15 Noyabr 2023 11:47
973
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin deputatı Sabir Rüstəmxanlı ailə üzvlərinin də aeroportda VİP salondan istifadə etməsini istəyir.

Teleqraf.com xəbər verir ki, Sabir Rüstəmxanlı bu barədə Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikası Milli Məclisinin 2024-cü il üçün xərclər smetası haqqında” Milli Məclisin qərar layihəsinin müzakirəsində danışıb.

Deputat bildirib ki, Milli Məclisin deputatlarının başqa qayğıları da var, onu başqa iclaslarda demək mümkün deyil:

"Əvvəllər diplomatik pasportla deputatlar xaricə səfərlərə öz ailə üzvlərini yanında apara bilirdilər. Hətta deputat özü getməsə də, ailə üzvləri aeroportda VİP salondan istifadə edə bilirdilər. Amma indi özün gedirsənsə, ailə üzvlərin VİP salondan istifadə edə bilir, amma özün getmirsənsə, yox. Niyə millət vəkillərinə belə ögey münasibət olmalıdır? Mən özüm getmirəm, amma istəyirəm ailə üzvüm VİP salondan istifadə etsin. Millət vəkili diplomatik pasportdan ancaq xidmət etmək üçün istifadə edir, amma deputat olmayan kimi bu pasport qaytarılmalıdır".

Sabir Rüstəmxanlı pansionat məsələsinə də toxunub: "Təxminən otuz ildir ki, bizim pansionatda qalıram. İki otaqlı mənzilim var. Amma orda biznesmen kimi qalıram. Başa düşmürəm, mən biznesmenəm? Hətta hökumət işçiləri orada güzəştli şəkildə qalır, amma onlardan aşağı maaş alan millət vəkili, yəni mən belə qala bilmirəm. Mən məcburam orda qalam, başqa imkan yoxdur. Amma orda biznesmen kimi qalıram. Məndən biznes uçotu ilə, biznes müqavilələri ilə illik pul alırlar. Bu, harada görülüb? Bu kimi məsələlərə son qoyulmalıdır. Mən biznesmen deyiləm, millət vəkiliyəm. Nazirlər Kabinetinin, başqa strukturların işçiləri normal qiymətlə qalırlar, bizdən isə iki-üç dəfə artıq pul tələb edirlər. Mən buna millət vəkilinin statusunun aşağı salınması kimi baxıram".


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər