9 Sentyabr 17:58
404
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sentyabrın 9-da Bakıda Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin Forumu öz işinə başlayıb.

Teleqraf.com xəbər verir ki, Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Sonra Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva Prezident İlham Əliyevin Forum iştirakçılarına təbrik məktubunu oxuyub.

Sonra “Heydər Əliyev və təhsil” mövzusunda videoçarx nümayiş olunub.

Tədbirin moderatoru, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru akademik Rafael Hüseynov bu günü Azərbaycanın tarixində əlamətdar hadisələrdən biri kimi dəyərləndirib. Onun sözlərinə görə, dünyanın müxtəlif yerlərində yaşayan azərbaycanlı alimlərin iştirakı ilə keçirilən forum Azərbaycanın gücünün və birliyinin ifadəsidir.

Ölkəmizin müstəqillik tarixindən və inkişaf yolundan danışan R.Hüseynov respublikamızın öz istiqlal yolunu və xəttini seçməsində Ulu Öndər Heydər Əliyevin misilsiz xidmətlərini qeyd edib. Vurğulayıb ki, Prezident İlham Əliyevin siyasi iradəsi ilə Vətən müharibəsində qazandığımız Zəfər Azərbaycanı daha da möhkəmləndirdi, dövlətimizin regionda və dünyada nüfuzu daha da gücləndi.

Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətindən söz açan akademik qeyd edib: “Vətən müharibəsində Zəfərimiz dünyanın müxtəlif yerlərinə səpələnmiş azərbaycanlıları bir-birinə daha da yaxınlaşdırdı. Dünyanın 51 ölkəsində 561 diaspor təşkilatımız vardır. Təşkilatlanma çox mühüm addımdır. Bu Foruma çoxdandır hazırlıq gedir. Alimlərimizin ürəyi həmişə Azərbaycanın yanındadır”.

Akademikin sözlərinə görə, azərbaycanlı alimlərin birliyi ölkəmizin zəka gücünün artması deməkdir.

Sonra çıxış edən ADA Universitetinin rektoru Hafiz Paşayev vurğulayıb ki, xaricdə yaşayan Azərbaycan alimlərinin iştirakı ilə elmimizin səviyyəsinin artırılması, yeni dövrün tələblərinə uyğun kadrların yetişdirilməsi zamanın tələbidir.

ADA Universitetinin fəaliyyətindən danışan rektor rəhbərlik etdiyi ali təhsil ocağının səmərəli yol keçərək yeniliklər yaratdığını qeyd edib və bildirib ki, bu yol asan olmayıb. Onun sözlərinə görə, sovet dövründə ölkəmizdə elm və təhsil çox yaxşı inkişaf etdirildi. Bakı Dövlət Universitetinə xaricdən alim və mütəxəssislər cəlb edildi. Dəqiq elmlər sahəsində də mütəxəssislərə ehtiyac vardı və bu ehtiyac SSRİ-dən olan alimlərin hesabına yerinə yetirilirdi.

Rektor bildirib ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra bütün sahələr kimi elm və təhsil sahəsində də yeniliklərin tətbiq edilməsi zərurəti yarandı.

“Elm çox cəlbedici bir sahədir. Azərbaycan elminin səviyyəsinin yenidən qalxması, peşəkar kadrların yetişdirilməsi üçün nələri etmək lazım olması barədə düşünmək lazımdır. Hazırda çox istedadlı gənclərimiz yetişir. Həmin gənclərin elmimizə, təhsilimizə töhfə verəcəklərindən əminik”, - deyə Hafiz Paşayev qeyd edib.

ADA-nın rektoru Azərbaycan elminin, təhsilinin nüfuzunun daha da artırılması üçün alimlərimizdən təkliflər gözlədiyini də əlavə edib.

Əməkdar elm xadimi, Münxen Texniki Universitetinin professoru, Humboldt mükafatı alan ilk azərbaycanlı alim, fizika-riyaziyyat elmləri doktoru, dünyaşöhrətli azərbaycanlı alim Məsud Əfəndiyev qeyd edib ki, forumun təşkilində məqsəd Azərbaycan elminin inkişafına töhfə vermək, peşəkar və gənc alimlər arasında körpü yaratmaqdır.

Alim Azərbaycanın beynəlxalq nüfuzunun daha da gücləndirilməsi, elmimizin yüksək səviyyədə inkişaf etdirilməsi üçün səylərin birləşdirilməsinin vacibliyini vurğulayıb. “Xalqımızın inkişafına əlimizdən gələn qədər töhfə verməyə hazırıq”, - deyə azərbaycanlı alim qeyd edib.

