“Azərbaycanın güneyi” layihəmizdə ikinci yazı 1946-cı ildə Türkiyədə “Millet” jurnalında dərc olunmuş imzasız bir məqalədir. Azərbaycan milli hökumətinin mövcud olduğu bir zamanda yazılan bu məqalə 1922-ci ildə çap olunmuş bir xəritə ətrafında qələmə alınıb. “İran Azərbaycanı” adlı bu xəritəni jurnalın qapağında verən redaksiya Cənubi Azərbaycandakı hadisələri təhlil etməyə çalışıb. Bu baxımdan yazı müəllifi bir tərəfdən İranda yaşayan beş milyon türkün öz milli dövlətini qurmağa haqqı olduğunu bildirib, digər tərəfdən əllərində olan xəritəyə görə bu hadisələrin Sovet İttifaqının bir planı olması variantını da sorğulayıb.
Ona görə də 1946-cı ildə qələmə alınan bu yazını olduğu kimi dilimizə uyğunlaşdıraraq təqdim edirik.
***
Azərbaycanda qurulan hökumət bir türk cümhuriyyəti olmalıdır. Çünki İranda beş milyon türk vardır!
Ayrılma hərəkatı mühəqqəq vaqe olacaqsa və dəyişməz bir əmrivaqe isə nəticənin ancaq belə olmasıdır ki, təbii sayıla bilər.
Bir xəritənin anlatdığı həqiqət
İran Azərbaycanındakı hadisələr İranın daxili məsələsi olmaqdan çıxmış, bir dünya məsələsi olmuşdur.
Qiyamın Sovet İttifaqının təşviqi ilə baş verdiyi iddialarını ruslar yalanlamışlar. “Azərbaycan demokratları” adını alan və qiyam edən bu xalq kimdir? Nə istəyirlər? Niyə İranın başqa bir tərəfində deyil, bu bölgədə qiyam olmuşdur? Bunlar bizi nə dərəcədə əlaqədar edə bilər?
Bütün bu suallar arasında ən maraqlısı və cavabının bizi ən çox heyrətə salacaq olanı sonuncudur: İran Azərbaycanında qiyam edənlər türklərdir. Yerli türklərdir. Çünki on milyon nüfuslu İranın beş milyonu türkdür.
Burada tarix yazası deyilik. Fəqət əsrlər öncə türklərin ana yurdları Türküstandan gələrək İranda səltənət qurduqları və fasiləsiz, yalnızca türk sülalələrin hökmran olduqları həqiqətdir. Hər bir tərəfdən İrana hücum edən qüvvətlərə qarşı sinə gərərək qəlbləri ilə İranı qoruyan, paniranizm ideyasını güdən, fars dili və ədəbiyyatını bir dövlət dili və Şərq kültürü halına salan, Hindistana qədər bu dili yayan yenə türk sultanları və xaqanlarıdır. Klassik fars ədəbiyyatının ölməz əsərləri yalnız türklərin səltənət dövründə vücuda gəlmişdir.
Bu şanlı türk hökmdar sülalələrinin başlıcaları Yasaman Kutay oğulları (Samanlılar), Qəznəlilər, Böyük Səlcuq sülaləsi, Xarəzmşahlar, Çingiz nəsli, Teymur sülaləsi, Elxanlılardır...
İranda Teymur sülaləsindən sonra İran vəhdətini qılıncları ilə təmin edən Səfəvilər sülaləsi oldu. Bu nəsil də Ərdəbil çevrəsinə yerləşən Xətay türklərindəndi. Bu sülalənin başı Xətayi ləqəbi ilə ədəbiyyatda adı keçən məşhur Şah İsmayıl Səfəvidir. Çaldıran savaşında böyük türk sultanı Yavuz Sultan Səlimə məğlub olduqdan sonra paytaxtını Təbrizdən İsfahana daşımışdır.
Ölümündən yüz il sonra belə sarayında türkcə danışıldığını ingilis tarixçisi Eduard Braun qeyd edir. Daha sonra İranı qurtaran və qoruyan Əfşar qəbiləsindən məşhur Nadir şah da xalis, qarışığı olmayan türkdü...
