Masallıda ticarət mərkəzində baş varmiş yanğın söndürülüb, cinayət işi başlanıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Baş Prokurorluq və Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətlərinin birgə məlumatında bildirilib.
Qeyd olunub ki, oktyabrın 6-da Masallı şəhərində yerləşən “Cavid-F” MMC-yə məxsus ticarət mərkəzinin ərazisində yanğın hadisəsi baş verməsi barədə daxil olmuş məlumat əsasında FHN-in əməkdaşları hadisə yerinə çıxıb.
Görülmüş operativ və təxirəsalınmaz tədbirlər nəticəsində yanğın söndürülüb.
Hadisə nəticəsində ayrı-ayrı sahibkarlara məxsus ticarət obyektləri içərisindəki müxtəlif çeşidli mallarla birlikdə yanğının təsirinə məruz qalıb, 7 nəfər şəxs isə yanıq xəsarətləri ilə Masallı rayon Mərkəzi xəstəxanasına yerləşdirilib, hazırda müalicələri davam etdirilir.
Fakta görə Fövqəladə Hallar Nazirliyinin Əməliyyat-istintaq idarəsində Cinayət Məcəlləsinin 225.2-ci maddəsi ilə (yanğın təhlükəsizliyi qaydalarını pozma) cinayət işi başlanıb.
Yanğının səbəbini və dəymiş ziyanın həcminin müəyyən edilməsi üçün iş üzrə məhkəmə yanğın-texniki, məhkəmə tikinti-texniki və əmtəəşünaslıq ekspertizaları təyin edilib.
Hazırda zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
***
17:01
Masallı şəhərində bazar ərazisində baş verən yanğın Fövqəladə Hallar Nazirliyinin (FHN) qüvvələri tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində məhdudlaşdırılıb.
Bu barədə Teleqraf.com-a Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinfən məlumat verilib.
Qeyd olunub ki, bazar ərazisində yanğın baş verib və dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidməti və Cənub Regional Mərkəzinin qüvvələri hadisə yerinə cəlb olunub. FHN-in qüvvələri görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğını məhdudlaşdırıb.
Hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
***
Oktyabrın 6-da saat 16:19-da Masallı şəhərində bazar ərazisində mağazada yanğın olması ilə bağlı TƏBİB-in tabeliyindəki Masallı Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə çağırış daxil olub.
Bu barədə Teleqraf.com-a TƏBİB-dən məlumat verilib.
Qeyd edilib ki, hadisə ilə bağlı 5 nəfər (cinsi kişi) Masallı Rayon Mərkəzi Xəstəxanasına təxliyə olunub.
1 nəfərə sol qolun kəsilmiş yaraları, 4 nəfərə tüstü zəhərlənməsi diaqnozu ilə ilkin tibbi yardım göstərilib. Vəziyyətləri stabil qiymətləndirilir.
***
16:20
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Masallı şəhərində bazar ərazisində mağazada yanğın olması barədə məlumat daxil olub.
Teleqraf.com xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.
Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.
Əlavə məlumat veriləcək.