Əmlak Məsələləri Dövlət Komitəsi ötən ilin noyabrında start verdiyi “kütləvi çıxarış” kampaniyasını davam etdirir. Belə ki, bu dəfə kampaniya Göygöldə keçirilib.
Komitənin dövlət əmlakının özəlləşdirilməsi, icarəsi, idarə edilməsi, xüsusi mülkiyyətin qeydiyyatı ilə bağlı 31 elektron xidmət, o cümlədən 2 onlayn xidmət fəaliyyət göstərir. İndiyədək elektron xidmətlər vasitəsilə 158 minə yaxın müraciət daxil olub.
Göygöldə keçirilən “kütləvi çıxarış” kampaniyası çərçivəsində rayonun 350-yə yaxın sakininin əvvəlki illərdə verilmiş mülkiyyət sənədləri dövlət reyestrindən çıxarışlarla əvəz olunub.
Ötən ilin noyabrında start götürən kampaniya indiyədək Saatlı, Şəmkir, Abşeron, Cəlilabad, Qəbələ, Şəki və Masallıda keçirilib. Yanvar ayında bu kampaniya artıq ikinci dəfədir ki, təşkil edilir. Kampaniya başlayandan bu günədək ümumilikdə 1600-ə yaxın vətəndaşın mülkiyyət sənədləri çıxarışla əvəz edilib.
Qeyd edilməlidir ki, kampaniyanın digər üstünlüyü dövlət reyestrindən çıxarışların vətəndaşlara mobil ofis xidmətləri vasitəsilə birbaşa olaraq yerlərdə təqdim olunmasıdır. Mobil ofislər vasitəsilə çıxarışların verilməsində məqsəd vətəndaşların rahatlığını təmin etmək və vaxta qənaət etməkdir.
2014-cü ildə 205 mindən çox daşınmaz əmlak qeydiyyata alınıb.
Xatırladaq ki, bu kampaniya Azərbaycan Respublikası Prezidentinin 3 fevral 2014-cü il tarixli Fərmanına əsasən həyata keçirilir. Kampaniya çərçivəsində vətəndaşlara əvvəllər verilmiş mülkiyyət barədə aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri kütləvi şəkildə çıxarışlarla əvəz edilir.
İLHAMƏ