***
Tarixi daha çox dərinləşdirmək bu gün nəyə yarar? Bu gün İranda beş milyon türk vardır. Bugünkü həqiqət budur ki, bu rəqəm on milyon olan İran nüfusunun yarısıdır.
Qapaq rəsmimizdə gördüyünüz xəritə Sovet İttifaqı tərəfindən 1922-ci ildə hazırlanmışdır. Rusca və əski əlifbada olan bu 24 illik xəritənin anlatdığı nədir?
Niyə bu xəritədə bütün İran deyil, təkcə İran Azərbaycanı vardır?
Anlaşılan və görünən odur ki, rusların İran Azərbaycanı üzərindəki görüşləri və tələqqiləri pək yeni deyildir.
Bu görüş və tələqqilər burada yaşayan türklərin – yəni İran azərbaycanlılarının müstəqil bir dövlət halına gəlməsi kimi təmiz və xoş niyyətləmi ortaya atılmışdır?
İrandakı beş milyon türkün özlərini idarə etmək üçün azad bir dövlət qurmaları əsas etibarilə heç bir türkün rədd edəcəyi və pisləyəcəyi bir məsələ deyildir. Çünki İrandakı türklər yaxın tarixlərə qədər pək rahat etməmişlər, İrana bütün qüvvət və qüdrətləri ilə yardım etdikləri, yaxşı bir vətəndaş olduqları halda özlərinə etimad edilməyən bir azlıq müamiləsi görmüşlər.
Milliyyət hisslərini əsla qeyb etməmiş türklərin İran Azərbaycanında müstəqil bir hökumət quracaq qüdrətə malik olduqları şübhəsizdir. Reallıq belə olmaqla yanaşı rusların xüsusilə Qıvamüssəltənənin hökumət rəisliyindən sonra İranla anlaşaraq Azərbaycana etdikləri, söylənilən yardımları kəsmələri ehtimal daxilindədir. Bu təqdirdə İran Azərbaycanının öz müqəddəratını özlərinin təyin etməsi gərəkəcəkdir.
Rusiyanın 1922-də hazırladığı bu xəritə Sovetlərin siyasi qayələri baxımından çox maraqlıdır və bənzəri sənədlər azdır. Demək ki, ruslar bu hərəkatları əvvəlcə planlamışlar, hadisələr imkan verdiyi zaman hərəkətə keçmişlər.
İran türkləri bütün İrana yayılmış vəziyyətdədirlər. Fəqət aşağıdakı xəritədə görüldüyü kimi, xüsusilə İran Azərbaycanı tamamilə türklərdən ibarətdir. Burada dərələr, dağlar, ovaların isimləri xalis türkcədir. O qədər ki, hər birinin bənzərinə, demək olar ki, Anadoluda rastlamaq mümkündür.
***
İrandakı hadisələrə daha yaxın bir maraq göstərmək məcburiyyətindəyik. Azərbaycandakı hərəkatın həqiqi mənası hələ məlum olmamaqla yanaşı Rza şah Pəhləvi zamanında bu türklərə böyük təzyiq göstərmişlər. Bu arada Təbriz valisi Abdullah Təhmasib Tehrana gətirilərək əvvəlcə nazir edilmiş, sonra öldürülmüşdü. Saray naziri Teymurtaş həbsxanada zəhərli iynə ilə qətlə yetirilmişdi.
Öz milli hüdudları içində nə kimsədən bir qarış torpaq istəyən, nə də revizyonist olan Türkiyə türkləri İranda yaşayan beş milyon qardaşının dincliyini və rahatını bütün könülləri ilə istəməkdədirlər. Əgər İran Azərbaycanındakı qiyam hürriyyət haqları üçündürsə, İran hökumətinin bunu geniş bir anlayış zehniyyəti ilə qarşılayacağı gözlənilə bilər. Fəqət qapağımızı təşkil edən və 24 illik bir keçmişi olan rus xəritəsinə nə deyək?
“Millet”, sayı 4, 21 fevral 1946