Azərbaycanın ilk satirik jurnalı olan "Molla Nəsrəddin"in yaranmasından 118 il ötür. Jurnalın ilk nömrəsi 1906-cı il aprelin 7-də Tiflisdə “Qeyrət” mətbəəsində çıxıb.
Teleqraf.com xəbər verir ki, nəşrin 1-ci nömrəsində əhatə olunmuş ədəbi, ictimai-siyasi məsələlər sonralar da dövrün tələbinə uyğun şəkildə davam və inkişaf etdirilib.
Jurnal 1906-1918-ci illərdə Tiflisdə, 1921-ci ildə Təbrizdə, 1922-1931-ci illərdə Bakıda nəşr edilib. İyirmi beş il ərzində 748 nömrəsi çıxıb.
Jurnal öz "lüğət"lərində, "tapmaca"larında, "mükalimələr"ində, "hesab məsələləri"ində, felyeton və satirik şeirlərində mütərəqqi ideyaları təbliğ edib. Sosial-siyasi problemlər sadə xalq dilində, düşündürücü şəkildə, orijinal satirik vasitələrlə əks etdirilib.
Dövrünün tanınmış sənətkarları Ömər Faiq Nemanzadə, Mirzə Ələkbər Sabir, Əbdürrəhim bəy Haqverdiyev, Əli Nəzmi, Əliqulu Qəmküsar, Məmməd Səid Ordubadi, Mirzəli Möcüz Şəbüstəri, Əzim Əzimzadə, Oskar Şmerlinq və başqaları mollanəsrəddinçi tənqidi-realist ədəbiyyatın inkişafında böyük xidmətlər göstəriblər.
Jurnalın nəşri ilə Azərbaycan mətbuatında yeni istiqamət - "Molla Nəsrəddin" adlı fikir cərəyanı və ədəbi məktəb yaranıb, satirik jurnalistikanın və karikatura sənətinin əsası qoyulub.