12 Dekabr 2023 18:45
1 815
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com “Azərbaycanın güneyi” adlı yeni layihəyə başlayır.

Bu layihədə Azərbaycanın güneyində yaşayan soydaşlarımızın tarixi, mədəniyyəti ilə bağlı müxtəlif dövrlərdə yazılmış məqalələr təqdim olunacaq, həmçinin müəllif yazıları veriləcək. Elmi və siyasi ədəbiyyatda “Güney Azərbaycan türkləri”, “İran türkləri”, “Cənubi azərbaycanlılar” və sair şəkildə müxtəlif adlarla təqdim olunan oradakı soydaşlarımızın özlərini hansı kimliklə adlandırmaları bizim üçün ən məqbul variant kimi qəbul edilir. Bununla yanaşı təqdim etdiyimiz yazılarda istifadə olunan bəzi ifadələri (məsələn, “İran türkləri”) bölüşməsək də, yazıların dilinə toxunmadan təqdim edəcəyik. Məqsəd Azərbaycanın güneyi ilə bağlı ədəbiyyatı gənc nəslə çatdırmaqdır.

İlk məqalə 1947-ci ildə Nurullah Barımanın İstanbulda nəşr etdiyi “Ergenekon” qəzetində İsmayıl Arar adlı müəllifin yazdığı “İran türkləri” məqaləsidir.

***
İsmayıl Arar

İran türkləri

Ölkəmizin xaricində yaşayan irqdaşlarımız arasında Rusiya türklərindən sonra və bəlkə də, onlar qədər zülm və həqarətə məruz qalan digər bir türk topluluğu, şübhəsiz ki, İran türkləridir. Türklər İran əhalisinin yarısı qədər böyük hissəni təşkil etmələrinə, uzun bir tarix boyunca malları, canları və zəkaları ilə sadəcə İran üçün çalışmalarına rəğmən haqlarında rəva görülən bu əza və cəfanın səbəbi budur: Hər baxımdan farsdan daha üstün və qabiliyyətli olduğu gün kimi aşkar olan türkün bir gün gəlib yenidən İranın idarəçiliyini ələ keçirməsinə və farslar üzərində hakimiyyət qurmasına əngəl olmaq. Doğrusu, İran tarixi geniş miqyasda türk boylarının və sülalələrinin tarixidir. Miladdan öncəki çağlarda və hələ farslar İran yaylasına gəlməzdən əvvəl bu bölgədə bir çox dövlət quran türklərin İrandakı hakimiyyəti on beş əsri əhatə edir. Bu hakimiyyətin Qəznəlilər, Səlcuqoğulları, Səfəvilər, Əfşarlar, Qacarlar və ilaxır kimi hökmdarın çıxdığı boyun ismi ilə adlanan müxtəlif dövrlərini ayrı-ayrı anlatmağı növbəti yazılarımıza buraxaraq hələlik ümumi olaraq İran türklərinin bugünkü vəziyyətindən bəhs edək.

İranda hələ ki müntəzəm bir əhali siyahıyaalınması edilmədiyi üçün məmləkətin nüfusunu dəqiq rəqəmlərlə ifadə etməyə imkan yoxdur. Son illər ərzində hökumət tərəfindən nüfus hüviyyəti verilmiş, bu surətlə əhalinin sayının 10 milyona yaxınlaşdığı anlaşılmışdır. Bu miqdarın irqlərə görə bölgüsü belədir:

Türklər: 5.000.000

Farslar: 3.000.000

Ərəblər: 800.000

Kürdlər: 700.000

Erməni, yəhudi və s.: 300.000

Təxmini olmaqla yanaşı həqiqətə yaxın olan bu rəqəmlərin açıq şəkildə göstərdiyi kimi əhalinin çoxunu türklər təşkil etməkdədir. Türklərin yaşadığı bölgələrə gəlincə:

  1. İran Azərbaycanı başdan-başa bir türk ölkəsidir. Rus idarəçiliyində qalan Qafqaz Azərbaycanından ayırd etmək üçün Cənubi və ya İran Azərbaycanı deyə adlandırılan və şimaldan Araz çayı, qərbdən Türkiyə və İraq hüdudları, cənubdan Həmədan və şərqdən Gilan əyalətləri ilə çərçivələnmiş ölkənin sahəsi 200.000 kv.km, nüfusu isə 3.700.000-i türk olmaqla üzərə 4 milyon qədərdir. Başlıca şəhərləri Təbriz, Urmiya, Xoy, Maku, Zəncan, Ərdəbildir.

  2. Daha cənubda, hər baxımdan Azərbaycanın davamı kimi sayılması lazım gələn Həmədan əyalətində 300.000 türk yaşayır.

  3. İran türkləri arasında üz və əndam gözəlliyi, cəsarət və çalışqanlığı, özlərinəməxsus ənənə və qiyafətləri ilə qaşqay türkləri müstəsna bir yer tutur. Fars əyaləti içində İsfahan və Şirazdan İran körfəzinə qədər uzanan və bütün İranın beşdə birini əhatə edən geniş bir bölgədə yaşayırlar. İndiyə qədər bir çox dəfə şovinist fars ünsürünün məhv siyasətinə məruz qalan, fəqət hər zaman şərəfi ilə yaşamış cəngavər insanlardır. Saylarının üç yüz min qədər olduğu təxmin edilməkdədir.

  4. Yuxarıda saydığımız ən əhəmiyyətli olanlarından başqa İranın 27 qismə bölünmüş idari təqsimatı içində və demək olar ki, hər yerdə az və ya çox miqdarda türk boylarına rastlamaq olur. Məsələn, məmləkətin cənub-qərb bölgəsində Dizful və civarında gündüzlü türkləri yaşadığı kimi Xəzər dənizi ilə Əfqanıstan arasındakı rus hüdudu üzərində yüz min qədər təxmin edilən türkmən boyları, Hindistan hüdudu üzərində bıçakcı boyu, fars əyaləti içində ağacəri türkləri vardır. İrandakı türklərin burada saymağa yerimizin imkanı olmadığı digər türk boyları ilə birlikdə bu qədər dağınıq bir vəziyyətdə olmaları Səfəvilərdən etibarən hakim qüvvətin gah bir qiyamı yatırtmaq, gah hüdudların mühafizəsində istifadə etmək üzərə Azərbaycan türkünü məmləkətin dörd bir tərəfinə dağıtmasından irəli gəlməkdədir.

“Ergenekon” qəzeti, sayı 4, 1 aprel 1947

Müəllif haqqında: Hüquqşünas, siyasətçi, tarixçi, yazıçı İsmayıl Haqqı Arar (1921, İstanbul – 20 Mart 1993). Atatürkün həkimlərindən Asım Ararın oğlu, yazıçı Mehmet Ali Ayni və şair Leyla Sazın nəvəsidir. Ankara Maarif Kollecində və Ankara Universiteti Hüquq Fakültəsində təhsil alıb. Bir müddət müstəqil hüquqşünas kimi fəaliyyət göstərdikdən sonra siyasətə qoşulub. 1965-ci ildə Kocaeli, 1969-cu ildə İstanbul bölgəsindən deputat seçilərək TBMM-ə daxil olub. 1971-1973-cü illərdə ədliyyə naziri, təhsil naziri kimi fəaliyyət göstərib.


Müəllif: Dilqəm Əhməd

Oxşar xəbərlər