Azərbaycan Standartlaşdırma İnstitutu tərəfindən halal dərman vasitələrinə dair dövlət standartı qəbul edilib.
Bildirilir ki, bu standart İslam Qaydaları əsasında halal dərman vasitələrinin istehsalı və daşınması zamanı əsas tələbləri müəyyənləşdirir və bu sahədə ixtisaslaşan təşkilatların istifadəsi nəzərdə tutulur. Standart halal dərman məhsulları üzrə halal statusunun qorunub saxlanılmasını təmin edəcək və istehlakçıların bu növ məhsullara olan etimadının yüksəlməsinə töhfə verəcək.
Maraqlıdır, halal dərmanın standartı nədir?
Professor Adil Qeybulla dövlət standartını Teleqraf.com-a şərh edib.
O bildirib ki, “halal” termini bir məhsulun istehsalı zamanı şəriət qaydalarının gözlənilməsini nəzərdə tutur: “Bu termin elə bu şəkildə də xarici dillərə daxil olub. Xaricdə “halal meat” – yəni halal ət yazılır. Müsəlmanlar bilirlər ki, məhsul halal qaydada hazırlanıb.
Halal dedikdə şəriətlə qadağan olunmamış heyvan mənşəli məhsullardan istifadə edilərək hazırlanan məhsullar nəzərdə tutulur. Qidada olduğu kimi, dərmanın inqridientləri, məsələn, kapsulu, bəzi substansiyaları heyvan mənşəli ola bilər. Bu heyvan da İslamda qadağan olunmamalıdır. Yəni, donuzun əti, piyi və onun digər hissələri olmamalıdır.
Standart dərman istehsalında şəriət qaydaları ilə kəsilmiş və haram buyurulmamış heyvan mənşəli məhsullardan istifadəni nəzərdə tutur. Ona görə də dərman istehsal edən şirkətlər onun üzərində qeyd edəcəklər ki, bu halaldır və ya halal deyil. Təbii ki, müsəlman ölkələrə idxal olunan məhsullarda bu nəzərə alınacaq”.