyi Çarın dərəsi
Qazaxların “Şarın şatkalı” -“Çarın dərəsi ” dedidiyi mistik məkana çatırıq. Çarın dərəsi 2004-cü ildən YUNESKO-nun maddi irs siyahısına daxil olunaraq, Milli Park elan edilib. Yuxarıdan aşağıya bu dərənin dərinliyi hardasa 200 metrdir. Dəmir konstruksiyalı pilləkənlərlə dərəyə endiyimizdə möcüzəli bir mənzərə ilə rastlaşırıq. Bura Çarın kanyonudur. Elə bil ki, yer yarılıb arasında çay əmələ gəlib. Çay daşları ilə dolu olan dərənin ortasında həm də torpaq yolu var. Bəzən torpaqla çay daşları bir-birinə qarışır. Əvvəlcə tünd qəhvəyi rəngli dağ silsiləsi divarları önündən keçib gedirsən. Hər künc, bucaq, döngə və ya qaya parçaları üzərində təbiətin özünün işlədiyi müxtəlif fiqurlar, insan heykəlləri, saray görüntüləri, şeytan başı fiqurları insanı addım-addım izləməkdədir. Dağ silsilələrinin başındakı saraylara, qalalara baxanda elə bilirsən ki, onları hansısa memar tikib. Bu kanyonun yaşının 12-25 milyon il olduğu deyilir. Belə kanyonun bir bənzəri də Amerikanın Arizona ştatındakı Grand Kanyondur. Buradakı mənzərələr bəzən adamı həyəcanlandırır, bəzən də heyran edir.
Dağ silsilələrinin aşağıdan yuxarı ölçüləri hündürlüyü 150-300 metr həddində dəyişir. Ümumilikdə isə bu kanyon 154 kilometrdir. Bəzən bir sirli qalanın uzunluğu 2 kilometrə qədər uzanır. Təbii ki, 154 kilometrlik ərazini biz gəzib bitirə bilməzdik. Biz Çarın kanyonunun sirli qalalarla dolu hissəsindən keçirik. Məhz bizim keçdiyimiz yolun üstündə kiçik bir koha var. Buraya Cadugər dərəsi deyirlər. Bu yerlərin mistikası haqqında gəzən söhbətlərə görə, Cadugər dərəsində keçmək çox təhlükəlidir. Bu dar keçiddən keçəndə qadın gülüşü eşidilir. O öz gülüşü ilə adamı çağırır və o adam bir də geri dönmür. Yanına çağırdığı adamı cadugər qadın dərənin başına gətirib, oradan da çaya atır. Yerli sakinlər deyirlər ki, buralarda çox vaxt turistlər itkin düşürlər. Biz də bu sirli məkandan keçib getdik. O cadugər qadının gülüşlərini eşitməsək də, yerli insanlar deyirlər ki, Çarın dərəsinin divarları və kahaları mistik ruhlarla doludur. O kahaların içərisinə gedib qayıdan insanlar isə danışırlar ki, heyvan sümüklərinə rast gəliblər, burada heç vaxt insan sümükləri görməyiblər.
Burada insanların itkin düşməyinin səbəbini isə İli çayının bir qolu olan Çarın çayının qəfildən daşması ilə əlaqələndirirlər. 2021-ci ildə də Çarın çayı qəfildən daşaraq, bu dərədə gəzən bir qrup turisti sularına qərq edərək, gedər-gəlməzə aparması haqqında informasiya vasitələrində xəbərlər gedib. Ona görə də insanlar burada dərənin içində heç vaxt gecələmirlər. Bizim qrupda olan turistlər də dərənin üstündəki düzəngahda istirahət otaqlarının az olmasına təəccüb etdilər. Sən demə, mövcudluğundan asılı olmayaraq, insanlar buralarda dolaşan Cadugər pəridən qorxurlar.
