Ötən əsrdə Türkiyədə və digər Avropa ölkələrində, hətta uzaq Amerika qitəsində böyük ticarətlə məşğul olmuş azərbaycanlı tacir ailələri yaşayıblar. Bu ailələr daha çox xalça ticarəti üzrə formalaşıblar, Güney Azərbaycanda istehsal olunan xalıları dünyanın bir çox ölkələrinə sata biliblər. Məsələn, gəncəli məşhur Hacıbaba Məhəmmədzadə İstanbuldakı xalı ticarətini Nyu-Yorka qədər genişləndirə bilmişdi. Amerikada təhsil almış iki oğlu vasitəsilə bu işi həyata keçirmişdi. Şamaxıdan olan Qurbanovlar (Kurbangil) ailəsinin də İstanbulda xalça biznesi var idi.
Şübhəsiz ki, bu işdə Cənubi Azərbaycandan İstanbula gələn tacirlər daha önəmli rol oynayıblar. Həmin ailələrdən biri də Tağızadə ailəsi haqqında yazdığımız iki hissəli məqalədə adları keçən Fəyyazovlar ailəsidir. Bu ailənin adına ilk dəfə Səməd Ağaoğlunun xatirələrində rast gəlmişdim.
Təbrizdən Şuşaya
Mərhum şəcərəşünas alim, jurnalist-etnoqraf Ənvər Çingizoğlu bu ailənin soykökü haqqında önəmli bilgilər əldə etmişdi. O, ailənin soykökünün Cənubi Azərbaycandan Qarabağa gəldiyini bildirib: “Şuşa şəhərinin Təbrizli məhəlləsinin tanınmış sоylarından biri də Hacı Fəyyaz uşağıdır. Bu sоyun ulu babası Fəyyazdır. Fəyyaz Cənubi Azərbaycanın Təbriz şəhərində anadan оlmuşdu. Şuşa şəhərinə köçürülmüşdü. Müqəddəs Kəbəyi-müəzzəmi ziyarət etmişdi. Hacı Fəyyazın törəmələri Fəyyazov soyadını daşıyırdılar. Hacı Fəyyazın Qafur, Şükür adlı oğulları vardı. Hacı Fəyyazın ikinci oglu Şükür 1772-ci ildə Şuşa şəhərində anadan оlmuşdu. Mədrəsə təhsili almışdı. Ticarətlə məşğul idi. Pak Xоrasan tоrpağını, Məşhədi-müqəddəsi ziyarət etmişdi.
Məşədi Şükür Fatma ilə ailə qurmuşdu. Fəyyaz, Mehdiqulu, Sadıq, Hacı, Abbas adlı oğlanları, Nabat, Xanım adlı qızları vardı.
II Fəyyaz Məşədi Şükür oğlu 1805-ci ildə Şuşa şəhərində doğulmuşdu. Mədrəsə təhsili almışdı. Ticarətlə məşğul idi. Müqəddəs Məkkəyi-müəzzəmi ziyarət etmişdi. II Hacı Fəyyazın Məmmədqulu, Məmmədəli adlı oğlanları vardı. Məmmədqulu Hacı Fəyyaz oğlu 1845-ci ildə Şuşa şəhərində dünyaya gəlmişdi. Mədrəsə təhsili almışdı. Ticarətlə məşğul idi. Müqəddəs Məkkəyi-müəzzəmi ziyarət etmişdi. Hacı Məmmədqulunun Şuşada, Təbrizdə, Tiflisdə dükanları vardı... Fəyyazovlar sonralar Londonda iri ticarət mərkəzləri açdılar. Əsasən xalça alveri edirdilər. Hacı Məmmədqulunun törəmələri Tehranda sahibkarlıqla məşğul olurdular. Onlar babalarının açdıqları ticarət obyektlərini genişləndirmişdilər”.
Göründüyü kimi çox əski vaxtlardan ticarətlə məşğul olan bu ailə XX əsrdə də bu işi davam etdirib, İstanbul və London arasında genişləndiriblər. Buna görədir ki, Əhməd bəy Ağaoğlunun oğlu həmyerliləri olan bu ailəni tanıyırdı və xatirələrində az da olsa onlara da yer ayırıbdır.
Səməd bəy “Həyat bir macəra!” adlı xatirə kitabında Fəyyazovlar haqqında yazıb:
“Bir də Fəyyazovlar. İstanbulun o illərdə çox tanınmış, kökü bizim kimi qarabağlı tacir ailəsinə mənsub olan bu insanların hər biri yaddaşımda ayrı-ayrı xatirələr buraxdılar. Qadınlı kişili, Pikassonun tablolarındakı simalara bənzəyirdilər. Aralarında birinin, ailə başçısı “ağa”nın o yaşlarda belə üstümdə qəribə bir təsiri oldu. Bu, bir ayağı topal, bir qolu çolaq, az və ağır-ağır danışan, orta boylu, kök, ağüzlü, incə dodaqlı adamda insanı özünə çəkən bir güc var idi. Bu nə idi, bilmirəm; şikəstliyindənmi gəlirdi, başqa bir mənbədənmi, amma məni düşündürür və qorxudurdu”.
