8 Yanvar 14:45
1 184
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycanın güneyi” layihəsində dördüncü yazımız Dr. Rebii Barkının 1941-ci ildə “Çınaraltı” dərgisində qələmə aldığı “Əcəm?” adlı məqalədir. Təbrizə də səyahət etmiş müəllif yazısında “əcəm dili” ifadəsinə qarşı çıxır, müqayisələr aparır.

Müəllif haqqında: Rebii Barkın 1899-cu ildə İstanbulda doğulub. Frankfurt Main Universitetinin Tibb fakültəsindən məzun olub. Farsca, almanca, fransızca bilib. CXP-nin Zonquldak şəhərindən millət vəkili olub. 1974-cü ildə vəfat edib.

Teleqraf.com bu maraqlı yazını təqdim edir:

***
Dr. Rebii Barkın

Əcəm?

Əcəm! Çox eşitdiyimiz, çox istifadə etdiyimiz, amma tam şəkildə mənasını bilmədiyimiz, həmişə yanlış işlətdiyimiz bir kəlmə. Əcəm nə deməkdir? Ərəblər bu kəlməni özlərindən başqa millətlər üçün istifadə etmişlər. Səhradan çıxıb keçmiş mədəniyyət ölkələrinə girərək yad xalqlarla qarşılaşdıqları, hələ ki onları bir-birindən ayıra bilmədikləri çağlarda hamısına “əcəm” deyiblər. Əvvəla ərəblər, daha sonra türklər bu kəlməni məxsusən iranlılar üçün istifadə ediblər. Hələ Osmanlı imperatorluğu zamanında və Osmanoğulları ilə İrandakı Səfəvi imperatorluğu arasındakı qorxunc və qanlı rəqabət başladığı zaman “əcəm” kəlməsi bir kin və düşmənlik havasını daşıyaraq Türkiyə-İran sərhədinin ötəsində yaşayan hər adam üçün istifadə edildi. “Əcəm” kəlməsində Türk-İslam tarixinin əbədi bir faciəsi olan sünnilik-şiəlik düşmənliyinin, osmanlılıq-iranlılıq rəqabətinin ən pis və bayağı hissləri yaşayır. Belə ki, hələ ki bacarığı olmayan və bir işi yaxşı bilməyən adama “əcəmi” demək, yəni bacarıqsız və cahili iranlıya bənzətmək bir zamanlar dəbdə idi və bu kəlmə, nəhayət, İstanbul türkcəsinin əsasına qarışmış və lüğətində yer almışdır. Bir iranlını bu kəlmə qədər heç bir söz incitməz. İrana gedən və ya iranlı ilə tanış olan bir türkə bu sözü qətiyyən istifadə etməməsini tövsiyə edirəm. Çünki dostluğu yox edər, simpatiyanı itirər. Halbuki bunu demək lazımdır ki, iranlı çox zərif və çələbidir, hünərli və ağıllıdır, “əcəmi” kəlməsinin ifadə etdiyi alçaldıcı təşbehə əsla layiq deyildir. Bu sözü birlikdə lüğətimizdən çıxartmaq lazımdır!

***

İran gözəl və ürəkoxşayan bir ölkədir. Burada bizləri sevən yaxşı və mədəni qardaşlarımız yaşayırlar. Onların bir qismi fars, bir qismi türk dilində danışırlar. Məsələn, İran ölkəsinin bir parçası olan Azərbaycan! Bura bina olandan bəri türklər yaşamışlar və yaşayırlar. Dilləri təmiz türkcədir, xalis türk soyundandırlar. Şərqin çox dinamik bir ünsürü olan Azərbaycan türkləri yurdlarından çıxan öndərlər ətrafında toplanaraq tarixin müxtəlif çağlarında böyük dövlətlər qurmuş, əsrlərcə İran qitəsinə dirilik, nizam verərək parlaq mədəniyyətlərin inkişafına, ümumi rifahın artmasına və yaşayış standartının yüksəlməsinə səbəb olmuşlar. Halbuki biz onlara hər zaman “əcəm” deyib ötür, türkcə danışan, türkcə yazan xaqanlarını “əcəm şahı” deyə anırıq. Burada yaşayan türklərin çoxu farscanı belə bilməzlər! Dövlət məmurları arasında da farsça bilməyənlər vardır. Bir neçə il öncə Təbrizdə ikən polisin birinə farsça xitab edərək bir yer soruşdum, mənə “farsça danışmıram!” dedi. Sonra türkcə danışdıq və yoldaş olduq. Dövlət dairələrində türkcə danışılır, əmrlər elə verilir, amma yazı dili farscadır və bir azərbaycanlı farscanı əskidən bizim öyrəndiyimiz kimi məktəbdə öyrənir. Təbrizdə küçələrdə, qəhvəxanalarda, dükanlarda danışılan dil türkcədir və insan küçəyə çıxdığı zaman bizim Beyoğlundan daha çox türkcə eşidir.

