28 Yanvar 2015 12:18
3 301
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nazir Quliyev: "Bəzən atılmış körpələri it-pişik tələf edir"

Bakıda xəstəxananın həyətində yeni doğulan uşaq tapılıb. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Bildirilir ki, körpə Nəsimi rayonu ərazisindəki Kliniki Tibbi Mərkəzin həyətində aşkarlanıb. Həmin qız uşağı Körpələr Evinə təhvil verilib.

Bu cür hadisələrlə vaxtaşırı rastlaşırıq. Hər il dünyada 10 milyona yaxın uşaq öz valideynləri tərəfindən atılır. Azərbaycanda isə xüsusilə yeni doğulmuş körpələri küçələrdə, xəstəxana həyətində qoyub gedirlər.

Övladından utanc hissi keçirən valideyn...

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin informasiya və analitik araşdırmalar şöbəsinin məsləhətçisi Aynur Veysəlovanın sözlərinə görə, komitədə uşaqların atılma səbəbi ilə bağlı araşdırma aparılıb. Məlum olub ki, əsas səbəblər qeyri-qanuni nikah və ya dünyaya gələn uşağın şikəstliyidir: "Ancaq səbəbindən asılı olmayaraq uşaqların küçəyə atılması insanlığa sığmayan hərəkətdir. Qeyri-qanuni nikahdan uşaq doğan qadın cəmiyyətdə qınaq obyekti olacağından ehtiyatlanır, buna görə də uşağından canını qurtarmaq fikrinə düşür, çarəni bunda görür. Yaxud körpənin şikəstliyini görən bəzi valideynlər utanc hissi keçirir və övladlarından imtina yolunu seçirlər. 2015-ci ildə artıq bir neçə dəfədir belə hadisə baş verir.

Övlad qadın-kişi münasibətləri nəticəsində doğulur. Ona görə problemi bu ikili münasibətdə, üstəlik cəmiyyətin yanaşmasında axtarmalıyıq. Hər bir insan - kişi və ya qadın öz davranışlarında məsuliyyət hissi keçirməlidir. Xüsusən, kişilər düşünürlər ki, mənim bir qadınla münasibətimin ömrü 1 ay və ya 1 il sürübsə, nəticəsinə heç bir cavabdehliyim yoxdur. Biz bu sahədə qadınlar arasında maarifləndirmə işləri aparmalıyıq. Uşağından imtina edən valideynlər anlamalıdırlar ki, bütün uşaqlar valideynin nikah statusundan və körpənin sağlamlıq durumundan asılı olmayaraq bərabər hüquqlara malikdirlər".

11 mərkəz və göstərilən kömək

Komitə rəsmisinin sözlərinə görə, atılmış uşaqların dövlət tərəfindən müdafiəsi və himayəsi sahəsində çox işlər görülür. Uşaqların öz bioloji valideynləri ilə böyüməsi üçün bütün mümkün tədbirlər həyata keçirilir: "Lakin bu, dəyişilməz faktdır ki, heç bir qayğı ailə nəvazişini əvəz edə bilməz. Ailə cəmiyyətin özəyi və uşaqların müdafiəsi üçün ən təbii mühit olduğundan hökümətin səyləri ailənin rifahını yaxşılaşdırmağa yönəlib. Düşünürəm ki, uşaqların atılmasının qarşısını almaq məqsədilə ailənin rifah durumunun yaxşılaşdırılması ilə yanaşı, onların maarifləndirilməsi də çox zəruridir".

Aynur Veysəlova bilidirir ki, komitənin rayonlarda 11 mərkəzi açılıb. Bu mərkəzlər problemli ailələri aşkarlayır və həmin ailələr müxtəlif xidmətlərlə təmin olunurlar: "Belə ailələrdə doğulan uşaqlar əgər fiziki və əqli cəhətdən sağlam deyilsə, onların reabilitasiyası məqsədilə xüsusi tibbi müəssisələrdə tədbirlər görülür".

"Baby box" nədir?

İnkişaf etmiş bəzi ölkələrdə dünyaya uşaq gətirən valideyn ondan imtina etmək niyyətinə düşürsə, bunun üçün ona müvafiq şərait yaradılır. Belə valideyn yaxınlıqdakı istənilən tibb məntəqəsinə heç bir prosedur keçmədən və məxfilik qorunmaq şərtiylə uşağını təhvil verə bilər. Bunun üçün tibb məntəqələrinin yaxınlığında "baby box"lar, yəni uşaq qutuları yerləşdirilir. Uşağı qutuya qoyandan sonra avtomatik olaraq pəncərə bağlanır. Bu zaman 2 dəqiqə ərzində siqnalizasiya işə düşür, dərhal tibbi heyət gəlib uşağı götürür.

