Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi sədrinin beynəlxalq əlaqələr üzrə sabiq müşaviri Cəbrail Fərzəliyevin apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf.com xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində hakim Cavid Hüseynin sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.
Qərara görə, Cəbrail Fərzəliyevin şikayəti təmin olunmayıb.
Qeyd edək ki, Cəbrail Fərzəliyev günahsız olduğunu iddia edib və barəsində bəraət hökmünün çıxarılmasını istəyib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Cəbrail Fərzəliyev 10 il müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, Cəbrail Fərzəliyev 527 min manat mənimsəmədə ittiham olunur. O, “Paşa Bank”dan, “Gənclər Fondu”ndan müxtəlif işlər görmək adıyla ümumilikdə 527 min manat vəsait götürüb və mənimsəyib.
Ona qarşı Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham elan olunub.
Qeyd edək ki, Cəbrail Fərzəliyev Gənclər Birliyinin də üzvü olub. O, həmçinin politoloq kimi fəaliyyət göstərib.
2018-ci ildə Gənclər Fondunun maliyyə dəstəyi ilə 8-ci qrant müsabiqəsinin qalibi olub.
Zərərçəkmiş qismində isə həm “Paşa Bank”, həm də Gənclər Fondu tanınıb.
Cəbrail Fərzəliyev istintaq dövründə dəymiş ziyanın - 527 min manatın bir hissəsini ödəyib.