Qərbi Azərbaycanda yaşayan soydaşlarımızın XX əsrdə mərhələlərlə davam edən deportasiyası coğrafi xəritəmizi dəyişdirdirməklə yanaşı, tarixi irsimizə, milli genefondumuza ciddi mənfi təsir göstərdi. Köçürülmədən dərhal sonra tarixi abidələrimizin mənimsənildi, dağıdılması, milli toponimlərimiz erməni adları ilə əvəzləndi. Ermənistan ötən əsrin 90-cı illərinə qədər həyata keçirdiyi deportasiya siyasətini sonrakı illərdə də davam etdirmək niyyətində idi. 1992-ci ildən başlayaraq Qarabağ və Şərqi Zəngəzurun əraziləri işğal olundu. Bu torpaqlarda da etnik nişanələrimiz dağıdıldı, soyqırımına məruz qaldı.
AMEA-nın Tarix İnstitutunun əməkdaşı, mədəni irsin araşdırılması üzrə ekspert Faiq İsmayılov araşdırmalarına görə, Qərbi Azərbaycan ərazisində min illər boyu yaşamız soydaşlarımıza qarşı etnik təcavüz, mədəni irsin yox edilməsi mərkəzləşdirilmiş, sitemləşdirilmiş və məqsədli şəkildə həyata keçirilib.
Mədəni nişanələrimiz Ermənistanda dövlət səviyyəsində yox edilirdi, dəyişdirilirdi. İstəyirdilər ki, azərbaycanlıların bu ərazilərin tarixi və əzəli sakinləri olmadığını dünyaya sübut etsinlər. 1988-ci ildən başlanan sonuncu etnik təmizləmə nəticəsində on minlərlə azərbaycanlı ailəsinin əmlakı və mədəni irs nümunələri də ermənilər tərəfindən qarət edilmiş, mənimsənilmişdir. Bundan başqa, Qərbi Azərbaycanın qədim toponimləri bütünlüklə erməni adları ilə əvəzlənmişdir.
İndiki Ermənistan ərazisində xalqımıza məxsus 3 min 500 tarix və mədəniyyət abidəsi, 500 qəbiristanlıq, 391 məscid qəddarlıqla dağıdılmış, tamamilə yox edilmişdir.
Ermənistanın siyasi rəhbərliyinin göstərişi ilə Zəngəzur vilayətinin Qafan, Mehri, Xot, Şinuayr, Əlidərə inzibati yaşayış məntəqələrində viran qoyulmuş 900-dən çox tarix və mədəniyyət abidəsinin xarabalıqları bu gün də qalmaqdadır.
Bu kəndlərdə ermənilər 900-dən çox tarix və mədəniyyət abidəsi – yaşayış evləri, məscidlər, alban dövrü tikililəri, bədii daş nümunələri, qəbir daşları, at-qoç fiqurları dağıdılaraq yararsız hala salınıb.
Qərbi Zəngəzurda törədilmiş vandallıq aktlarını konkret faktlarla göstərək:
Qərbi Zəngəzur ərazisində yerləşən Əldərə qalası və bu qalanın yerləşdiyi kənddəki bütün abidələr ya dağıdılıb, ya da erməniləşdirilib. Qafan rayonunun inzibati yaşayış mərkəzlərindən biri olan, Gorus şəhərindən 23 kilometr məsafədə yerləşən qədim Əldərə kəndində 200-dən çox yaşayış evi, məscid, karvansara və digər tikili ermənilər tərəfindən dağıdılmış və ümumilikdə kənd xarabalığa çevrilmişdir.
Qismən salamat qalmış Əldərə qalasını isə ermənilər özününküləşdirmək niyyəti ilə 2010-cu ildə onun bir hissəsini təmir edərək üstünə zəng qülləsi əlavə edərək qriqorian kilsəsi kimi təqdim ediblər. Ümumi tarixi 1200–1300-cü illəri əhatə edən bu kənddə həm qalaya, həm də digər tarixi abidələrə qarşı vandalizm aktları da UNESCO-ya göndərilmiş, lakin heç bir reaksiya olmayıb.
Dəmirbulaq məscidi. İrəvan şəhərində vaxtilə sırf azərbaycanlıların yaşadığı Dəmirbulaq massivində XX əsrin əvvəlində üç məscid qeydə alınmışdır. Həmin məscidlər bunlardır: Hacı Novruzəli bəy, Hacı Cəfər bəy və Dəmirbulaq məscidi. 1988-ci il fevralın 23-də erməni vandalları İrəvan şəhərindəki Dəmirbulaq məscidini və M.F.Axundov adına 9 №-li azərbaycanlı orta məktəbin binasını yandırmışlar.
