Bu gün Gəncə şəhəri M.P.Vaqif adına 8 nömrəli tam orta məktəbin XI sinif şagirdi Raul Rəhimov məktəbin önündə qətlə yetirilib. Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin İnzibati təşkilat sektorunun müdiri Azər İbrahimov bildirib ki, qətl törətməkdə şübhəli bilinərək saxlanılan 2007-ci il təvəllüdlü F.Şabanov valideynin ərizəsi əsasında orta məktəbdəki təhsilini dayandırıb və ondan sonra heç bir məktəbdə təhsilinə davam etməyib.
Bu hadisə fonunda məktəblilərin son dövrlər aqressiv olması, bıçaqlanma hadisələrinin artması cəmiyyətdə narahatlıq doğurur.
Məsələ ilə bağlı Teleqraf.com-a danışan kriminalist Mahmud Hacıyevin sözlərinə görə, cinayət hadisəsindən heç kim sığortalamayıb, lakin valideyn və məktəb tərbiyəsi elə olmalıdır ki, məktəbli üstündə bıçaq gəzdirməsin:
"Bizim dövrümüzdə, ümumiyyətlə, məktəblinin əlinə heç bıçaq dəyməzdi. Keçmişdə təhsil sistemi, valideyn tərbiyəsi yaxşı mənada tamam başqa cür idi. İndi artıq 5-ci sinifdən uşaqların əlində telefon görürük. Detektiv filmlərə, kriminal hadisələrə baxırlar. Elə şagirdlər var ki, ailə, məktəb tərbiyəsi yüksək səviyyədədir. Bu cür uşaqlar bu cür hadisələrə meyillənmirlər. Beş barmağın beşi də bir deyil. Hamının ailəsi yüksək səviyyədə olmur. Konfliktli ailələr var. Belə ailədə böyüyən uşaqlar tez-tez dava salır, təhsildə də geri qalır.
Yeniyetmə belə hadisə törədirsə, əsas günah valideyn və məktəbin üzərinə düşür. Keçmişdə belə hadisə olanda aləm bir-birinə qarışardı. Əvvəllər məktəblərə təhsil qurumları nəzarət edirdi. Məktəbli ilə əlaqədar belə hadisə olardısa, yuxarı təşkilatlar həmin məktəbi sözün əsl mənasında darmadağın edirdi. Günahların hamısını məktəb rəhbərliyinin, müəllimlərin üzərinə atmaq kimi fikrim yoxdur. Texnologiyanın təsiri və valideynin günahı çoxdur. Uşaqlara bahalı telefonlar verirlər. Uşaqda telefonda seksual xarakterli kriminal cinayətlərin hamısına baxır".
Kriminalistin fikrincə, uşağa ailədə ciddi nəzarət olmalıdır: "Texnologiya bütün aləmi məhv edib. Ərin arvadını, oğlanın nişanlısını, qardaşın bacısını öldürdüyünə dair son 15-20 ildə çoxlu sayda hadisə yaşanıb. Sonradan istintaqın gedişatından məlum olur ki, telefonda mesaj tapıblar və ya şəklini başqa birinə göndərib. Cinayətlərin 75 faizi texnologiya ilə əlaqəlidir".