Son vaxtlar şagirdlərlə bağlı neqativ hallar baş verməsi barədə məlumatlar yayılır. Nazirlik olaraq baş verən hadisələrin səbəblərini öyrənməyə çalışırıq.
Teleqraf.com xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev fevralın 29-da keçirdiyi brifinqdə deyib.
Onun sözlərinə görə, məktəblərdə baş verən neqativ hallarla bağlı əsas məsələ vaxtında aidiyyəti üzrə müraciət etməkdir:
Əksər hallarda hadisədən 2-3 ay sonra müraciət edilir. Nəzərə almaq lazımdır ki, məktəb istintaq yox, pedoqoji qurumdur. Müraciət gec ediləndə hadisənin səbəbini tapmaq çətin olur. Ən geci bir həftəyə valideyn övladının başına gələni bilməlidir. Heç bir hadisə gizlədilməməlidir. Önəmli olan hadisənin səbəblərini araşdırmaqdır. Səbəb aydın olmadan müəllimin alçaldılması qəti yolverilməzdir".
Nazir bildirib ki, valideyn etinasızlığı, ailə-məişət problemləri, sosial şəbəkələrdəki mənfi trendlər şagirdlər arasında neqativ hadisələrin baş verməsinə zəmin yaradır:
"Baş verən hadisələrin cinayət hadisəsi olmasını hüquq mühafizə orqanları müəyyən edir. Əgər onlar hadisənin cinayət əməli olmasını müəyyən edirsə, günahkar şəxslərə cəza verilir. Məhkəmə qərarı olmadan kiməsə cəza verilməsi doğru deyil. İnzibati xəta halı olarsa, aidiyyəti qurum cərimə edilə bilər. Xırda xoşagəlməz hal olanda məktəb rəhbərliyi bunun qarşısını ala bilirsə, məsələ bitmiş hesab olunur. Nəzərə almaq lazımdır ki, evdə də ikidən çox övladı olan valideyn mübahisə edən uşaqlarını sakitləşdirməkdə çətinlik çəkir.
Emin Əmrullayev qeyd edib ki, müəllimin arxasınca kamera ilə düşüb çəkmək tərbiyə alətlərini onun əlindən almaq deməkdir:
"Çünki müəllim nəsə etməyə çəkinəcək. Bu da yaxşı yerə gətirib çıxarmaz. Ölkədə olan 150 mindən çox müəllimdən 300-500-ü davranış qaydalarını poza bilər. Onsuz da ona qarşı lazımi addımlar atılacaq. Amma belə davranışlar müəllim olmaq istəyənlərin sayının azalmasına təsir göstərir. Elə şagird var ki, heç evdə onunla bacarmırlar".