Xəzərin Hövsan və Türkan sahillərində balıqların kütləvi ölümü qeydə alınıb. Bununla bağlı görüntülər sosial şəbəkədə yayılıb. Balıqların ölümünə səbəb nədir?
Məsələ ilə bağlı Teleqraf.com-a açıqlama verən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova deyir ki, balıqların ölüm səbəbi ilə bağlı nəticələr hələlik hazır deyil:
“Balıqların ölüm səbəbini müəyyən etmək üçün Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin mütəxəssisləri sözügedən əraziyə baxış keçirib. Sudan və ölmüş balıqlardan nümunələr götürülüb. Aparılacaq analizlərin nəticəsi əldə olunan kimi ətraflı məlumat veriləcək".
Ekoloq Məhərrəm Mehdiyev isə hesab edir ki, balıqların kütləvi ölümünə səbəb dəniz səviyyəsinin aşağı düşməsidir: "İsti havada sular qızır. Balığın da isti suya dözüm norması var. Suyun qızması səbəbindən onlar belə kütləvi qırıla bilərlər. Başqa səbəb tapmaq çətindir. Xəzərdə elə bir çirkəndirici mənbə yaranmayıb ki, deyək, səbəb budur.
Havanın temperaturunun yüksəlməsi nəticəsində suda oksigen çatışmazlığı yaranır. Bu da balıqların məhvi ilə nəticələnir”.