12 Avqust 14:05
971
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xəbər verdiyimiz kimi, Qarabağ Universitetinin ilk tələbəsinin adı açıqlanıb. "Təhsildə xüsusi nailiyyətləri ilə fərqləndiyi üçün qızıl döş nişanı"na layiq görülən Atilla Muradlı Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən müsabiqədənkanar qaydada, yüksək göstəriciləri ilə Qarabağ Universitetinə qəbul edilən ilk tələbə olacaq. O, Mingəçevir şəhər 20 saylı tam orta məktəbin məzunudur. Atilla Muradlı qəbul imtahanlarında yüksək nəticə (519.2 bal) göstərərək Qarabağ Universitetinin Elektrik və elektronika mühəndisliyi ixtisasını seçib.

Atilla Muradlı Teleqraf.com-a açıqlamasında Qarabağ Universitetinə imtahansız qəbul olmasına səbəb olan naliyyətlərindən danışıb:

“Hələ 5-ci sinifdə oxuyarkən Lütfi Zadə adına məntiq olimpiadasında gümüş medal qazandım. Bu mənim üçün təməl rolu oynadı. 7-ci sinifdə məktəb müəlliməm Fizikanı mənə dərindən öyrətməyə başladı. Onun sayəsində 8-ci sinifdən olimpiadalara qatılmağa başladım. 9-cu sinifdə N.Nəbiyev adına Respublika fizika müsabiqəsində gümüş medalı qazandım. Bununla da Beynəlxalq olimpiadaya hazırlıq dərslərinə seçildim.

Ardınca Respublika fizika olimpiadasında qızıl medala layiq görüldüm. 10-cu sinifdə isə milli komandaya seçildim. Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında ölkəmizi Polşada təmsil edən 5 nəfərdən biri oldum. Orta məktəbi qızıl döş nişanı ilə bitirdim. İnşallah, 17-27 avqust 2024-cü il tarixində Braziliyada keçiriləcək Beynəlxalq Astronomiya və Astrofizika olimpiadasında ölkəmizi yenidən təmsil edəcəm”.

Atilla Muradlı nə üçün Qarabağ Universitetini seçdiyinə də aydınlıq gətirib:

“Olimpiada medallarım sayəsində istənilən universitetə imtahansız qəbul ola bilərdim. Qarabağ Universtetini seçməyi özümə fəxr bildim. Şəhidlərimizin qanı-canı bahansına alınmış torpaqlarda yaradılan universitetin ilk tələbəsi olmaq mənim üçün qürurdur.

Mən Qarabağın təbiətini, tarixini, mədəniyyətini çox sevirəm. Bu da məni orada oxumağa vadar edən əsas amillərdən biri oldu. Oxuduğum müddətdə müxtəlif beynəlxalq layihələrə iştirak edib, Qarabağımızı dünyaya tanıtmaq istəyirəm. Uşaqlıqdan aerokosmik mühəndis olmağı azrulayıram. İndiki planım 4 il Qarabağ Universtetində təhsilimi müvəffəqiyyətlə başa vurmaqdır. Xaricdə magistr təhsili alıb, yenidən Azərbaycana qayıdıb ölkəm üçün faydalı layihələrə imza atmaq istəyirəm”.

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə yardımı ilə “Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi” mövzusu üzrə dərc olunub.


Müəllif: Şəbnəm Zahir

Oxşar xəbərlər