Səməd bəy ailə haqqında geniş bilgi verməsə də, onların üzləşdiyi ağrılı faciələri xatirələrində sadalayıb:
“Çanaqqala döyüşünün ən şiddətli zamanında atam, bir ayağımızın Anadoluda olması üçün bizi Ömər Nacinin ailəsi ilə birlikdə ağanın Kadıköydəki böyük köşkünə apardı. Orada on beş gün qaldıq. Bütün Fəyyazovlar topal ayağının və çolaq yumruğunun altında idi. Aralarından yalnızca biri; zəif, uzun, demək olar ki, həmişə asıq üzlü, yaşıl gözlü arvadı bir az hərəkət edə bilirdi. Bu ağa bir neçə il sonra qəfildən dəli oldu. Sağaldıqdan sonra evinə dönmək istəməyərək Eyüpdə bir təkkəyə girdi. Kiçik oğlu, dostum Mahmud oxumağa getdiyi Polşada özünü dəmiryolunda kəsişmə nöqtəsinə ataraq intihar etdi. Üstündən üç qatar ard-arda keçmişdi. Kiçik qızı yenə özünü öldürmək məqsədilə bir qış günü Fənərbağçadan dənizə girərək xəstələndi, verilən dərmanları almadan, qısa bir müddət sonra öldü. Böyük oğlu bir məktub buraxaraq itdi. Üç-dörd həftə sonra dənizdən, yarısı balıqlar tərəfindən yeyilmiş cəsədini çıxartdılar. Ailədən qalanlar da dağılaraq hər biri bir yana getdi. Molla Güranidə ağanı gördüyüm zaman məni qorxudan əcaba bu aqibətləri idimi?”.
İstanbuldan Londona
Tağızadə ailəsi haqqındakı yazımızda tacir Məhəmməd Tağızadənin qardaşı Cabbar bəyin Belçikada ticarətlə məşğul olduğunu, Fəyyazov ailəsinin qızı ilə evləndiyini qeyd etmişdik. 1920-ci illərdə Bakıda yaşayan Məhəmməd Tağızadə İstanbul-Qafqaz-London arasında xalça, daş-qaş, manifaktura ticarəti ilə məşğul olmuşdu və bu işlər Fəyyazovların şirkəti vasitəsilə həyata keçirilmişdi. Türkiyə dövlət arxivindəki 23 iyul 1926-cı il tarixli bir sənədə görə ailədən İsmayıl Fəyyazov Londonda yaşamaqdadır. Cabbar Tağızadə, ehtimal ki, ailənin bu qolu ilə qohum olub.
Prezident Mustafa Kamal Atatürkün və nazirlər kabinetinin 23 sentyabr 1925-ci ildə imzaladıqları bir sənəddə Türkiyə vətəndaşlığına keçmələrində hər hansı bir maneənin olmadığı şəxslər arasında bu ad da çəkilib: Heydər Fəyyaz. Atasının adı: Hacı M. Əli Fəyyazov. Doğum yeri və tarixi: İran, 1290 (miladi 1874). Bu sənəddə Heydər bəyin İstanbulda tacir olduğu, Türkiyə təbəəsi Fatma Fərxundə xanım ilə evləndiyi və Fərhan adında qulaqdan əlil bir qızı olduğu yazılıb.
Görünür ki, Heydər Fəyyazov yuxarıda Ənvər Çingizoğlunun qeyd etdiyi II Hacı Fəyyazın nəvəsi, Məhəmmədəli Fəyyazovun oğludur. Atatürkün və nazirlərin 5 dekabr 1928-ci ildə imzaladıqları digər bir sənəddə rumi təqvimlə 1323-cü il təvəllüdlü (miladi 1907) Bədriyyə Heydər qızı Fəyyazova da Türkiyə vətəndaşlığı verilib.
Səməd bəyin “ağa” deyə adlandırdığı şəxsin də iki qızı olduğunu nəzərə alsaq, ehtimal ki, ağrılı xatirədə Heydər Fəyyazovdan bəhs edilib. Yeri gəlmişkən, Səməd bəyin yazdığı “Böyük ailə” adlı hekayəsi də bu ailənin taleyi əsasında yazılıb.
Qeyd edək ki, Fəyyazovların da ticari ofisləri İrandan gələn bir çox tacirlər kimi İstanbuldakı Validəxanda yerləşib. Hacı Məhəmmədəli Fəyyazov 10 il (1895-1904) burada fəaliyyət göstərib. Dilsizzadə iş xanında isə bu ailədən Əbdüləli Fəyyazov xalı ticarəti ilə məşğul olub. Cənubi Qərbi Qafqaz hökumətinin başçısı İbrahim Cahangirzadə Malta dəftərində 15 may 1921-ci il tarixində Tarantodan İstanbulda Əli Fəyyazova teleqram göndərdiyini qeyd edib...
Fəyyazovlar ailəsi haqqında hələ ki əldə etdiyimiz məlumatlar bu qədərdir.