28 Avqust 13:06
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Regional İnsan Hüquqları və Media Mərkəzi” İctimai Birliyi 4 ay ərzində 233 nəfərə hüquqi konsultasiya xidməti göstərib.

Bu barədə məlumat verən təşkilatın sədri Xalid Kazımov bildirib ki, həmin şəxslərdən 7 nəfərinin hüquqları məhkəmədə müdafiə olunub. Bu fəaliyyət “Aztəminatlı region sakinlərinin hüquqi müdafiəsinə dəstək” layihəsi çərçivəsində icra olunub.

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə icra olunan layihə Bərdə, Göyçay, Şamaxı və Quba rayonlarının ərazisini əhatə edib.

Layihənin əsas məqsədi Bərdə, Göyçay, Şamaxı və Quba rayonlarında yaşayan müharibədən zərər çəkən və digər aztəminatlı qruplardan olan (Azərbaycanın digər ərazilərindən onlayn müraciət edənlər) şəxsləri hüquqi maarifləndirmək, pulsuz hüquqi konsultasiya xidməti göstərmək və məhkəmədə hüquqi müdafiəsini təşkil etməklə problemlərini həll edərək sosial vəziyyətlərini yaxşılaşdırmağa töhfə vermək idi.

Layihənin icrası zamanı Bərdə, Göyçay, Şamaxı və Quba rayonlarında hüquqi konsultasiya xidmətinə ehtiyacı olan, şəhid ailələri, müharibə iştirakçıları, veteranlar və digər aztəminatlı əhali qrupundan olan şəxslər qəbul edilib.

Bundan başqa vətəndaşların müraciətləri əsasında Ağcabədi, Goranboy və Tərtər rayonuna hüquqşünasın səyyar səfəri təşkil olunub. Səfərlər zamanı layihənin hüquqşünası Araz Nurməmmədov hüquqi problemlərlə bağlı müraciət edən şəxsləri ümumilikdə və fərdi şəkildə qəbul edib.

Layihə çərçivəsində Tərtər rayonundan olan 46, Bərdə rayonundan 28, Göyçay rayonundan 22, Quba rayonundan 21, Ağcabədi rayonundan 14, Goranboy rayonundan 13, Ağdam rayonundan 10, Şamaxı rayonundan olan 8 nəfər qəbul edilərən hüquqlarnın təmin edilməsi üçün müraciətləri hazırlanıb.

Ümumilikdə, layihənin icrası müddətində 154 nəfərin problemlərinin həlli ilə bağlı dövlət qurumlarına müraciətləri hazırlanıb. 72 nəfərə hüquqi məsləhət verilib və hüquqları izah edilib. Hüquqi konsultasiya xidməti alanlardan 9 nəfəri şəhid ailəsi üzvü, 127 nəfəri müharibə iştirakçısı, 9 nəfəri məcburi köçkün, 88 nəfəri digər aztəminatlı ailələrdən olan şəxslər olub.

Layihənin icra müddətində ölkənin bütün ərazisindən hüquq xidmətinə ehtiyacı olan aztəminatlı şəxslərin müraciətləri qəbul edilib. Onlayn müraciətlər e-mail ([email protected]) “Qaynar xətt” (0702902299) xidməti, “facebook” (Pulsuz Hüquqi Yardım), “İnstagram” (huquqiyardim_pulsuz) və “WhatsApp” (0702902299) vasitəsi ilə qəbul edilib.

Artıq hüquqi xidmət alanlardan 20 nəfərinin “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsindən əvvəlki 3 il üçün müavinəti ala bilib. Pensiyası kəsilən 2 nəfərin pensiyası bərpa olunub, 5 nəfərin aliment borcu ödənilib, 6 nəfərin mediasiya arayışı, 16 nəfərin arxiv arayışı alması təmin edilib. Digər müraciətlər üzrə aidiyyatı orqanların cavab məktubları gəlməkdədir. Məhkəmə işləri üzrə də proses davam etdirilir.

Qeyd edək ki, Layihə çərçivəsində 209 nəfərə hüquq xidməti göstərilməsi nəzərdə tutulsa da, 233 nəfərə xidmət göstərilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər