Ermənistanın indiki paytaxtı İrəvan Azərbaycan dövlətçilik tarixinin ayrılmaz tərkib hissəsidir. Xanlıqlar dövründə İrəvan xanlığının gerbi, bayrağı, mərkəz şəhəri olub. İrəvan xanlığını idarə edən də türklər olub. İrəvan xanlığının paytaxtı İrəvan qala-şəhərinin yaranması tarixinə qısa nəzər salaq. 1502-ci ildə Səfəvilər dövlətinin başçısı Şah İsmayılın qoşunları Qaraqoyunlu əmirləri üzərində qələbə çalaraq İrəvan da daxil olmaqla, ətraf ərazilərə nəzarəti ələ keçirdi. Şah İsmayıl 1509-10-cu ildə qala salınması barədə öz vəziri Rəvanqulu xana göstəriş verdi. Yeddi ilə tikilən qala onu inşa etdirənin şərəfinə “Rəvan” adlandırıldı.
Erməni tarixçiləri isə uydurma iddialarla çıxış edirlər. Onlar İrəvan şəhərinin adının Urartu çarı I Argistinin dövründə (e.ə. 782-ci il) salınmış Erebuni (İrpuni) qalasının adı ilə eyniləşdirirlər. Ermənilərə heç bir aidiyyəti olmayan Erebuni qalası yalnız hərbi-istehkam məqsədi ilə inşa edilib və onun ətrafında şəhər salınıb. Erməni tarixçiləri bir qədər də irəli gedərək İrəvanın tarixini dünyanın ən qədim erməni şəhəri olan Romadan da uzağa aparırlar. Arxeoloji qazıntılar, araşdırmalar da sübut edir ki, İrəvandakı tarixi tikililərin, abidələrin yaşı o qədər də qədim deyil.
Tarixi ədəbiyyatda İrəvan şəhərində 15-ə yaxın məscidin, o cümlədən Göy məscid (yaxud Hüseynəli xan), Təpəbaşı, Zal xan (yaxud Şəhər), Sərtib xan, Hacı Novruzəli bəy, Qala məscidi (Sərdar, yaxud Abbas Mirzə), Dəmirbulaq, Hacı Cəfər bəy, Rəcəb paşa, Məhəmməd Sərtib xan, Hacı İnam məscidlərinin olması göstərilir. Vaxtilə əcnəbi rəssamların çəkdiyi rəsm əsərlərində uzaqdan görünən minarələr də İrəvanın müsəlman şəhəri olmasını təsdiqləyir.
Tarixdən bizə məlumdur ki, 1828-ci il “Türkmənçay” sülh müqaviləsindən sonra general Paskeviç İrəvan xanlığının ərazisinə 80 min kazakın köçürülməsi təşəbbüsünü irəli sürüb. Amma ermənilər buna mane olub və nəticədə regiona 120 mindən çox erməni köçürülüb ki, onlardan da 60 mini İrəvan quberniyasında məskunlaşdırılıb. İrəvan quberniyasında 1902-ci ildə mövcud olan 310-a yaxın məscid Ermənistanda sovet hakimiyyəti qurulduqdan sonra bir-birinin ardınca dağıdılıb. Göy məsciddə İrəvan şəhərinin tarix muzeyi yerləşdirilib, Zal xan məscidinin mədrəsəsi rəssamların sərgi salonuna çevrilib. Hazırda Göy məscid İranın Ermənistandakı mədəniyyət mərkəzinə icarəyə verilib. Dəmirbulaq məscidi isə 1988-ci ildən sonra tamamilə dağıdılıb, onun yerində çoxmərtəbəli bina ucaldılıb.
Erməni şovinist-millətçiləri İrəvan qalasını və onun içərisində yerləşən bütün tarixi-memarlıq abidələrini tədricən yer üzündən siliblər. 1924-cü ildə İrəvanın baş planı hazırlanaraq həyata keçirilməyə başlandıqdan sonra şəhərdə azərbaycanlılara məxsus bütün tarixi-memarlıq abidələri bir-birinin ardınca məqsədli şəkildə məhv edilib ki, gələcəkdə buranı erməni şəhəri kimi dünyaya təqdim edə bilsinlər.
