Fövqəladə Hallar Nazirliyinin Muğan Regional Mərkəzi tərəfindən Mərkəzin əhatə etdiyi ərazi üzrə şəhər və rayon ümumtəhsil orta məktəblərinin və onlara bərabər tutulan təhsil müəssisələrinin mülki müdafiə fənnini tədris edən 2-ci, 5-ci və 6-cı sinif rəhbərləri üçün kurslar keçirilib.
Bu barədə Teleqraf.com-a FHN-dən məlumat verilib.
Bildirilib ki, kurslara 1400-ə yaxın müəllim cəlb olunub.
Kurslarda FHN-in Muğan Regional Mərkəzinin və digər yerli qurumlarının, Təcili Təxirəsalınmaz Tibbi Yardım briqadalarının, regionda fəaliyyət göstərən rayonların təhsil sektorlarının əməkdaşları iştirak edib.
Tədbirlərin keçirilməsində məqsəd məktəblərdə mülki müdafiəni tədris edən sinif rəhbərlərinin bu sahə üzrə bilik və bacarıqlarının artırılması olub.
Kurslarda iştirak edən dinləyicilərə fərdi mühafizə vasitələrindən istifadə, təbii və texnogen xarakterli fövqəladə hadisələr zamanı düzgün davranış, təxliyə planlarının hazırlanması qaydaları, mülki müdafiə, yanğın və texniki təhlükəsizlik tədbirləri haqqında ətraflı məlumatlar verilib, mövzularla bağlı hazırlanmış fotoslayd və videoçarxlar nümayiş olunub.
Kurslarda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.