Azərbaycanda 2020-ci ilin martından etibarən koronavirus pandemiyası ilə əlaqədar quru sərhədləri bağlıdır. Xaricə səfərlər 4 ilə yaxındır ki, yalnız hava nəqliyyatı ilə həyata keçirilir. Ölkədə pandemiya ilə bağlı məhdudiyyətlərin demək olar ki, hamısı aradan qaldırılıb. Xüsusi karantin rejiminin müddəti isə 2024-cü ilin iyul ayının 1-i saat 06:00-dək uzadılıb. Hələ ki quru sərhədlərin açılıb-açılmayacağı ilə bağlı rəsmi məlumat yoxdur. Cəmiyyəti ən çox maraqlandıran məsələlərdən biri də quru sərhədlərin nə vaxt açılacağıdır. Pandemiya bitib, üstəlik, Azərbaycanın bütün qonşuları quru sərhədlərini açıblar. Bəs Azərbaycanda iyulun 1-dən quru sərhədlərinin açılması gözlənilirmi?
Mövzu ilə bağlı Teleqraf.com-a danışan Milli Məclisin deputatı Ceyhun Məmmədov quru sərhədlərin bağlı olmasını təhlükəsizliklə əlaqələndirir:
“Hazırkı məqamda sərhədlərin bağlı saxlanılması çox doğru bir qərardır. Hesab edirəm ki, quru sərhədləri ilə bağlı məsələdə real vəziyyəti, dünyada gedən prosesləri nəzərə alaraq, hələ ki quru sərhədlərin açılması məqsədəuyğun deyil. Bunun bir çox səbəbləri var. Səbəblərdən biri pandemiya təhlükəsinin hələ tam bitməməsidir. Düzdür, artıq problem arxada qalsa da ehtiyatlı davranmalıyıq. Digər önəmli məsələ təhlükəsizliklə bağlıdır. Bu gün həm region ölkələrində, həm dünyada gedən proseslər onu göstərir ki, təhlükəsizlik tədbirləri ilə bağlı hələ bir müddət gözləməli, tələsməməliyik. Nəzərə almalıyıq ki, ətrafımızda hələ də xeyli problemlər var. Bu gün quru sərhədləri bağlı olmasa, ümumi təhlükəsizliklə bağlı proseslərin idarə olunması daha çətin olar. Bizə məlumdur ki, vətəndaşlarımız quru yolla xaricə getmək istəyirlər. Amma düşünürəm ki, biz səbr etməliyik. Bir müddət sonra dövlətimiz müvafiq qərarı verəcək”.
Milli Məclisin deputatı Fazil Mustafa da iyulun 1-dən quru sərhədlərin açılacağını güman etmir:
"Çünki ölkədə COP-29 tədbirinin keçirilməsi və seçkilər məsələsi aktual olaraq gündəmdədir. Ona görə də xüsusi karantin rejimi müddəti uzadılacaq. Ancaq yüngülləşdirmək istiqamətində addımlar ola bilər. Mən çox istərdim ki, xəstələrin, tələbələrin işlərini asanlaşdıracaq addımlar atılsın. İstirahətə, müalicəyə gedən insanların vəziyyətləri nəzərə alınmalıdır. Amma indiki vəziyyətdə quru sərhədlərin açılması mümkün görünmür. Yəqin ki, bu tədbirlər başa çatdıqdan sonra qarşıdakı ildə məsələyə baxılacaq”.