Çarının mistikasından danışdıq. İndi isə gözəlliklərindən danışaq. Elçinlə mənim gözümə daha çox saray evlər və qurd, canavar fiqurları görünürdü. Biz dərənin uzunluğu boyunca gedib bir təpəyə çıxdıq. Bir az da irəli gedəndə qarşımıza elə bir gözəllik çıxdı ki, sanki cənnətə düşmüşdük. Qarşımızda yaşıl örtüklə örtülmüş daş qayalıq, ətəyində isə büllur kimi çay axır. Bu, Çarın çayıdır. Tez-tez öz axarını dəyişən Çarın çayı. Öz mənbəyini İli və Jetisu çayından götürən Çarın, sonradan gedib Balxaş gölünə tökülür. Çarın çayının uzunluğu 427 km-dir, 72 axarı var. Balxaşdan isə yurdun başqa sularına qarışıb sirli Temirlik və Qarqara çayına qoşulur. Çay, su , bulaq, göl adlarımızın bənzərliyi də bizim bu yerlərə kökdən bağlı olduğumuzun misalıdır. Çayın suyunun zümrüd rəngi, su o qədər cazibəlidir ki, istər-istəməz adama gəl-gəl deyir. Hamımız ayaqqabılarımızı çıxarıb, bu çayın içərisindəki daşların üzərində oturub , yol yorğunluğumuzu çıxarırıq. Ətrafımız isə adı Qırmızı kitaba düşən “Kül ağac”ları ilə doludur. Sarıtoqay adlanan bu dərə ətrafında 50 kvadratkilometirlik ərazidə Kül ağacları yayılıb. Elə kül ağacları var ki, diametri 2-3 metir, yaşı 700 ildir. Belə ağcları el içərisində “ağsaqqal” adlandırırlar. Bu yerlərin flora və faunası çox müxtəlifdir. Çarın dərəliklərində və dağlarında, çay qırağı sahilləri 1500 adda bitki növü ilə zəngindir. Onlardan 17-sinin adı Qıprmızı Kitaba düşüb. Buranın bitki aləmi kimi, heyvan aləmi də çox zəngindir. Sularında 62 növ balıq, 103 adda quş, 25 adda dörayaqlı vəhşi heyvanlarla doludur.
Çarınn çayının həzzindən doymaq olmur. Forumun təşkilatçılarının qonaqlar üçün hazırladıqları qırğız mətbəxindən də təamlar dadırıq, lakin hər kəs çırmanıb Çarın çayının ləzzətini yaşamaq istəyir. Türk yurdlarının suyu şirin, məlhəmdir axı. Suya arzularımı deyirəm, Vətənim üçün, dövlətim üçün, Türk Dövlətləri Təşkilatının tez təşəkkül tapması üçün bu dağlardan, bu sulardan, bu ağaclardan arzu diləyirəm. Çünki onların hamısı yerdə Tanrının poçtalyonu, xəbər aparanıdırlar. Biz çoxuq, Tanrı təkdir. Arzularınızı təbiətə oxuyun. O yaddaşına yazacaq. Tanrının vaxtının uyğun zamanında sizin dərdlərinizi, alıqışlarınızı ona çatdıracaqlar.
Çarın çayının suyunda durulaşıb, Günəşin 40 dərəcədən artıq isti sərgilədiyi məkandan ayrılırıq. Xeyli yolu ayaqla geri qayıdırıq. Hər iki tərəfimizdə milyon illər suyun, küləyin ovduğu divar silsilələrinin içərisindəki oyuqlarda həqiqətən də bir mistikanın olduğuna inanmaya bilmirsən. Günəşin istisindən qorunmaq üçün 300 metrdən bir qurulmuş kohayabənzər dayanacaqda gözləyirik ki, turistləri gəzdirən avtomobilə minib, yixarı çıxaq. Jurnalist həmkarlarımızla səs-səsə verib qazax, qırğız, azərbaycan mahnıları oxuyuruq.
