26 İyul 2023 19:43
12 Punto 14 Punto 16 Punto 18 Punto

Texnologiya sənayesində çalışanlar arasında kişilər üstünlük təşkil etsələr də, illər ötdükcə bu sahədə qadınların rolu daha da artır.

Araşdırmalar göstərir ki, bu siyahıda yer alanlar arasında şirkət qurucularını, süni zəka və virtual reallıq sahəsindəki yenilikçiləri, qabaqcıl texnologiya yazıçılarını, “YouTube” və “Project Include” kimi şirkətlərin rəhbərliyində təmsil olunan şəxsləri misal göstərmək olar. Bu xanımlar dünyanın ən böyük və müasir texnoloji şirkətlərini, böyük ümidverici rəqəmsal layihələri idarə edirlər.

Onların bir neçəsini sizlərə təqdim edirik.

Reşma Saujani “Girls Who Code”un qurucusu və icraçı direktorudur. Bu, kompüter elmləri sahəsindəki qadınların sayını artırmağı hədəfləyən qeyri-kommersiya təşkilatıdır.

Susan Uojciki “Yutub”un baş direktorudur. Uzun illər “Quql”da çalışan bu xanım 2014-cü ildə “Yutub”un alınmasını təklif edərək onun icraçı direktoru olub.

Ellen Pao “Project Include”un həmtəsisçisi və direktorudur. Bu, texnoloji sənayedə müxtəlifliyin yaxşılaşdırılmasına yönəlmiş qeyri-kommersiya təşkilatıdır. Ellen Poa bundan öncə də “Reddit”də baş direktor vəzifəsində çalışıb.

Danah Boyd “Data & Society”nin qurucusu və prezidentidir. Tanınmış alim olan Boydun yaratdığı bu tədqiqat institutu inkişaf etməkdə olan texnologiyaların etik və hüquqi təsirlərini təhlil və həll edir. O, “Microsoft”da tədqiqatçı kimi də fəaliyyət göstərir. Onun maşın öyrənmə və media manipulyasiyasında hesabatlılıq kimi mövzulara dair çoxlu məqalələri, araşdırmaları var.

Kimberli Bryant “Qara Qızlar” kodunun qurucusu və icraçı direktorudur. O, 2040-cı ilədək bir milyon qara dərili qadına kod yazmağı öyrətmək missiyasını qarşısına qoyub. Kollecdə elektrik mühəndisliyi ixtisası üzrə təhsil alarkən Bryant Ağ Ev tərəfindən çempion seçilib və “Sosial Tərəqqidə Zəka” mükafatına layiq görülüb.

Keyt Krouford “AI Now” institutunun həmtəsisçisidir. Bu avstraliyalı qadın süni zəkanın sosial təsirləri barədə çoxlu sayda maraqlı məqalələrin müəllifidir. O, “AI Now” institutunda və “Microsoft”da baş tədqiqatçı kimi fəaliyyət göstərir.

Keti Mussoris “Luta Security” şirkətinin qurucusu və baş direktorudur. Keti uşaqlıqda yaşıdları oyuncaqlarla oynayarkən vaxtının çox hissəsini anasının ona hədiyyə etdiyi “Commodore 64”də proqram qurmağı öyrənməyə sərf etmiş və nəticədə kiber təhlükəsizliyin öncülü olmuşdur. İndi müəssisələrə və dövlət qurumlarına özlərini rəqəmsal təhdidlərdən qorumağı öyrədir. Gördüyü işlər arasında “Microsoft” üçün olan layihələr də var. Əsas hədəfi interneti hər kəs üçün daha etibarlı hala gətirməyə kömək etməkdir.

Bu gün Azərbaycan qadınlarının rəqəmsal dünyaya çıxışı üçün yaxşı imkanlar mövcuddur. Ölkədə və xaricdə İKT sahəsində çalışan Azərbaycan qadınlarının sayı kifayət qədərdir. Biz onların təcrübələrini öyrənməli və ölkə daxilində xanımlar arasında təbliğ etməliyik.

Yazı “Regional Qadın Hüquqları Mərkəzi” İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Qadınların informasiya texnologiyaları sahəsində biliklərinin artırılması məqsədilə tədbirlərin təşkili” layihəsi çərçivəsində hazırlanıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər