30 Yanvar 2015 16:21
1 109
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü millət vəkili Qənirə Paşayeva qurumun toplantısında Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında azərbaycanlılara məxsus dini, tarixi, mədəni abidələri, qəbirstanlıqları dağıtması məsələsini qaldıraraq Assambleyanı bu cinayətləri durdurmaq üçün addımlar atmağa çağırıb.

Teleqraf.com-un məlumatına görə, o, həmçinin Ermənistanda, tarixi Azərbaycan torpaqlarında rəsmi İrəvanın etnik təmizləmə siyasəti yürüdərək bütün azərbaycanlıları öz evlərindən qovmasından sonra bu ölkədə azərbaycanlılara məxsus dini, tarixi, mədəni abidələrlə yanaşı qəbirstanlıqların da dağıdıldığını deyib və təşkilatı bu məsələyə sərt münasibətə səsləyib: “Azərbaycanda erməni kilsəsinə toxunulmayıb, amma Ermənistanda azərbaycanlılara məxsus bütün məscidlər, dini, tarixi, mədəni abidələr, hətta qəbirstanlıqlar da dağıdılıb. Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarında da azərbaycanlılara məxsus bütün dini, tarixi, mədəni abidələri, qəbristanlıqları dağıdırlar və bizim əlimizdə sizə göstərə bilmək üçün kifayət qədər foto və video materiallar var”.

Millət vəkili Ermənistan nümayəndə heyətinin Assambleyaya yalan məlumatlar verdiyini və Azərbaycan əleyhinə böhtan çıxışlar etdiklərini göstərmək üçün Assambleyaya müraciətlə deyib: “Əgər siz Azərbaycana gəlsəniz, ölkəmizdə yaşayan Azərbaycan vətəndaşı olan erməniləri görə bilərsiniz. Amma Ermənistanda bir nəfər də olsun azərbaycanlı qalmayıb, onların hamızı zorla öz evlərindən qovulub. Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərində də azərbaycanlı qalmayıb, çünki Ermənistan Silahlı Qüvvələri onların hamısını zorla öz evindən qovub. 20 mindən çox azərbaycanlını qətlə yetiriblər. Xocalıda dəhşətli soyqırım həyata keçiriblər.”

Q.Paşayeva dini inancından, etnik mənsubiyyətindən asılı olmayaraq insanların dini, tarixi abidələrinin məhv edilməsinin yolverilməz olduğunu bildirib. O, Assambleyanı Ermənistanın azərbaycanlılara məxsus dini, tarixi, mədəni abidələr və eyni zamanda qəbristanlıqları dağıtmasına sərt reaksiya verməyə və bu cür cinayətləri durdurması üçün Ermənistana təzyiq göstərməyə çağırıb.

Nərgiz


Müəllif:

Oxşar xəbərlər