Kolsay- Gölçay
Turizm marşrutumuz o qədər sıxdır ki, hələ gedib Kolsay deyilən gölə tamaşa etməliyik. Üç silsilədən ibarət bu gölləri Tyan-Şanın zümrüd qaşı da adlandırırlar. Gölsay Güney Alatau dağ silsiləsinin ortasında yerləşir. Öz mənbəyini də elə bu dağ silsiləsindən götürür. Yuxarı, Minjolki və Alt gölə ayrılır. Hər gölün arasında 50-80 km məsafə var. Əslində, Alatau dağ silsiləsinin qoynundan baxanda bu göl mənə bizim Göygölü və işğaldan azad etdiyimiz Ağoğlan gölünü xatırladır. Təbiət mənzərələrimiz də eynidir.
Mistik Çarın dərəsindən Kolsaya 180 km yoldur. Alatau dağ silsiləsinə tərəf döndüyümüz yolda, artıq Günəş gözə dəymirdi. Hər tərəf yamyaşıl otlaqlar, otlaqlarda “doydum” deyincə otlayan atlar var idi. Bir də ki, bu çəmənlərdən vuran yovşan ətri. Biz gəlib Kolsya çatınca yağış başladı, nə başladı. Kolsya kimi göl görməyən həmkarlarımız yağışda islanmadan qorxmadılar. Özbəkistanın Ekologiya Nazirliyini təmsil edən Lola Rahimova və Saidmurat kameralarını da götürüb gölə sarı getdilər. Türkiyədən gələn dostlarımız Əlipaşa Akbaş, Fransadan Əli Gedikoğlu, Güven Arıklı, Qığrğısıtandan Sayragül Polotova, Jaksılık İsakov, Kiprdən Orxan Həsənoğlu, Türkiyə Mədəniyyət Nazirliyinin Mədəniyyət məsələləri üzrə təmsilçisi Alparslan Akıncı, Ahmet Tüzün, Yusuf Cinal və Hediye Eroğlu, mən və Elçin isə elə yuxarıdan Kolsya gölünü seyr etdik. Arada bir taxtadan tikilmiş talvarın altına keçib, yağışdan gizləndik də. Milli Parkın içşiləri deyirlər ki, ayağınız yüngül oldu. 1 aya yaxındır ki, buralara yağış yağmıırdı.
Burada qazax oğlanları qollarının üstündə qartal gəzdirir, qartalla şəkil çəkdirmək istəyənlər müəyyən ödəniş etməlidirlər. Göy səmada süzmək üçün yaranan qartalları gözü bağlı görmək adamın ürəyini ağradır. Qartal sahibi Kayratdan soruşuram ki, onun gözlərini nə vaxt açırsınız? Deyir ki, axşamlar. Deyirəm ki, eh... , yazıq qartalı göylərdən məhrum etmisiniz, gecələr qartalın nəyinə lazımdır ki?! İnsan belə məxluqdur, yaşamaq üçün təbiətə hər cür pislik etməyə hazırdır. Çarından fərqli olaraq, Kolsayı əhatə edən dağ silsiləsinin ətrafında, yamaclarında çoxlu qazax çadırları var. Qazax çadırları həm də, qazax qadınlarının başlarına geyindikləri xüsusi çalmaya bənzəyir. Bizim inancımızda və məişətimiz də ev də abir -ismətdir, qadın da.
Kolsayı seyr etmək müddəti başa çatır və biz yenə bu yaşıl örtüklü dağların arası ilə üzü Kapşaqaya sarı yol tuturuq. Dağın ətəyindəki Kolsay istirahət mərkəzinə keçirik. Naziya xanım burada da qonaqlar üçün gözəl bir çay-kofe süfrəsi hazırlatdırıb. Qazaxların çay stolu həmişə müxtəlif şirniyyatlar və meyvələrlə dolu olur. Xəmirdən hazırlanan şirniyyatların dadından doymaq olmur. Hələ bir “Rahat” konditer fabrikinin istehsalı olan şokaladlarla içdiyimiz çaydan sonra, yol yorğunluğumuz və yağışdan üşüməyimizi unuduruq.
