8 Sentyabr 2023 16:08
371
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi ölkələrin Fövqəladə halların idarə edilməsi üzrə Nazirlərinin İkinci İclasında iştirak etmək üçün ölkəmizə səfərə gəlmiş Qazaxıstan Respublikasının fövqəladə hallar naziri general-mayor Sırım Şaripxanov ilə görüşüb.

Teleqraf.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Fövqəladə Hallar Nazirliyində keçirilən görüşdə qonağı səmimiyyətlə salamlayan nazir K.Heydərov Qazaxıstan fövqəladə hallar nazirinin ölkəmizə səfərinin iki nazirlik arasında mövcud əlaqələrin daha da genişlənməsinə yeni təkan verəcəyinə əminliyini bildirib.

2010-cu ildə imzalanmış “Azərbaycan Respublikası Hökuməti və Qazaxıstan Respublikası Hökuməti arasında mülki müdafiə, fövqəladə halların qarşısının alınması və aradan qaldırılması sahəsində əməkdaşlıq haqqında Saziş” çərçivəsində görülən işlərə toxunan nazir, Azərbaycan FHN-in xilasetmə komandasının cari ilin sentyabr ayında Qazaxıstanda keçiriləcək “Kazspas” beynəxalq seminar-toplanışında iştirakının planlaşdırıldığını xatırladıb, bu kimi tədbirlərin iki qurum arasında irimiqyaslı fövqəladə hadisələr zamanı operativ və koordinasiyalı fəaliyyətin təşkili işinə öz müsbət töhvəsini verdiyini qeyd edib.

Səmimi görüşə görə təşəkkürünü bildirən Qazaxıstan Respublikasının fövqəladə hallar naziri Sırım Şaripxanov Bakıda yüksək səviyyədə keçirilmiş Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi ölkələrin Fövqəladə halların idarə edilməsi üzrə Nazirlərinin İkinci İclası və təşkilata üzv ölkələrin müvafiq qüvvələrinin iştirak etdiyi “Bakı 2023” Beynəlxalq təliminin ölkələrimizin uyğun qurumları arasında əlaqələrin daha da genişlənməsinə xidmət etdiyini vurğulayıb. Qarşılıqlı səfərlərin, seminar və təlimlərin qurumlar arasında təcrübə mübadiləsinin aparılması, qabaqcıl texnologiya və metodların öyrənilərək tətbiqi işinə əhəmiyyətli töhvə verdiyi qeyd olunub.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər geniş müzakirə edilib.

Görüşdən sonra qonaq FHN Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin Əməliyyat zalı və İctimaiyyətlə əlaqə idarəsinin Multimedia mərkəzinin fəaliyyəti ilə yerində tanış olub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər