Baş Prokurorluğun rəhbərliyi prokurorluq orqanlarının yaradılmasının 105-ci ildönümü münasibətilə oktyabrın 1-də Fəxri xiyabana gələrək, Ulu Öndər Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə gül dəstələri qoyub.
Baş Prokurorluğun mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, həmçinin, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyeva, tanınmış dövlət xadimi Əziz Əliyev və professor Tamerlan Əliyevin də xatirələri yad edilib, məzarları üzərinə gül dəstələri düzülüb.
Sonra Şəhidlər xiyabanı və İkinci Şəhidlər Xiyabanına gələn prokurorluğun kollektivi Azərbaycanın müstəqilliyi və azadlığı uğrunda şəhid olmuş qəhrəman Vətən övladlarının xatirəsinə dərin ehtiramlarını bildirib, “Əbədi məşəl” abidəsini ziyarət ediblər.
Daha sonra Baş Prokurorluğun inzibati binasında 1 oktyabr - Azərbaycan Respublikası Prokurorluğunun yaradılmasının 105-ci ildönümü münasibətilə tədbir keçirilib. Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəman vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən və Azərbaycan Respublikasının dövlət himni səsləndirildikdən sonra Baş prokuror Kamran Əliyev prokurorluq orqanlarında çalışan bütün əməkdaşları, veteranları, onların ailə üzvlərini peşə bayramı münasibətilə təbrik edib.
Baş prokuror bildirib ki, əlamətdar hadisədir ki, Prokurorluq orqanlarının yaradılmasının 105-ci ildönümü tədbirinin Azərbaycan dövlətinin qurucusu Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyini qeyd etdiyimiz dövrə təsadüf edir.
Qeyd edilib ki, dahi şəxsiyyət Heydər Əliyevin hər il oktyabr ayının 1-nin Azərbaycan Respublikası prokurorluq işçilərinin peşə bayramı günü kimi qeyd edilməsinə dair imzaladığı 17 iyul 1998-ci il tarixli Sərəncamı bu əlamətdar tarixi əbədiləşdirməklə, reallığı bərpa etmiş və prokurorluğun demokratik və hüquqi cəmiyyətdə statusu məsələsinə dövlət səviyyəsində münasibət bildirib. Azərbaycan Respublikası Prokurorluğu orqanlarının bu gün dünya standartlarına uyğun fəaliyyəti qanunçuluq, hər kəsin qanun qarşısında hüquq bərabərliyi, insan və vətəndaş hüquqlarının təmin olunması prinsiplərinə əsaslanan, demokratik cəmiyyətdə özünəməxsus yer tutan orqan kimi formalaşması və prokurorluq orqanlarının konstitusion statusa malik olmaqla dövlət idarəetməsində mühüm əhəmiyyət daşıması yalnız Ulu Öndər Heydər Əliyevin rəhbərliyi altında başlanan və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilən hüquq islahatları və hərtərəfli dövlət dəstəyi nəticəsində mümkün olub.
Vurğulanıb ki, 30 il işğal altında olan torpaqlarımız üç il bundan öncə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin müdrik rəhbərliyi, rəşadətli ordumuzun igidliyi ilə düşmən işğalından azad edilib, 2023-cü ilin sentyabrın 19-da başlayan və 24 saat da az davam edən lokal xarakterli antiterror tədbirlərinin başlanması və uğurla başa çatması nəticəsində isə Azərbaycanın öz suverenliyini bərpa olunub.
Sonra prokurorluq orqanlarının fəaliyyətindən danışan Baş prokuror qeyd edib ki, bu gün prokurorluq orqanları qanunların icra və tətbiq olunmasına prokuror nəzarətini və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirilməklə, istintaq və dövlət ittihamının müdafiəsi sahəsindəki fəaliyyəti ilə dövlətin və cəmiyyətin qanunla qorunan mənafelərinin müdafiə edilməsində əhəmiyyətli rol oynayır.
Çıxışın sonunda əminliklə qeyd olunub ki, prokurorluq orqanlarının əməkdaşları göstərilən yüksək etimadı doğrultmaq üçün bütün səylərini səfərbər edəcək, bundan sonra da öz vəzifələrinə məsuliyyətlə yanaşaraq, ictimai asayişin təmin olunmasında və cəmiyyətin cinayətkar qəsdlərdən qorunmasında respublikanın digər hüquq-mühafizə orqanları ilə əlaqəli şəkildə yaxından iştirak edəcək.
Daha sonra Azərbaycan Respublikasının Prezidentinin Sərəncamları ilə bir qrup prokurorluq əməkdaşının təltif olunması, həmçinin xidməti fəaliyyətdə fərqlənən əməkdaşların mükafatlandırılması mərasimi keçirilib.
Sonda milli prokurorluq orqanlarının yaradılmasının 105-ci il dönümünə həsr olunmuş, prokurorluq əməkdaşlarının gündəlik həyatından bəhs edən "İstintaq" adlı qısametrajlı film izlənilib.