Əmir Səəd məqbərəsi. İrəvan şəhəri və onun ətrafında mövcud olan azərbaycanlılara məxsus tarixi-memarlıq abidələrindən yeganə salamat qalanı şəhərin yaxınlığında, İrəvan–Eçmiədzin yolunun üstündə yerləşən Cəfərabad kəndindəki Əmir Səəd məqbərəsidir. Əmir Səəd məqbərəsi Qaraqoyunlu əmirlərindən olan Əmir Səədin oğlu Pir Hüseyn tərəfindən atasının məzarı üzərində ailə türbəsi kimi 1413-cü ildə inşa etdirilmişdir. Cəfərabad kəndinin adını ermənilər 1946-cı ildə dəyişdirərək Arqavand adlandırmışlar.
Göy məscid. İrəvan şəhərini təsvir edən bütün səyyahların və tədqiqatçıların əsərlərində həm ölçülərinin miqyasına, həm də gözəlliyinə görə şəhərin ən möhtəşəm memarlıq abidəsi kimi Göy məscidin adı birinci çəkilir. Şərq memarlığının nadir nümunələrindən hesab edilən Göy məscidin inşasına 1760-cı ildə başlanılmış, 1765-ci ildə Hüseynəli xanın hakimiyyəti dövründə başa çatdırılmışdır. Həmin məscid 1616-cı ildə Şah Abbas dövründə Gəncədə inşa edilən Cümə məscidinə bənzəyir. Hazırda Ermənistan rəsmiləri Göy məscidi xaricdən gələn qonaqlara “Fars məscidi” kimi təqdim edirlər.
Hacı Novruzəli bəy məscidi. İrəvan şəhərindəki Hacı Novruzəli bəy məscidi XVIII yüzilin 2-ci yarısında Qara Seyid adlı şəxs tərəfindən tikilmişdir. Məscid şəhərin Dəmirbulaq massivindəki Hacı Novruzəli məhəlləsində (indiki dəmiryol vağzalı rayonunda) yerləşdiyindən məhəllənin adı ilə Hacı Novruzəli bəy məscidi adlanmışdır. Тəkminarəli bu məscid XX yüzilin 30-cu illərində erməni vandalları tərəfindən dağıdılaraq məhv edilmişdir.
Rəcəb Paşa məscidi. İrəvan şəhəri 1724-cü ildə Osmanlı qoşunları İrəvanı ələ keçirdikdən sonra türk sərkərdəsi Rəcəb Paşa şəhərin inkişafı üçün bir sıra tədbirlər həyata keçirmişdir. Rəcəb Paşa məscidi 1930-cu illərdə İrəvan şəhərinin baş planına qurban olmuşdur.
Sərdar məscidi. Ayrı-ayrı dövrlərdə səyyahların əsərlərində, tədqiqatçıların araşdırmalarında İrəvan qalasındakı Sərdar sarayının yaxınlığında yerləşən “Sərdar məscidi”, yaxud “Abbas Mirzə məscidinin” adları çəkilir. Ermənistan hökuməti məscidin qalığını “qorunan tarixi abidələr” siyahısında 2007-ci ildə Avropa Şurasına təqdim etmişdir. Erməni vandalları Sərdar məscidinin “qorunan” divar qalığını da 2014-cü ilin noyabr ayının ortalarında yer üzündən silmişlər.
Təpəbaşı məscidi. Məlumat-lara görə, bu məscidi İrəvan şəhər idarəsinin (upravasının) üzvü, İrəvan xanlarının nəslindən olan Abbasqulu xan İrəvanski tikdirmişdir. Hazırda erməni ailələrinin yaşadığı Abbasqulu xanın evini hələ də ermənilər “Xanın evi” adlandırırlar. Divarlarının qalınlığı 1,5 metr olan məscidin içərisindəki imamın otağında hazırda bir erməni ailəsi yaşayır.
Zal xan məscidi. İrəvanın Qala ilə Təpəbaşı massivləri arasında yerləşən Köhnə şəhər adlanan hissəsindəki məscidlərdən biri Şəhər və yaxud Zal xan məscidi adlanırdı. Məscidin üzərində ərəb əlifbası ilə Azərbaycan dilində məscidin hicri tarixi ilə 1098-ci ildə tikildiyi – yəni miladi təqvimi ilə 1687-ci ildə inşa edildiyi yazılmışdır. 1928-ci ildə məscidin böyük zalı sökülərək onun yerində “Yerevan” oteli inşa edilmişdir.
Ağadədə qəbiristanlığı. 1950–1980-ci illərdə Zəngibasar mahalının (indiki Masis rayonu) ən mötəbər ziyarətgahı olan Ağadədə ocağı Uluxanlı, Həbilkənd, Seyidkənd və Sarvanlar kəndlərinin əhatəsində, Qulucan kəndinin yaxınlığında, Qarasu çayının kənarında yerləşirdi. Qərbi Azərbaycan türklərinin 1988-ci il soyqırımından sonra bu müqəddəs ocaq da ermənilər tərəfindən dağıdılmışdır.