Məsələyə münasibət bildirən Uşaq Hüquqları üzrə QHT Alyansı İdarə Heyətinin sədri Nazir Quliyevin sözlərinə görə, Azərbaycanda da bu təcrübədən istifadə etmək mümkündür: "Müəyyən səbəblərdən valideynlər uşaqlarından imtina edir, öz övladlarını ya xəstəxana həyətinə, uşaq evlərinə qoyur, ya da küçəyə atırlar. Bu hallar uşaqların həyatını risk altında qoyur. Körpələr bəzən onların həyatı üçün təhlükəli olan yerlərə atılır. Bizdə faktlar var ki, atılmış uşaqlar hansısa heyvanların qurbanı olublar. İtin, pişiyin tələf elədiyi körpələrin sayı az deyil. Buna görə də Azərbaycanda "baby box"ların qurulmasını vacib hesab edirəm. Belə qutular elə dizayn edilir ki, ora uşaq qoyuldusa, o uşağı oradan başqasının çıxarması mümkün deyil. Yəni körpə hər cür təhlükədən izolyasiya olunur. Yalnız cavabdeh şəxslər həmin usağı götürə bilərlər".

Ekspertin fikrincə, bu məsələdə tibbi xidmətlərin gücləndirilməsi də mühüm amildir: "Analar tibbi müayinəyə cəlb olunmalıdırlar. Çünki atılan körpələrin anaları çox zaman tibbi müayinədən keçməyən qadınlar olur. Digər tərəfdən, tibb müəssəsələrində psixoloji müayinələr aparılmalıdır. Psixoloq hamilə və ya doğmuş qadınla söhbət zamanı biləcək ki, depressiyaya düşən, yanına kimsənin gəlmədiyi ananın uşaqdan imtina etmək riski daha çoxdur. Belədə uşağı vaxtında anadan almaq lazımdır. Fikrimcə, körpənin küçəyə atılmasındansa onun sivil qaydada təhvil verilməsi daha düzgündür. Bu halda həm körpə təhlükə riskiylə üzləşməz, həm də qadın travma almaz".

Məlumat üçün bildirək ki, "baby box" ilk dəfə Çexiyada 2005-ci il iyunun 1-də, Beynəlxalq Uşaq Günündə özəl bir tibb mərkəzində yaradılıb. Üstündən 5 il keçəndən sonra bu qutuların sayı ölkə üzrə 35-ə çatıb. Avropa ölkələrində - Avstriya, İsveçrə, Almaniyada da "baby box"lar var.

Uşaqların ailələrə verilməsi üçün hansı kriteriyalar əsasdır?

Onu da qeyd edək ki, Azərbaycanda uşaq övladlığa götürmək istəyənlər çoxsaylı bürokratik əngəllərlə qarşılaşırlar. Övlad götürüb böyütmək istəyənlər müəyyən bəhanələrlə rədd olunurlar.

De-institutlaşma və Uşaqların Müdafiəsi İdarəsindən verilən məlumata görə, mövcud qanunvericiliyə əsasən, aşağıdakılar istisna olmaqla, yetkinlik yaşına çatmış, hər iki cinsdən olan şəxslər himayədar valideyn ola bilərlər:

- məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan və ya fəaliyyət qabiliyyəti məhdud hesab edilən şəxslər;
- məhkəmə tərəfindən valideynlik hüquqlarından məhrum olunan və ya valideynlik hüquqları məhdudlaşdırılan şəxslər;
- üzərinə qanunla qoyulan qəyyumluq vəzifələrini lazımi qaydada yerinə yetirmədiyi üçün həmin vəzifələrdən kənarlaşdırılan şəxslər;
- keçmiş övladlığa götürülənlər, əgər övladlığa götürmə onların təqsiri üzündən məhkəmə tərəfindən ləğv olunmuşsa;
- səhhətinə görə uşağı tərbiyə etmək vəzifəsini həyata keçirə bilməyən şəxslər.

İlhamə Əbülfət


Müəllif: