Sabirabad şəhər 5 saylı orta məktəbin suda batan müəllimi Əhliman Hüseynovun ailəsini təhsil naziri Mikayıl Cabbarov himayəyə götürüb.
Xatırladaq ki, faciəvi hadisə dekabrın 5-də baş verib. Əhliman Hüseynov şəxsi maşını ilə Sabirabad rayon Cavad kəndindəki evindən dərs dediyi məktəbə gedərkən idarəetməni itirən avtomobil körpüdən çaya düşüb. Maşında müəllimin qonşusun 9 yaşlı məktəbli qızı Güldəstə Hüseynova da olub. Müəllim qızı xilas etmək istərkən suda batıb. Güldəstə Hüseynovanı qəzadan Dəyanət Şıxəliyev xilas edib, suda boğulan müəllimə isə kömək edə bilməyib.
Teleqraf.com xəbər verir ki, nazir Mikayıl Cabbarov öz nümayəndələrini dərhal rayona göndərib, onlar mərhum müəllimin ailəsinin problemləri ilə maraqlanıblar. Nazirin göstərişi ilə Təhsil Nazirliyinin fondundan Əhliman Hüseynovun evinin əsaslı təmiri üçün pul da ayrılıb. Bundan başqa nazirliyin mərkəzi aparatından mütəmadi olaraq əlaqə saxlanılır, ailənin vəziyyəti ilə maraqlanırlar.
Modern.az yazır ki, hadisədən sonra Əhliman Hüseynovun xanımı infarkt keçirib, hazırda yataq xəstəsidir. Məktəbin kollektivi də ailəyə yaxından dəstək göztərir.
Fövqəladə Hallar Nazirliyi isə Əhliman Hüseynovun cəsədinin axtarışlarını davam etdirir. Bir neçə gün əvvəl FHN-in 6 dalğıcı yenidən hadisə yerində olub, suyun altında axtarış aparıblar, amma cəsəd tapılmayıb.
Mütəxəssislər isə bildirir ki, Kür çayının suyu bulanıq, dibi isə xeyli lilli olduğundan dalğıcların işləməsi də əslində çox çətindir. Çünki suyun altında görmə mümkün olmadığından onlar çox çətinliklə, əllərini toxundurmaqla axtarış aparırlar.
Yerli sakinlər isə bildirirlər ki, adətən Kürdə batanın cəsədi isti havalarda 3-4 günə suyun üzünə çıxır,qış aylarında isə çətinlik yaranır.
NİGAR