"Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi ölkələrin Fövqəladə halların idarə edilməsi üzrə Nazirlərinin İkinci İclasının bu gün keçirilən iclası hər hansı bir üzv dövlətlərin ərazisində təbii fəlakət baş verərsə, həmin ölkələrin xilasediciləri müəyyən vaxt gözləmədən orada iştirak etməsi və yaradılacaq mərkəzlərlə bağlı idi".
Teleqraf.com-un məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov bildirib.
Onun sözlərinə görə, təşkilatın növbəti iclası bir müddət sonra Qazaxıstanda olacaq: "Orada zirvə toplantısı olacaq və sənədlər imzalanacaq. Bir neçə yerdə mərkəzlər açılacaq. Bu, üzv dövlətlərin ərazilərində yerləşəcək".
Nazir qeyd edib ki, son illər iqlim dəyişikliyi nəticəsində daşqınların, sellərin sayı çoxalıb: “Bu gün Azərbaycanda da iqlim dəyişikliyi özünü büruzə verir. Zəlzələ hər zaman olur və baş verdiyi vaxt bilinmir. Sadəcə fəsadlarının az olması üçün işlər aparılır. 2000-ci ildə Azərbaycanda baş verən zəlzələdən sonra binaların dayanıqlıqları yoxlanıb və proses hər zaman davam edir".