“2026-cı ildən etibarən xərçəngə qarşı dərmanı xəstələrə təqdim edə bilərik”.
Teleqraf.com xəbər verir ki, bunu türkiyəli professor Uğur Şahin deyib.
O, istehsal olunan dərmanların 2026-cı ildə bazara çıxarılacağını açıqlayıb: “Ağciyər, mədəaltı vəzi və yoğun bağırsaq xərçənginə qarşı hazırladığımız dərmanların sınaq prosesləri davam edir. Ümidverici nəticələr var. Önümüzdəki iki il ərzində yeni sınaq proseslərinə başlayacağıq. Növbəti mərhələdə lazımi orqanlardan razılıq alındıqdan sonra 2026-cı ildən etibarən dərmanları xəstələrə təqdim edə biləcəyik”.
Uğur Şahin bədənin xərçəngə qarşı öz müdafiə reaksiyasını dərmanlarla gücləndirməyi hədəflədiklərini də ifadə edib. O, COVID-19 pandemiyasından sonra işlərinin 80 faizini xərçənglə mübarizəyə həsr etdiklərini qeyd edib.
Məlumat üçün bildirək ki, Uğur Şahin həyat yoldaşı professor Özləm Türeci ilə birgə xərçəngin müxtəlif növləri, xüsusilə bağırsaq xərçəngini hədəf alan müalicələr üzərində işlər aparırlar.
Uğur Şahin əvvəlki açıqlamalarında xərçəng dərmanlarının 2030-cu ildən əvvəl hazır olacağını bildirmişdi.