Bu arada Moldovadan gələn gözəlimiz Lyudmila xanım məni qazax çadırına çağırıb şəkillərimi çəkir. Qazax çadırı, yəni jurtası bir başqa aləmdir. Adam bu odaya girəndə rənglərin təmasından, qarışığından, naxışların gözəlliuyindən məst olur. Yerdə nənələrimizdən qalan ənənə ilə tikilən döşəkçələr (qazaxlar belə döşəkçələrə “kurpaça” deyirlər), divarda asılan ox və nizələr, istər-istəməz keçmişimizn, mədəniyyətimizin nə qədər dərin və dəyərli olduğunun bu günə qədər yaşayan ehtişamı və nümunəsidir.
Qazaxıstanın Las Veqası kazinolar şəhəri Kunayev
Çayımızı içib, yenə yola düzəlirik. Kapşaqaya gedirik. 2022-ci ilə qədər Kapşaqay adlandırılan bu şəhər indi, Qazaxıstanda 1960-cı ildən etibarən 1986-cı ilə qədər Qazaxıstan Kommunist Partiyasının Birinci katibi olmuş Dinmuxamed Kunayevin adını daşıyır. Qazaxıstan Pespubliksının ikinci prezidenti Kasım Jomart Tokayev 16 martda şəhərin adının dəyişdirilməsi haqqında sərəncam imzalayıb. Dinmuxamed Kunayev ümumilikdə Qazaxıstanda 43 şəhərin təməlini qoyub. Onlardan 7-si Almatı vilayətindədir: Esik, Kaskelen, Sarkan, Talqar, Üşaral, Üştobe və Kapşaqay. Qazaxıstan Prezidnetinin sərəncamı ilə həm də Almatı Vilayət mərkəzi də Kunayev şəhərinə köçürülüb.
Kolsaydan Kunayevə qədər yolun uzunluğu isə 280 km-dir. Gecə saat 1-də şəhərə çatırıq. Şəhərə aparan yolların sağı və solu o qədər işıqlıdır ki, işıq adamın gözlərini ovur. İşıqlar isə bir-birinə bənzəməyən kazino oyunları mərkəzlərindən gəlir: Bombey Kazino, Tornado Kazino, Royal Plaza Kazino, Bellagio Kazino.
Yollardan şəhər içərisinə keçəndə isə, mənzərə tam dəyişir. Yaddan çıxmış, unudulmuş bir köhnə şəhər məznzərəsi ilə qarşılaşırsan. Bizim avtomobilin sürücüsü deyir ki, şəhər yenidən qurulur, təzə yollar, təzə kanalizasiya sistemi çəkilir.
O ki, qaldı kazinoların bu şəhərdə yerləşməsinə... Bunun da səbəbləri var. 2007-ci ildən etibarən respublikanın və eləcə də dünyanın varlı adamları kazino oynamağa Almatıya yığşırdılar. Kazino çox gəlir gətirən bir sahə olduğundan, Qazaxıstanda bu qadağan olunmayıb. Sadəcə yeni qanuna görə ölkənin iki şəhərində Kunayev və Baravoyda bu oyun növü leqallaşdırılıb. Şəhərin hər yerində yenidənqurma işlərinin aparılmasından belə nəticəyə gəlmək olar ki, Kunayev şəhəri də, Qazaxıstranın Las-Veqası olmağa iddialıdır. Hazırda şəhərdə 15 kazino və azart oyun mərkəzi fəaliyyətdədir. Beləliklə bu şəhər respublika büdcəsinin donoru sayılır, desək yanılmarıq. Lakin kazino şəhərinin içərilərinə gedəndə bizdə dəbdə olan “milyonçunun dilənçi oğlu” deyimi yada düşür.
Çarın dərəsi, kazinolar şəhərini, Kül ağaclarını görəndə, istər-istəməz belə düşünürsən ki, Amerikada məcara axtaranlar elə uzaq yolu yaxın edib, Almatıya, oradan Kunayevə və Çarına gəlsələr, böyük bir məcaralar dünyasına düşəcəklər. Buranın Arizonaya bənzəyən knayonu, Kül ağacı və kazinosu var axı...
