Sosial şəbəkələrdə Fəvvarələr meydanında aparılan qanunsuz tikinti işi bir gün ərzində ölkənin əsas gündəm mövzusu oldu. Heç şübhəsiz bu cür mövzuların qısa müddət ərzində cəmiyyətin böyük narazılığına səbəb olması ölkədə bəzi məmurların maddi maraqlar üçün ortaya qoyduğu mövqedir. Yəni, nə olur-olsun, necə olur-olsun, qazanc olsun…
Teleqraf.com Axar.az -a istinadla xəbər verir ki, bu dəfə də bir qrup məmur maddi maraqları üçün daha bir qanunsuz tikintiyə göz yummağa çalışdı. Amma sosial şəbəkə istifadəçilərinin reaksiyası və aidiyyəti qurumların, əsas da Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin müdaxiləsi ilə özbaşınalığın qarşısı alındı.
Bakının mərkəzi küçəsində belə tikintiyə icazə verilməsi çoxsaylı sosial şəbəkə istifadəçisi tərəfindən qınanıldı.
Tikintinin dayandırılmasından sonra cavabını hər kəsin bildiyi bir sual yenə ortaya çıxır: Bunu məmurlar görmürdü?
Sosial şəbəkələrdəki müzakirələrə diqqət edəndə vətəndaşların şərhlərinə haqq verməmək olmur. Sual edilir ki, kimsə evini təmir edəndə, oboy vuranda belə gələn icra hakimiyyəti işçiləri harada idi? Haqlı sual deyilmi? Ölkə mətbuatında qısa bir araşdırma aparsaq, görərik ki, mütəmadi olaraq ayrı-ayrı icra hakimiyyətləri öz rayonlarında qanunsuz tikililərin sökülməsinə, torpaq sahələrinin qanunsuz olaraq zəbt edilməsinə qarşı mübarizə aparmaları barədə yazılar dərc etdirirlər. Elə bu sırada Səbail Rayon İcra Hakimiyyətini də görmək olur. Amma icra hakimiyyəti şəhərin göbəyindəki bu tikintini “görməyib”.
Məlumdur ki, bu özbaşınalığa ilk reaksiyanı Dövlət Şəhərsalma və Arxitektura Komitəsi verdi. Komitə yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi bildirdi ki, Səbail rayonunun Nigar Rəfibəyli küçəsində (Fəvvarələr meydanı) şəhərsalma nəzarəti qaydasında monitorinq zamanı heç bir razılıq olmadan tikinti işlərinin aparıldığını müəyyən edərək onu dərhal dayandırdı.
Bundan sonra Komitə şəhərsalma nəzarəti qaydasında aidiyyəti üzrə Bakı Şəhər İcra Hakimiyyətinə və Səbail Rayon İcra Hakimiyyətinə məlumat verərək qanunvericiliklə müəyyən edilmiş tədbirlərin görülməsi barədə müraciət etdi.
Onu da qeyd etmək vacibdir ki, qanunsuz obyektin tikildiyi Fəvvarələr meydanı yuxarıda adı çəkilən icra hakimiyyətlərinin yaxınlığında yerləşirdi. Yəni, gözlərinin qarşısında…
Tikinti işləri tam dayandırılaraq Komitənin Baş İdarəsinin nəzarətinə götürülüdü. Amma bu hadisə günü-gündən sıxlaşan Bakının ümumi probleminin görünən kiçik bir hissəsidir.
Bir tərəfdən Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Bakının Baş planına uyğun fəaliyyət üzrə çalışır, amma digər tərəfdən yerli icra hakimiyyətləri pul qazanmaq üçün yarışa keçiblər. Diqqət edirsinizsə, son bir ildə Bakı küçə ticarətinin müxtəlif formaları ilə necə eybəcər hala düşüb. Metrostansiyaların çıxışları, yaşıllıq ərazilərin ətrafı, səkilərin üstü piştaxtalardan, “butka”lardan keçilməz hala gəlib. Bir binada balkonun fəsadını dəyişəndə qapını döyən icra hakimiyyətləri Bakının mərkəzi küçələrini görməzdən gəlir.
Bakının Baş planı ilə bağlı görülən işlərlə yanaşı digər tərəfdən göz yumulan özbaşınalıqlar qarşıdakı illərdə ciddi problemlərə səbəb ola bilər. Çünki bu cür qanunsuz və nizamsız tikililərin Bakının yeni baş planında yer alması mümkün deyil. Həmin tikililərin sökülməsi isə xeyli sayda vətəndaşı məmurlarla və ən əsası dövlətlə üz-üzə qoyacaq.
Bütün bunları nəzərə aldıqda görürük ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin qarşısında böyük və məsuliyyətli bir iş var. Həm Bakının yeni baş plana uyğun vəziyyətə gətirilməsi, həm də bütün bunlara baxmayaraq, maddi maraqlar naminə paytaxtın boş qalan nöqtələrində bina və obyektlər sığışdırmağa çalışan məmur-iş adamı qruplaşmaları ilə mübarizə…