1992-ci il fevralın 8-də Bakıda əski Müsavat firqəsinin üzvlərinin övladlarını və nəvələrini özündə birləşdirən “Beynəlxalq Əski Müsavatçılar Nəsli” cəmiyyətinin təsis konfransı keçirilib. Konfransda cəmiyyətin proqram və nizamnaməsi qəbul edilib, idarə heyəti, təftiş komissiyası və sədri seçilib.
Bir müddət aktiv fəaliyyət göstərən cəmiyyət Türkiyə, Fransa kimi ölkələrlə əlaqə yaradıb, mətbuata müxtəlif yazılar göndərib. Cəmiyyətin sədri Fuad Zeynallı Vətəndə və xaricdə yaşayan müsavatçıların və digər Cümhuriyyət xadimlərinin övladlarını, nəvələrini taparaq onları cəmiyyət ətrafında birləşdirib, ölkəmizə dəvət edib.
Cəmiyyətin dəvətliləri arasında Azərbaycan Cümhuriyyətinin maliyyə naziri olmuş Əbdüləli bəy Əmircanın oğlu Fuad Əmircan da olub. Fuad bəy Vətəndən ayrıldığı 70 ildən sonra – 1992-ci ilin noyabrın 27-dən dekabrın 4-nə kimi Bakıda olub. Televiziya və mətbuatda çıxış edən Fuad bəy müxtəlif tədbirlərə də qatılıb.
Fuad Əmircan kimdir?
Əbdüləli bəyin oğlu Fuad Əmircan 10 yaşında ikən Türkiyəyə mühacirət edib. 1922-ci ildə İstanbulda Qalatasaray liseyinə daxil olan F.Əmircan Parisdə Siyasi Elmlər İnstitutunu bitirib. Almaniyada hüquqşünaslığı öyrəndikdən sonra Türkiyəyə qayıdıb, bir sıra türk qəzetlərində icmalçı jurnalist kimi işləyib.
F.Əmircan qəzetçiliyə 1934-cü ildə Vəlid Əbüzziyanın “Zaman” qəzetində başlayıb. Daha sonra Səlim Emeçin “Son Posta”, Ethem İzzət Benicenin “Gecə Postası”, Asım Usun “Haber”, Yunus Nadinin “Cümhuriyyət” qəzetində çalışıb. 1939-cu ildə Ziyad Əbüzziyanın “Təsviri-Əfkar” qəzetində Salim Sabit imzası ilə sosial, siyasi yazılar qələmə alıb.
1934-1939-cu illərdə “Qafqaz” qrupunun üzvü olub. 1938-ci ildə Parisdə nəşr olunan “Qafqaz” jurnalının türk versiyası və “Kaf dağı” (“Qafqaz”) məcmuəsində “F.Daryal” təxəllüsü ilə redaktorluq edib.
1941-ci ildə Türkiyədən Almaniyaya gedib, “Təsviri-əfkar” türk qəzetinin hərbi müxbiri işləyib. Bu dövrdə Avropada hərbi cəbhələrdə olan yeganə türk müxbir olub.
Şərq Nazirliyində yaradılmış hərbi əsirlərin işi üzrə Azərbaycan komissiyasının üzvü olan F.Əmircan hərbi əsirlər düşərgəsindən azərbaycanlı qırmızı ordu əsgərlərinin Vermaxtın Azərbaycan legionuna daxil olmaqla azad edilməsinə yardım göstərib. 1942-ci ildə Azərbaycan legionunun “Azərbaycan” qəzetinin yaradılmasında iştirak edib. 1943-cü ilin noyabrında Azərbaycan Milli Birliyi Məclisinin üzvü seçilib. F.Əmircan 1943-1945-ci illərdə Berlində Azərbaycan irtibat heyətinin sədri Ə.Fətəlibəyli-Düdənginskinin müavini olub.