Kunayev-Kapşaqay şəhəri, əslində, həmişə Almatı vilayətinin insanlarının istirahət mərkəzi olub. Buranı cəlbedici edən isə Dinmuxamed Kunayevin təşəbbüsü ilə tikilən Kapşaqay su elektrik stansiyası və su anbarıdır. Almatının 77 kilometirliyində yerləşən Kapşaqay su anbarını həm də “Kapşaqay dənizi” adlandırırlar.
Qazaxıstanda ümumilikdə 85 min çay vardır. İli çayı bu yerlərin həyat mənbəyidir. Uzunluğu 1500 kilometr olan çayı öz mənbəyini Çindən götürür. Min illər boyu Böyük İpək yolu karvanları bu çayın üzərindən keçib gediblər.
Media və Turizm Forumu
22 iyul səhər tezdən Kunayev şəhərindəki Almatı Vilayət Hakimiyyətinin binasına gəlirik.
Forumun rəsmi hissəsi öz işinə başlayır. Almatı Vilayətinin hakimi Marat Sultanqaziyev qonaqları salamlayaraq, Kunayev şəhərinin perspektivlərindən, bu gün turizm əlaqələrinin dost və qardaş ölkələr arasında möhkəmlənməsində medianın rolunun əhəmiyyətindən danışdı.
“Türkdilli ölkərin jurnalistləri fondu”nun təşəbbüsünə dəsətk verən Qazaxıstanın İnformasiya və Sosial İnkişaf naziri Darxan Kıdıralının çıxışı da forum iştirakçıları arasında böyük marağa səbəb oldu. O öz çıxışını belə başladı:
“Biz bu gün öz tarixi adını almış yeni Kunayev şəhərində I Beynəlxalq Media və Turizm Forumuna toplaşmışıq. Bu yerlər müqəddəs Jetisu torpaqlarıdır. Bu çox gözəl bir təşəbbüsdür ki, Avropanın və Asiyanın jurnalistləri və bu sahəni təmsil edən ekspertlər Almatı vilayətində bir araya gəliblər, öz fikirlərini, düşüncələrini bölüşürlər.
Belə bir görüş bizim həm də təbiətə bir daha dönüb baxmağımızı, onun dəyərləndirməyimizi ehtiva edir. Bizim yerlərin tarixinə nəzər salanda görürük ki, tariximiz qızıl üzük kimi halqalanmış Jetisudan və İli çayından başlayır. Bu Müqəddəs yurdların adları hələ Mahmud Kaşqarinin “Divani Lüğət-it-Türk” kitabında keçir. Eyni zamanda Xan Tanrı dağı, tarixdə ən qədim yaşı olan Altın adam- Qızıl adam heykəlinin burada tapılması, sirli Şarın dərəsi, Tamğalı daş... Bir baxın, görün, yurdumuzun nə qədər gəzməli, görməli yerləri var. Bütün bu gözəllikləri, tarixi olduğu kimi dünyaya çatdırmq üçün isə informasiya dəstəyi lazımdır. Mən inanıram ki, gəzib-gördüyünüz yerlər barədə təmsil etdiyiniz media orqanlarında ətraflı məlumatlar verə biləcəksiniz”.
Daha sonra forum çərçivəsində dövlət rəsmilərinə suallar ünvanlandı. Növbə mənə çatanda, Azərbaycanın “Dostluq” Ordenini daşıyan nazir Darhan Kıdıralıya həmin gün 22 iyul Azərbaycanda Həsən bəy Zərdabinin yaratdığı “Əkinçi” qəzetinin adına bağlı Mətbuat günü olduğunu xatırlatdım. Belə gözəl bir təşəbbüslə çağırılan forumun əhəmiyyətini qeyd etdim.