İrəvanın Ermənistana verilməsində 1918-1920-ci illərdə müstəqil Azərbaycanın rəhbərliyində təmsil olunan şəxslərin böyük rolu olub. O dövrdə Azərbaycan torpaqlarına, Zəngəzur və Qarabağ mahalına aramsız hücumlar edən, gənc Cümhuriyyətimizin formalaşmasına, möhkəmlənməsinə imkan verməyən erməni işğalçılarını sakitləşdirmək, torpaq iddialarından çəkindirmək üçün İrəvan Ermənistana güzəştdə gedildi. 1918-ci il mayın 29-da İrəvan şəhərinin siyasi mərkəz kimi ermənilərə verilməsi haqqında Azərbaycan Milli Şurası qərar verib.
Fətəli Xan Xoyski iclasın açılışında Azərbaycan və Ermənistan sərhədləri haqda Ermənistan Milli Şurası ilə aparılan danışıqların nəticələrini elan edib. Məruzəsinin sonunda bildirib ki, Ermənistan Federasiyasının yaradılması üçün siyasi mərkəz lazımdır. İsgəndəriyyə şəhərinin Türkiyəyə birləşdirilməsindən sonra Ermənistan üçün siyasi mərkəz yalnız İrəvan ola bilər. Buna görə də İrəvanın ermənilərə güzəştə gedilməsi labüddür.
Daha sonra X.Xasməmmədov, M.Y.Cəfərov, Ə.Şeyxülislamov və M.Məhərrəmov məsələ ilə bağlı çıxış edərək bildiriblər ki, İrəvanın ermənilərə güzəştə gedilməsi tarixi zərurət olsa da, bizim üçün qaçılmaz, acı bir həqiqətdir. Daha sonra məsələ ilə bağlı səsvermə keçirilib.
Milli Şuranın 28 üzvündən 16-sı İrəvanın güzəşt edilməsinin lehinə, 1 nəfər əleyhinə səs verib, 3 nəfər isə bitərəf qalıb, digərləri səsverməyə qatılmayıb.
İrəvanın ermənilərə güzəşt olunması haqqında qərarın qəbul edilməsi, onun əsaslandırılması üçün gətirilən bütün dəlillərə baxmayaraq, siyasi cəhətdən tamamilə səhv addım idi. Erməni hökuməti Tiflisdən İrəvana köçdükdən sonra İrəvanda və Azərbaycanın digər tarixi torpaqlarında azərbaycanlılara qarşı soyqırım törətdi. İrəvan azərbaycanlıları həm daşnak (1918-20), həm də Sovet (1920-91) hökumətinin məqsədyönlü qırğın və deportasiya siyasətinə məruz qaldı, İrəvanda azərbaycanlılara məxsus maddi mədəniyyət abidələri dağıdıldı, onların erməniləşdirilməsi tədbirləri həyata keçirildi. 1980-cı illərin sonlarından başlayaraq azərbaycanlılar İrəvan şəhərindən tamamilə çıxarıldı.(Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. İki cilddə, II cild, Bakı, 2005, s.56).
1990-cı illərin əvvəlində Zəngəzurun şəqini və Qarabağın böyük hissəsini işğal etdilər. Ermənilərin torpaq davası, ərazi iddiası bununla bitmirdi. Onlar Qara dənizdən, Xəzər dənizinə qədər olan ərazilərə sahiblənmək istəyirdilər. 2020-ci ilə qədər, hətta 2023-cü ilin sentyabr ayına qədər ermənilərin torpaq iddiası davam etdi. 2023-cü ilin sentyabrında Xankəndiyə üçrəngli bayrağı sancmaqla Azərbaycan Ordusu ermənilərin qana, torpağa susamış sonuncu dişini də sındırdı. Bununla da biz ermənilərin son 100 illik irəliləyişlərinin, işğallarının qarşısını aldıq. Bu gün bizim Ermənisnata ərazi iddiamız yoxdur. Artıq dövlətlərin əraziləri, sərhədlər beynəlxalq təşkilatlar, dünya dövlətləri tərəfindən təsdiqlənib, tanınıb. Amma beynəlxalq hüquqa görə, Ermənistandan deportasiya olunan azərbaycanlılar öz dədə-baba torpaqlarına qayıtmalıdırlar.
Tarixi torpaqlarımızın adının bərpası, yaşadılması, maddi mədəniyyət nümunələrimizin dünya ictimaiyyətinə çatdırılması bizim üçün olduqca vacibdir. Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi bu fikirlər bizim gələcək mübarizə yolumuza işıq salır. “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”.
Bu yazı “Jurnalist Təşəbbüslərinin Təşviqi” İctimai Birliyinin QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Qərbi Azərbaycanlıların Qayıdış Konsepsiyasından irəli gələn məsələlərin mətbuatda işıqlandırılması və sərginin təşkili” layihəsi çərçivəsində hazırlanıb.