Ağudi abidəsi. Sisyan rayonunun (keçmiş Zəngəzur qəzasının Qarakilsə nahiyəsi) Ağudi kəndində, Sisyan şəhərindən 5 kilometr məsafədə yerləşir. Ağudi qəbirüstü abidəsi VII əsrdə tikilmişdir. Ağudi kəndi Sisyan rayonunun ən qədim azərbaycanlı kəndlərindən biri idi. Ermənistan parlamentinin qərarı ilə Ağudi kəndinin adı dəyişdirilərək Aqitu qoyulmuşdur.
Aşağı Şorca qəbiristanlığı. İrəvan quberniyasının Novo-Bəyazid qəzasında, sonralar Basarkeçər (Vardenis) rayonunda yalnız azərbaycanlıların yaşadığı kənd olmuşdur. 1918-ci ildə ermənilər Aşağı Şorcada qırğınlar törətmişlər. 1988-ci ilin noyabr–dekabr deportasiyasından sonra digər azərbaycanlı kəndləri kimi, Aşağı Şorcanın da qəbiristanlığı dağıdılmış və kənd xarabalığa çevrilmişdir.
Aşıq Ələsgərin qəbirüstü abidəsi. Azərbaycan aşıq sənətinin korifeyi Aşıq Ələsgər 1821-ci ildə İrəvan xanlığının Göyçə mahalının Basarkeçər nahiyəsinin (1969-cu ildən Vardenis rayonu) Ağkilsə kəndində anadan olmuşdur. Ermənilər 1935-ci ildə Ağkilsə kəndinin adını dəyişdirərək Azat qoymuşlar. 1988-1989-cu illərdə Ağkilsə kəndinin sakinləri Ermənistandan deportasiya edildikdən sonra erməni vandalları Aşıq Ələsgərin qəbirüstü abidəsini də dağıtmışlar.
Güllübulaq qəbiristanlığı. Güllübulaq kəndi Qərbi Azərbaycanın Amasiya (Ağbaba) rayonunun ən böyük kəndi olmuşdur. 1988-ci ilə qədər bu kənddə azərbaycanlılar yaşamışdır. 1988-ci il deportasiyasından sonra Güllübulaq kəndində Gürcüstanın Boqdanovka rayonundan gələn ermənilər məskunlaşmışlar. 2007-ci ildə kəndin adını dəyişdirərək Bürakn qoymuşlar.
Saral qəbiristanlığı. Saral kəndi İrəvan quberniyasının Aleksandropol qəzasının Böyük Qarakilsə nahiyəsində ən böyük kəndlərdən biri olmuşdur. Sonralar Hamamlı (Spitak) rayonunun tərkibinə daxil idi. 1988-ci ilin noyabr-dekabr aylarında kəndin sakinləri – azərbaycanlılar zorla Ermənistan dövləti tərəfindən deportasiya olunmuşdur. Bundan sonra kənd qəbiristanlığı erməni vandalları tərəfindən dağıdılmışdır. 1991-ci ildə kəndin adını dəyişdirərək Nor Xaçakar qoymuşlar.
Səlim (Şah Abbas) karvansarası. Dərələyəz mahalının Keşişkənd (indi Yeğeqnadzor) rayonu ərazisində, Ələyəz dağının Səlim aşırımında, 2410 metr yüksəklikdə, Ağkənd (hazırda Ağcanadzor) kəndinin yaxınlığındadır. Səlim aşırımının adı ilə Səlim karvansarası, el arasında isə Şah Abbas karvansarası adlanırdı. Bu kəndə ermənilər ilk dəfə 1923-1925-ci illərdə köçürülmüşlər. Ermənilər bu abidənin “erməni knyazı” Çesare Orbelyan dövründə inşa edildiyini iddia edərək, onu erməni abidəsi kimi qələmə verməyə çalışırlar.
Göründüyü kimi, ermənilər təkcə soydaşlarımızı öz yurdlarından köçürməklə kifayətlənməyiblər, həm də oradakı mədəni irsimizi siliblər, tarixi abidələrimizi məhv ediblər. Maraqlıdır ki, azərbaycanlıların vaxtilə yaşadıqları kəndlərin böyük əksəriyyəti bu gün boşdur. Sual olunur, əgər ermənilərə Ermənistan ərazisi azlıq edirdisə, nə üçün azərbaycanlıların qovulduğu yerlərdə özlərinə yurd salmadılar, orada yaşamadılar? Deməli, məqsəd etnik təmizləmə olub və buna görə Ermənistan tarix və hüquq qarşısında cavab verməli olacaq.
Bu yazı “Jurnalist Təşəbbüslərinin Təşviqi” İctimai Birliyinin QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Qərbi Azərbaycanlıların Qayıdış Konsepsiyasından irəli gələn məsələlərin mətbuatda işıqlandırılması və sərginin təşkili” layihəsi çərçivəsində hazırlanıb.