F.Əmircan müharibədən sonra Avropa Şurasının Türkiyə müxbiri olaraq çalışıb. Uzun illər M.Rəsulzadəyə əks cəbhədə olan, onun strategiyasını qəbul etməyən F.Əmircan müharibədən sonra onun tərəfində yer alıb. Məhəmməd Kəngərlinin vasitəsilə Rəsulzadə ilə əlaqə yaradıb, beləcə, məktublaşmalar başlayıb.
F.Əmircan 1953-cü ildə yenidən formalaşdırılan Azərbaycan Milli Mərkəzinə üzv seçilib, doqquz nəfərlik icra heyəti üzvlüyünə daxil olub. 1955-1961-ci illərdə “Cordiplomat” ünvanı ilə Türkiyənin Bonndakı səfirliyində mətbuat attaşesi olaraq çalışıb. 1961-ci ildə Türkiyə Mətbuat Ümummüdirliyində işləyib, 1961-1974-cü illərdə “Almaniyanın səsi” radiosunda Türkiyə bölümünün şefi vəzifəsini daşıyıb. 1975-ci ildə radiodan təqaüdə çıxıb, xanımı professor Belma Əmircanla birlikdə Almaniyanın Badqodesberq şəhəri yaxınlığında məskunlaşıb. Burada yaşadığı müddətdə ürək əməliyyatı keçirib. F.Əmircan 1992-ci ildə müstəqil Azərbaycana gəlib. 1995-ci il mayın 8-də Almaniyada vəfat edib, nəşi İstanbula gətirilib.
Fuad Əmircanın Tulin adlı qızı hazırda Almaniyada yaşayır.
“Bir bayraq gətirib dedilər ki, sizin bayrağınızdır”
Fuad bəy Bakıda olarkən “Yeni Müsavat” qəzetinə də müsahibə verib. Həmin müsahibəsində bir sıra maraqlı faktlar açıqlayıb. Tarixi əhəmiyyəti baxımından müsahibəsindəki bəzi hissələri təqdim edirik:
“10 yaşımda Bakıdan çıxmışam. İstanbulda təhsil aldım… Yadımdadır, həmişə məktəbdə arkadaşlarımla türklüyümün üstündə dalaşırdım. Mənə deyirdilər ki, sən əcəmsən (yəni iranlı). Mən də onlara “iranlı özünüzsünüz, siz osmanlısınız, mən sizdən daha çox türkəm” deyirdim. Daha sonra təhsilimi davam etdirmək üçün Fransaya, Parisə getdim. Parisdə siyasi bilimlər institutunun hüquq fakültəsinə daxil oldum. Sonra Almaniyada oxudum, təhsilimi bitirdim. Gözəl yazılar yazdığıma görə mənə jurnalistlik etməyi təklif etdilər və mən Türkiyə qəzetlərindən birində çalışmağa başladım. İkinci Dünya müharibəsi başlananda bir dostumla Almaniyaya qayıtdım. Orada olarkən qızıl orduda xidmət eləyən azərbaycanlı əsgərlərlə tanış oldum. Əvvəlcə onların sayı 3 min, sonra 33 minə qədərdi. Biz onları əsir düşərgəsindən başqa bir düşərgəyə apardıq və siyasi məsələlərlə məşğul olmağa başladıq. Dünyanın müxtəlif yerlərindən Almaniyaya toplaşmışdıq. Sonra fəaliyyətimizi genişləndirmək üçün Milli Konqres yaratdıq. 140 nəfər içərisində seçkilər keçirildi və mayor Fətəlibəy (onunla orada tanış olmuşdum) başkan seçildi… Sizə bir şeyi də söyləyim, Allah almanlara hər şeyi – ağılı da, təşkilatlanmağı da vermiş, fəqət bəxt, tale verməmişdir. Sonra Nuru paşa gəldi (Ənvər paşanın qardaşı). Almanlarla danışıqlar zamanı bildirdi ki, biz sizə kölə olmaq üçün deyil, Azərbaycanın istiqlalı uğrunda mübarizə aparırıq. Bir bayraq gətirib dedilər ki, sizin bayrağınızdır. Qiyamət qopardıq; necə yəni, bizim özümüzün üçrəngli