Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.
FHN-dən Teleqraf.com-a verilən məlumata görə, “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 21 yanğına çıxış və 5 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.
Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində qəza-xilasetmə əməliyyatları zamanı 3 nəfər xilas olunub. Bakı şəhərinin Pirallahı və Nəsimi rayonlarında bağlı qapı arxasında aşkar olunan 2 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib. Həmçinin, Lənkəran şəhəri, Göyşaban kəndində 1 nəfərin meyiti su kanalından çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.