Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 2024-cü il 14 yanvar tarixində ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanına hazırlaşan bakalavrlar üçün sınaq imtahanı keçirilib.
Bu barədə Teleqraf.com-a DİM-dən bildirilib.
İmtahan Bakı, Naxçıvan və Gəncə şəhərlərində, ümumilikdə 4 binada təşkil olunub. İştirakçılara biliklərini yoxlamaq üçün zəruri şərait yaradılıb. İmtahanın idarə olunması üçün 11 imtahan rəhbəri və 71 zal nəzarətçisi ayrılıb.
İmtahanla bağlı DİM-də operativ qərargah fəaliyyət göstərib və mütəmadi olaraq imtahan keçirilən mərkəzlərlə əlaqə saxlanılıb. İmtahan bütün binalarda təlimata uyğun təşkil olunub. İlkin məlumatlara əsasən, 2 nəfərin üzərində mobil telefon aşkarlandığı üçün imtahandan xaric olunub.
Xarici dil fənni üzrə esselərin yoxlanılması ilə əlaqədar imtahan nəticələrinin yaxın 2 həftə ərzində elan edilməsi nəzərdə tutulur.
Xatırladaq ki, bu gün saat 17:00-da DİM-in “Youtube” kanalında canlı yayımda Mərkəzin məsul əməkdaşları və ekspertlər tərəfindən imtahanda istifadə olunmuş test tapşırıqları ilə bağlı geniş izahat veriləcək.