bayrağımız var. Azərbaycan milləti o bayraq uğrunda qan töküb. Nuru paşa Hitlerlə görüşmək istəyirdi, ancaq Hitler onu qəbul etmədi. Çünki nə istədiyini bilirdi. O zaman Nuru paşa Herinqlə görüşdü. Onlar bizim istiqlalımıza razı olmadılar. Sonradan biz öyrəndik ki, Hitler bildirib: bizim gənclərimiz nəcib qanlarını yarıvəhşilərin (bizi nəzərdə tuturdu) istiqlalı üçün tökməyəcək. Azərbaycanlılar – istər mühacirətdə olanlar, istərsə də əsirlər çox millətçi idilər. Müharibə qurtardıqdan sonra isə mən işimə davam elədim. Strasburqda Avropa Birliyi Parlamentinin Türkiyə müxbiri idim. Daha sonra Türkiyə səfirliyində mətbuat müdiri, Türkiyə hökumətinin mətbuat, radio-televiziya ümummüdirinin müavini işlədim. Qəzetçilik fəaliyyətimi davam etdirdim, lakin sonralar anlaşılmazlıqlarla qarşılaşdığıma görə istefa verib Almaniyaya getdim. Almaniyada mənə “Almaniyanın səsi” redaksiyasında işləməyi təklif etdilər. 14 il burada çalışdım. Qəzetçiliklə də məşğul olurdum və demək olar ki, ömrümün 55 ilini mətbuata sərf etdim. 70 il sonra da Vətənimə gəldim və gəldiyimə inanmadım. İnsan 70 il sonra ayağını Vətən torpağına basdığı zaman asan olmur, çox çətin olur… Çox həyəcanlı idim. 82 yaşında Vətənimə gəlməyimə inanmırdım. Təyyarədən enərkən yerə yıxılıb torpağı öpmək istədim. Bir dəfə türk müxbiri mənə belə bir sual verdi ki, Fuad bəy, Azərbaycanla Türkiyənin birləşməsini istəyirsənmi? Azərbaycanla Türkiyə canbir, qanbir qardaşdır. Ancaq hər kəsin öz evində sərbəst oturmasını istəyirəm – dedim. Azərbaycana gəldiyim ilk günlər dənizkənarı parka baxdığım zaman uşaq olanda qardaşımla dənizdən necə balıq tutduğumu, necə realnı məktəbə getməyimi xatırladım. İndi özümü Vətəndə dünyanın ən məsud, ən xoşbəxt adamı hiss edirəm, nə Almaniya yadıma düşür, nə İstanbul”.
“Almaniyada Azərbaycan barədə hansı fikirlər var” sualına Əmircan belə cavab verib:
“Almaniya ilə əlaqələrimizi yaxşılaşdıra bilərik. Mən Şəhidlər Xiyabanında oldum, cavan məzarlar üstündə tər çiçəklər. Uşaq kimi hönkürməkdən özümü zorla saxladım. Xaricdən qonaqları gətirməliyik, xüsusilə jurnalistləri. Qoy gəlib öz gözləri ilə görsünlər, öz mətbuatlarında həqiqəti yazsınlar. Bunun üçün bir az xərc çəkmək lazımdır. Almaniyada poçta gedərkən onlar “Bakı haradır?” soruşurlar. Azərbaycanın paytaxtıdır deyirəm. “Azərbaycan haradır?” soruşurlar. Azərbaycanı tanımırlar, ancaq erməniləri tanıyırlar, - türklərin kəsdiyi millət deyirlər. Azərbaycanı tanıtmaq, təbliğ etmək, bunun üçün nə mümkündürsə etmək lazımdır. Bakıda 20 Yanvar qırğını oldu, bir alman qəzetində bu haqda yazı getmədi. Əgər ermənilərin başına belə bir müsibət gəlsəydi, bütün Almaniya qəzetləri yazacaqdı. Təbliğatımız çox zəifdir”.
Fuad bəy azərbaycanlılara tövsiyə də verib: “Çalışın, dini siyasətə qatmayın. Din siyasətə qatılsa, Azərbaycan 500 il geri atılacaq. İrana baxın”.