Siyasi partiyaların qeydiyyata alınması məsələsi ilə bağlı bir qədər anlaşılmazlıq var. Söhbət partiyaların hüquqi baxımından ilk qeydiyyatından getmir. Faktiki yenidən qeydiyyat aparılır. Təqdim olunan siyahıda 5000 nəfərdən az olmayaraq partiya üzvü təsdiqlənməlidir.
Bu sözləri Teleqraf.com-a açıqlamasında qeydiyyata alınan Azərbaycan Xalq Partiyasının (AXP) sədri Pənah Hüseyn deyib.
Onun sözlərinə görə, yenidən qeydiyyat siyasi təşkilat ləğv olunandan sonra ola bilər: “Bu da məhkəmə vasitəsi ilə mümkündür. Əgər ikinci dəfə də təqdim olunan siyahıda çatışmazlıqlar aradan qaldırılmazsa, say 5000-dən aşağı düşərsə, o zaman Ədliyyə Nazirliyinin təqdimatı əsasında məhkəmə qeydiyyatı ləğv edə bilər”.
O, rəhbərlik etdiyi partiyada 5000 üzvün olmasına şübhə ilə yanaşan siyasətçilərə ismarış göndərib:
“Mənə bildirdilər ki, Azərbaycan Xalq Partiyasının qeydiyyata alındığına dair xəbər KİV-də yayıldıqdan sonra hörmətli Yadigar Sadıqlı adlı sosial şəbəkə istifadəçisi Pənah Hüseynin partiyasında 5000 üzv varmış deyə şübhəsini bildirib və hörmətli Tofiq Yaqublu da buna bəyənmə işarəsi ilə qoşulub. Eləcə də məlum Rəhim Qazıyev də oxşar rəy yazıb. Mənim üçün də maraqlıdır. Hər üçünü və marağı olan digərləri də varsa Şəfaət Mehdiyev, 177 ünvanına - AXP ofisinə dəvət edirəm, gəlin yoxlayaq. Hər cür şərait də yaradılacaq”.