Araşdırmalara görə, insan orqanizmində hüceyrə sayından çox mikroorqanizmlər mövcuddur və bu kiçik canlılar toplusu “mikrobiom” adlandırılır.
Teleqraf.com xəbər verir ki, dietoloq Öykü Kaçarın sözlərinə görə, bağırsaqlardakı bakteriyalar çəkini idarə edir.
Bağırsaqlarda yaşayan mikroorqanizmlərin həzmdən immunitet sisteminə qədər bir çox bədən funksiyalarında əhəmiyyətli rol oynadığını ifadə edən Kaçar mikrobiomanın piylənmə ilə yaxından əlaqəli olduğunu qeyd edib.
Artıq çəkidən əziyyət çəkən fərdlərin bağırsaqlarında arıq insanlara nisbətən fərqli bir mikrob quruluşunun olduğunu bildirən Kaçar sözünə belə davam edib:
“Bu fərq bakteriyaların sayında və onların istehsal etdiyi metabolitlərdə görünür. Artıq çəkili insanlarda yüksək enerjili qidaları effektiv enerjiyə çevirən daha çox bakteriya var. Bu, bədənin çoxlu kalori qəbul etməsinə və onları yağ kimi saxlamasına səbəb olur".
Mikrobioma ilə piylənmə arasındakı əlaqənin mürəkkəbliyinə toxunan Kaçar əlavə edib ki, bu əlaqə mürəkkəb bir sistemdir.
Məsələn, müəyyən bir bakteriya növünün çoxalması bir insanın daha şirin və ya yağlı qidalara can atmasına səbəb ola bilər. Mikrobiota ilə piylənmə arasındakı əlaqəyə genetik faktorlar da təsir göstərir. Bəzi insanların genetik quruluşu müəyyən növ bakteriyaların artmasına və ya azalmasına daha çox meyilli ola bilər.
“Antibiotikdən istifadə, ətraf mühitin çirklənməsi və stress kimi amillər də mikrobiotaya mənfi təsir göstərə və piylənmə riskini artıra bilər. Məsələn, müxtəlif pəhrizlər saxlayan fərdlərin bağırsaqlarında daha çox sayda və müxtəlif növ bakteriyalar olur. Bu isə piylənmə riskini azaldan təsirə malikdir”, - Kaçar deyib.
İşlənmiş qidaları yeyən və oturaq həyat sürən insanlarda piylənmə riskinin artdığını ifadə edən Kaçar sonda bunu da qeyd edib ki, sağlam yaşam üçün təkcə idman və qidalanmaya yox, eyni zamanda, bağırsaq sağlamlığına da diqqət edilməsinin vacibliyini vurğulayıb.