Qazaxıstanın İnformasiya və Sosial İnkişaf naziri Darxan Kıdıralı fikrimə qüvvət olaraq dedi:
"Azərbaycan media mənsublarını bu gözəl gün münasibəti ilə təbrik edirəm. Sabah isə Türkiyədə Mətbuat günü qeyd edilir. Mən belə hesab edirəm ki, Türksoy və digər türk təşkilatları türk dünyasının mətbuat gününü yaratmalıdırlar. Və təbii ki, bu gün elə Həsən bəy Zərdabinin adına bağlı olsa, hamımıza onadan pay düşər”. Darhan Kıdıralı daha sonra Hacı Zeynalabdin Tağıyevimn "Qazaxıstan" qəzetinə, 1911-ci ilin 10 martından 1913-cü ilin 15 noyabrınadək nəşr edilən, ilk milli nəşrlərdən biri olan "Qazaxıstan" qəzetinə o vaxtın 1000 qızıl axçası ilə bilavasitə maliyyə dəstəyi göstər məsi barədə məlumat verdi.
Türkdilli Jurnalistlkər Fondunun prezidneti Naziya Joyamergen qızı da öz ölkəsində daxili turizmin inkişafında çox maraqlı olduğunu bildirdi. Bununla yanaşı ölkəsinin insanlarının qonaqpərvərliyinin, gözəl təbiətinin, tarixi yerlərinin tanıdılması üçün dost ölkələrin təcrübəsindən yararlanmaqda böyük fayda olduğunu söylədi.
Nazir Darhan Kıdıralı dünyanın 17 ölkəsindən gələn 21 nəfər jurnalist və qəzet rəhbərlərini bir də ayrıca qəbul edib, hər birimizlə söhbətləşib , tanış oldu. “BakoPost” saytının rəhbəri Elçin Zahiroğlu dedi ki, saytda ayrıca Qazaxıstan bölümü yaradaraq, həm turizm imkanlarınız, həm də maraqlı məlumatları oxucular ilə bölüşəcək.
Forumun ikinci hissəsində isə panel müzakirələri oldu. Panel müzakirələrində Avropa və Asiya qovşağını təmsil edən tanınmış jurnalistlər və ekspertlər çıxış etdilər. Azərbaycan tərəfi olaraq mənə verilən çıxış fürsətindən istifadə edərək, Azərbaycan və Qazaxıstan arasındakı turizm potensialından, eləcə də Qazaxıstanın Füzuli rayonunda tikdiyi məktəbdən, Azərbaycanın işğaldan azad olunmuş yurdlarından məqalələr hazırlayan qazax jurnalistlərindən, və bir də ki... indi tikib qurduğumuz, düşmənin minalar basdırdığı cənnət yurdlarımızdan, o minaların qurbanı olan jurnalist həmkarlarımızdan danışdım. Və çıxışımın sonunda dedim ki, əziz dostlarım, sizin hamınızı inşallah Turana gedən yolda, Zəngəzur dəhlizində gözləyirəm. Birgə olaq!
Alqış ürəkdən olanda, mahnıya, musiqiyə bənzəyir, istər Avropa və Asiyadan gələn dostlarımız, istərsə də yerli jurnalistlər hər dəfə “Azərbaycan, Şuşa, Qarabağ” deyəndə məni alqışladılar.
Çox sevinirdim! Bu alqışlar 2020-ci ildə Zəfərimizə çalınan alqışların ardı idi!
Məruzəmdən sonra jurnalistlər mənə yaxınlaşıb, minaları nə zaman təmizləyib qurtaracağımızı soruşdular...
Nə yaxşı yollar var... Yollar bizi dost görüşünə aparanda uzun olmur, qısa olur. Yol bir də o zaman gözəl olur ki, yol yoldaşın da ruhunun daşıyıcısı olsun!
Bu 4 günlük səfərimizdə isə 16650 km yolu qət etdik.

Müəllif: Aida Eyvazlı

Oxşar xəbərlər