Azərbaycanın qədim mədəniyyəti, şairləri, ədibləri vardır. Ədəbiyyat dili bizimkindən fərqsizdir. “Çınaraltı”nın hələ ötən 16-cı sayında Sadıq Aran bu şeirlərdən bir neçə nümunə verdi. Bunu mən də göstərmək üçün İsmayıl Səfəvinin bəyəndiyim bir neçə beytini yazıram:

Biz ǝzǝldǝn ta ǝbǝd meydanǝ gǝlmişlǝrdǝnüz,

Şahi-mǝrdan eşqinǝ, mǝrdanǝ gǝlmişlǝrdǝnüz.

Kainati-surǝti-rǝhmani tǝfsir etmǝyǝ,

Ruhi-qüdsi surǝti-rǝhmanǝ gǝlmişlǝrdǝnüz,

Gəl, a könül, xоş görəlim bu dəmi,

Bu da böylə qalmaya bir gün оla.

Kişi çəkmək gərək qüssəyi, qəmi,

Haqdan gəlir, hər nə gəlsə bir qula.

***

Yazı dili belə olduğu halda danışıq dilində bizim İstanbul ləhcəsi ilə Azərbaycan ləhcəsi arasında kiçik bəzi fərqlər vardır. Amma bu fərqlər İstanbul dili ilə, məsələn, Kastamonu və ya Ərzurum ləhcəsi arasındaki fərqlərdən böyük deyildir. Necə ki heç şəhərdən çıxmamış bir istanbullu Anadolunun içinə gedincə və bu ləhcə fərqi ilə birdənbirə qarşılaşınca bir az çaşarsa, Azərbaycanda da Anadolu türkü eyni hal ilə qarşılaşar və bir neçə gün xalqın danışdığı dili anlamaq üçün diqqət etmək zərurətində qalar. Amma biri anadolulu digəri azərbaycanlı iki türk münəvvəri daha ilk danışıqda o anda bir-birini anlayarlar.

Azərbaycan türkləri bir xoş ləhcə ilə danışırlar; kəlmələri bir az uzadırlar, (k)-ları yerinə görə bəzən (g), bəzən (h) kimi söyləyərlər. Bu, xüsusi bir türk ləhcəsidir, məsələn, Konya ləhcəsi, Kastamonu ləhcəsi, Diyarbəkir ləhcəsi kimi. Bizlər, təəssüf ki, bu ləhcəyə “əcəm” ləhcəsi deyə bilirik. Yəni, məsələn, istanbullu bir rumun, bir erməni və ya yəhudinin türkcə danışması kimi bu ləhcəni də öz dili farsça olan bir iranlının türkcə danışması imiş kimi sanırıq. Bu zənn o qədər ümumidir ki, əskidən məddahlarda, indi də satirik qəzetlərdə əcəm təqlidi lağ və zarafat mövzusu olmuş, hətta ad-sanlı bir ədibimiz əcəm təqlidi ilə bir növ məddah kitabı yazmış və bu kitab xeyli rəvac tapmışdır. Halbuki öz dili farsça olan bir iranlı türkcə öyrəndiyi zaman onun türk təcvidinə uyğun gəlməyən türkcəsi azərbaycanlı bir türkün öz türk şivəsindən tamamilə fərqlidir. Yəni biz əcəm təqlidi edərkən bilmədən və onu danışanları əcəm sanaraq türk dilində ən çox danışılan böyük bir ləhcə qrupu ilə lağ edirik. Bu, necə acı bir qəflətdir!

Bütün bunları, bu əski təbiri ilə məlumu-ilam qəbilindən olan (bilinən) həqiqətləri “Çınaraltı” səhifələrində yazmaq mənə ağır gəlir. Ona görə ki, Türkiyənin xaricində hər münəvvər şəxsin bildiyi bu həqiqətləri əsl bilməsi lazım gələn türk münəvvərləri azdır. Elə gün olmur ki, bu acı bilgisizliyə ələmlə şahid olmayım.

Hələ keçən gün bir qatar səyahəti əsnasında bunu yenə gördüm. Belə olduğu halda, ey sevgili “Çınaraltı” oxucuları, bu soyuq və mənasız “əcəm” kəlməsini istifadə etməyək. “Əcəmi” kəlməsi gərçi artıq dilin nəbzinə girmiş və iranlı qardaşları alçaltmaq anlamını büsbütün qeyb etmişdir. Heç bir türk bu kəlməni istifadə edərkən belə bir mənanı qəsd etməz, fəqət, gəlin türkçü qardaşlar, bu kəlməni ataq və lüğətimizdən çıxaraq.

“Çınaraltı” jurnalı, sayı 18, 6 dekabr 1941


Müəllif: Dilqəm Əhməd

Oxşar xəbərlər