30 Yanvar 2015 19:52
724
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şahin Camalov: “Ermənilər girovlara qarşı qeyri-insani rəftar nümayiş etdirir”

Xəbər verdiyimiz kimi, Azərbaycanın AŞPA-da nümayəndə heyətinin üzvü, millət vəkili Elxan Süleymanov tərəfindən girovlarla bağlı AŞPA katibliyinə qətnamə layihəsi təqdim edilib. Bu layihəyə Avropa Şurasına üzv olan 47 ölkədən 23 ölkəni təmsil edən 46 deputat imza atıb.

Məsələyə münasibət bildirən politoloq Rüstəm Məmmədov deyib ki, bugünkü şəraitdə Azərbaycanın xeyrinə olan bütün variantlardan istifadə etməyi bacarmalıyıq. Onun sözlərinə görə, bizim məqsədimiz haqq səsimizi dünyaya çatdırmaq, ölkəmizə qarşı edilən əsassız həmlələrin qarşısını almaqdır: “Bu mənada xüsusi kəsb edən məsələ girovların qaytarılmasıdır. Azərbaycan bu məsələdə haqlı olduğunu sübut etmək üçün dünya təcrübəsinə əsaslanır. Dünya təcrübəsində girovların götürülməsinin qanunsuz olması ilə bağlı "Girovların götürülməsinə qarşı mübarizə haqqında" 1979-cu il Konvensiyası var. Hesab edirəm ki, biz həmin girovların qanunsuz götürülməsini sübut etmişik. Ermənistan Dilqəm və Şahbazı girov götürməklə faktiki olaraq özünün taleyini həll etmiş olur. Bu da onu sübuta yetirdi ki, Azərbaycan haqq səsi ədalətlidir və artıq sübut etməyə elə bir məsələmiz qalmayıb”.

İnsan Hüquqları XXI əsr - Azərbaycan Fondunun sədri Şahin Camalov bildirib ki, millət vəkili Elxan Süleymanov bu qətnamə layihəsinə qədər Avropa Şurasında iki qətnamənin qəbul edilməsinə nail olub: “Bunlardan biri Sərsəng su anbarı ilə bağlı idi. Digəri isə “Dağlıq Qarabağ və digər işğal olunmuş ərazilərdə gərginliyin artması” adlı qətnamə layihəsi idi. Bu ilk dəfə olaraq böyük uğurlardan biri idi ki, Avropa Şurasının sənədlərində “Azərbaycanın Dağlıq Qarabağ və digər işğal edilmiş əraziləri” ifadəsi istifadə olunurdu. Ermənistanın və Avropa Şurasında təmsil olunan ermənipərəst şəxslərin ciddi maneə törətməsinə baxmayaraq, bu iki qətnamə qəbul olundu. Ümid edirəm ki, üçüncü vacib qətnamə də qəbul olunar. Çünki bu qondarma “Dağlıq Qarabağ” rejimi Ermənistanın işğalçılıq siyasəti nəticəsində yaradılıb və dünya dövlətləri, beynəlxalq hüquq tərəfindən qəbul olunmur. Nəticə etibarı ilə qeyri-legitim bir qurumun “məhkəmə”sinin çıxardığı qərarların hüquqi əsası yoxdur. Qafqazla bağlı mühüm qurumlardan olan Avropa Şurasında bu məsələyə baxılması və Dilqəm Əsgərov və Şahbaz Quliyevin ədalətli məhkəmə hüququnun təmin edilməsinə dair qətnamə çıxarılmasına nail ola biləcəyik. Bir məqamı qeyd edim ki, Sərsəng su anbarı ilə bağlı Avropa Şurasındakı nümayəndə heyətinin iki ilə yaxın ciddi mübarizəsindən sonra qətnamə layihəsi qəbul olundu. Ümid edək ki, bu qətnamə layihəsi uzun müddətdə deyil, qısa vaxt ərzində qəbul ediləcək. Qətnamə layihəsi qəbul olunduqdan sonra isə məruzəçi təyin olunmalıdır və bu məsələ ciddi şəkildə araşdırılmalıdır. Çünki Ermənistan bu günə qədər beynəlxalq hüquq normalarının prinsiplərini tapdalayaraq Azərbaycan torpaqlarını işğal altında saxlayır və öz ata-baba yurdlarına, evlərinə getmiş insanları girov götürüb, onlara qarşı qeyri-insani rəftar nümayiş etdirir. Hesab edirəm ki, bu qətnamənin qəbulundan sonra girovluq məsələsinə aydınlıq gətiriləcək və Dilqəmlə Şahbaz öz yaxınlarına qovuşacaqlar”.

BƏXTİYAR


Müəllif:

Oxşar xəbərlər