"Azərbaycan iqlim dəyişikliyi ilə bağlı hədəfə sadiqdir və iqlimə təsirlərin azaldılması üzrə fəaliyyətlərdə fəal iştirak edir".
Teleqraf.com xəbər verir ki, bunu Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Kofransının 28-ci Sessiyasında çıxışı zamanı deyib.
Muxtar Babayev vurğulayıb ki, bu fəaliyyətlərə ümumi elektrik enerjisi qoyuluşunda bərpa olunan enerji mənbələrinin payının əhəmiyyətli dərəcədə artırılaraq 2030-cu ilə qədər 30%-ə çatdırmağı hədəfləyirik.
"Biz həmçinin enerji səmərəliliyinin artırılması, aşağı emissiyalı nəqliyyata keçid, şəhər nəqliyyatında innovativ həllər, sənayedə aşağı karbonlu təmiz texnologiyaların tətbiqi, tullantıların idarə edilməsinin təkmilləşdirilməsi və meşələrimizin artırılması üzrə tədbirlər həyata keçiririk.
"Qeyd etmək istərdim ki, biz hazırda azad edilmiş ərazilərdə münaqişə sonrası genişmiqyaslı bərpa, yenidənqurma və reinteqrasiya işlərini həyata keçiririk. Bu fəaliyyətlər iqlimə dost, ekoloji cəhətdən təmiz texnologiyalara, həmçinin “ağıllı” və “yaşıl” yanaşmalara əsaslanır. "Yaşıl enerji" zonasının yaradılması, dayanıqlı kənd təsərrüfatı, ekoloji cəhətdən təmiz nəqliyyat, ağıllı şəhərlər, ağıllı kəndlər kimi innovativ yanaşmalar və minlərlə hektar sahədə meşələrin bərpası vasitəsilə azad edilmiş əraziləri 2050-ci ilə qədər "Karbon Neytral" zonasına çevirmək əzmindəyik", - nazir qeyd edib.
Onun sözlərinə görə, Azərbaycan da iqlim dəyişikliyi ilə bağlı mühüm addımlar atmaqdadır:
"Emissiyaların atılmasında tarixi məsuliyyəti və iqlim dəyişikliyinə qarşı mübarizədə ölkələrin müxtəlif imkanlarını nəzərə alaraq, fəaliyyətlərimizin əsasını təşkil etməli olan ümumi, lakin fərqli məsuliyyət prinsipini dəstəkləyirik. Həmçinin, iqlim fəaliyyətin sürətləndirilməsi üçün vacib olan adekvat maliyyə dəstəyinin və texnologiya transferinin vacibliyini vurğulayırıq".
O həmçinin qeyd edib ki, Azərbaycanın COP29-a ev sahibliyi etmək üçün namizədliyi ilə bağlı qrup daxilində ümumi konsensus var.
"Biz bütün ölkələrə, xüsusən də Şərqi Avropa Qrupuna və ev sahibi Birləşmiş Ərəb Əmirliklərinə göstərdikləri dəstəyə görə minnətdarıq. Biz COP29-un uğurunu təmin etmək üçün hər kəslə əməkdaşlıq çərçivəsində inklüziv işləyəcəyik. Qoy COP28 bizi hamı üçün daha davamlı və təhlükəsiz gələcəyə aparsın", - nazir bildirib.