27 sentyabr “Anım Günü” ərəfəsində Abşeron rayonu ərazisində bir sıra tədbirlər keçirilib.
Teleqraf.com xəbər verir ki, Abşeron Rayon ümumtəhsil məktəblərində dərslər “Anım Günü”nə həsr olunub. Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev Xırdalan şəhərində Vətən Müharibəsi Qəhrəmanı Veysəl Usubovun adını daşıdığı 5 saylı tam orta məktəbdə şagirdlərlə görüşərək “Anım Günü” ilə bağlı söhbət edib, qəhrəman şəhidimiz V. Usubovun büstünün önünə gül dəstələri qoyulub. Tədbirdə Veysəl Usubovun ailə üzvləri və qazilər iştirak ediblər.
Sonra Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, rayonun idarə və müəssisə rəhbərləri, şəhid ailələri, qazilər və rayon ictimaiyyəti Vətən Müharibəsi şəhidlərinin xatirəsinə ucaldılan abidənin qarşısına gül dəstələri qoyaraq ümummilli lider Heydər Əliyevin və şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
“Anım Günü” nə həsr olunmuş tədbir Xırdalan şəhəri Heydər Əliyev adına Parkda davam etdirilib. Tədbirdə RİH başçısı Abdin Fərzəliyev çıxış edərək bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi və qətiyyəti ilə xalqımız 44 günlük Vətən müharibəsində şanlı qələbə qazanaraq 30 illik vətən həsrətinə son qoyub. Torpaqlarımızın azad edilməsi ilə bərabər şəhidlərimizin də qisasının alındığını vurğulayan A.Fərzəliyev qeyd edib ki, Qarabağda olan xunta rejimi cəmi 24 saat ərzində keçirilən antiterror tədbirləri nəticəsində tərksilah edilib.
RİH başçısı İşğaldan azad olunmuş torpaqlarda geniş vüsət almış bərpa və yenidənqurma işlərinin sürətlə aparıldığını, soydaşlarımızın öz yurdlarına döndüyünü və Qarabağda həyatın yenidən canlandığını vurğulayıb.
Vətən müharibəsi şəhidi Elçin Həsənlinin anası, Abşeron RİH yanında İçtimai Şuranın sədri Xatirə İsmayılova, Vətən müharibəsi iştirakçısı Vasif Allahverdiyev və başqaları çıxış edərək ordumuzun döyüş meydanında düşmənə necə diz çökdürdüyündən və igid vətən övladlarının hər an istənilən təxribatın qarşını almağa qadir olduğundan söz açıblar.
Sonra şəhid övladları hazırladıqları “Mənim atam qəhrəmandır” kompozisiyasını təqdim edərək vətənimizin bütövlüyü uğrunda canlarından keçmiş ataları haqqında danışıblar.
“Anım Günü” ərəfəsində Rayon İcra hakimiyyətinin başçısı Abdin Fərzəliyev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Abşeron Rayon Şöbəsinin rəisi, hüquq-mühafizə idarələrinin rəhbərləri və din xadimləri tərəfindən Abşeron rayonunda yaşayan şəhid ailələri ziyarət olunub. Görüş zamanı onların problemləri, arzu və istəkləri dinlənilib. Müvafiq tədbirlərin görülməsi ilə bağlı tapşırıqlar verilib.