"Lənkəran Müalicə və Diaqnostika Mərkəzində acınacaqlı vəziyyət hökm sürür. Xəstəxananın birinci mərtəbəsində kranlar sınıb, su yoxdur, ayaqyolu isə bərbad vəziyyətdədir. Hamam işləmir, xəstələr yayın istisində əziyyət çəkirlər. Mərkəzin personalı da çox diqqətsizdir, xəstə ilə maraqlanmaq istəmirlər.
Bu sözləri Bakupost.az-a Cəlilabad rayon sakini Lalə Qasımova deyib.
Şikayətçi Lalə Qasımova iyunun 8-də doğuş üçün xəstəxanaya yerləşdirildiyini və iyunun 17-nə kimi mərkəzdə dəhşətli mənzərənin şahidi olduğunu söyləyib: "Yalnız ayın 16-da bir yaxınımın xəstəxanaya zəng vurub şikayət etməsində sonra əl-ayağa düşdülər. Ondan sonra mənə dedilər ki, niyə şikayət edibsən? Həmin gün palatanı təmizlədilər, yataq dəstimi dəyişdilər və mənə diqqət göstərməyə başladılar".
Teleqraf.com məsələ ilə əlaqədar TƏBİB-lə əlaqə saxlayıb.
TƏBİB-dən sorğumuza cavab olaraq bildirilib ki, iyunun 5-də Lənkəran Regional Perinatal Mərkəzə gələn magistral qaz xəttində yaranan problem ətrafda yaşayan əhali üçün təhlükə yaratdığından təmir-bərpa işlərinə başlanılıb və bu səbəbdən qazın verilişi müvəqqəti olaraq dayandırılıb:
“Buna uyğun olaraq mərkəzin pasiyentlərinin isti suya olan təlabatında problemlər yaranıb. Yaranan vəziyyət tezliklə aradan qaldırılacaq".
Qurumun məlumatına görə, Regional Perinatal Mərkəzdə su problemi yoxdur:
"Bütün sanitar qovşaqlarda su kranları işlək vəziyyətdədir. Mərkəzin camaşırxanası fəaliyyət göstərir, yataq dəstləri də sanitar-gigiyenik normalara uyğun yenilənir. Perinatal Mərkəzdə sanitar-gigiyena qaydalarına tam əməl olunur, vaxtaşırı Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin və xəstəxana daxili infeksiyaya nəzarət komitəsinin təlimatına uyğun olaraq dezinfeksiaya işləri aparılır”.
Konkret şikayətçinin üzləşdiyi situasiyaya gəlincə, TƏBİB-dən bildirib ki, hamilə qadın iyunun 8-də Lənkəran Regional Perinatal Mərkəzdə təbii doğuş yolu ilə dünyaya qız uşağı gətirib və zahılıq dövrünün qaydalarına uyğun olaraq tibbi yardım alıb:
"Yenidoğulmuş Neonatologiya şöbəsində nəzarətdə saxlanılıb. Zahı qadın mərkəzdə olduğu müddətdə tibbi xidmətdən narazı olmayıb və bunu Perinatal Mərkəzin məmnunluq jurnalında hər gün üçün öz imzası ilə təsdiq edib".