Forumda Azərbaycan elminin inkişaf etdirilməsi istiqamətində maraqlı müzakirələrin aparılacağına əminliyini diqqətə çatdıran elm və təhsil naziri Emin Əmrullayev bildirib ki, tədbir çərçivəsində ən vacib məqam Azərbaycandan kənarda yaşayan alimlərimizlə inteqrasiya məsələsidir.

Elm və Təhsil Nazirliyi tərəfindən göstəriləcək dəstək və imkanlar barədə danışan nazir transformasiyanın ən böyük problem olduğunu qeyd edib. Elmi rəqəmlərlə ölçməyin mümkün olmadığını deyən nazirin sözlərinə görə, Azərbaycan üçün elm və təhsil sahəsində müəyyən problemlər var. Lakin son on il ərzində bu sahədə xeyli müsbət işlər görülüb.

Azərbaycan elminin inkişafı üçün prioritetlərin müəyyən edilməsinin vacibliyini vurğulayan E.Əmrullayev dövlət tərəfindən təhsillə bağlı müxtəlif proqramlar həyata keçirildiyinə diqqət çəkərək, proqram çərçivəsində təhsil alan gənclərimizin ölkəyə qayıtması və öz biliklərini paylaşmasının vacibliyini qeyd edib. Nazir xaricdə yaşayan alimlərimizdən gözləntilərin çox olduğunu diqqətə çatdırıb.

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov qeyd edib ki, Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin Forumunun təşkili, dünyanın müxtəlif yerlərində fəaliyyət göstərən azərbaycanlı alimlərin Bakıda toplanması mühüm hadisədir.

Təşkilatlanma işinin əhəmiyyətini qeyd edən F.Muradov komitənin fəaliyyətini dövlətin siyasətinə, “Yol xəritəsi”nə uyğun qurduğunu bildirib: “Məqsədimiz birliyə nail olmaq, həmrəyliyimizi daha da gücləndirməkdir. Dövlət Komitəsinin fəaliyyəti həm də işğaldan azad edilən Qarabağda aparılan işlərlə bağlıdır. Qarabağ Universitetində dünyaşöhrətli azərbaycanlı alimlərin çalışması elmimizə töhfə olardı. Azərbaycan dövləti elm və təhsilə, alimlərə kifayət qədər dəstək göstərir. Forumun təşkilində məqsədimiz dünyaşöhrətli alimlərimizlə yerli alimlərimiz arasında münasibətin, əməkdaşlığın qurulmasıdır”.

Fuad Muradov, xaricdə təhsil alan azərbaycanlı tələbələrlə bağlı da fikirlərini bildirib və xaricdə yaşayan soydaşlarımız üçün dərsliyin tezliklə çap olunacağını deyib.

Sonra Nobel mükafatı laureatları olan azərbaycanlı alimlərin forum iştirakçılarına müraciətləri ilə bağlı videoçarx nümayiş olunub.

“Qadınlar nüvə sahəsində” Ümumdünya Assosiasiyasında (“Women in nuclear”) Azərbaycanın rəsmi nümayəndəsi Dinara Abbasovanın (Avstriya) moderatorluğu ilə forum çərçivəsində “Azərbaycanda elm və ali təhsilin beynəlmiləlləşməsində alimlərin rolu” mövzusunda panel müzakirələr aparılıb.

Müzakirələrdə çıxış edən ADA Universitetinin rektoru Hafiz Paşayev rəhbərlik etdiyi ali təhsil ocağının özülünün beynəlmiləlçilik əsasında qoyulduğunu vurğulayıb. Beynəlmiləl təcrübənin əhəmiyyətindən danışan rektor xaricdən gələn alimlərin rolunu qeyd edib və forumun bu istiqamətdə töhfə verəcəyindən əmin olduğunu ifadə edib.

Mövzu ətrafında çıxış edən və təkliflərini səsləndirən digər natiqlər tədbirin noyabr ayında Azərbaycanda keçiriləcək COP29 ərəfəsində təşkil edildiyini vurğulayaraq kadrların hazırlanmasının qlobal əmək bazarının tələblərinə uyğunlaşdırılması, rəqəmsallaşma, yeni model universitet təhsili istiqamətində beynəlmilləşmə strategiyasının roluna toxunublar. Müzakirələrdə, həmçinin xaricdə yaşayan alimlərin Azərbaycanda elm və ali təhsilin inkişafında, beynəlxalq tələbə və professorların cəlbində rolundan danışılıb. Xaricdə yaşayan çoxsaylı alimlərimizin elmimizin daha da inkişafına töhfə verə biləcəklərinə əminlik ifadə edilib.

Günün sonunda “Qlobal akademik şəbəkənin qurulması: yerli universitet və elmi tədqiqat institutlarının inkişafı üçün yeni yanaşmalar” mövzusunda da panel müzakirələr aparılıb. Əməkdar elm xadimi, Münxen Texniki Universitetinin professoru, Humboldt mükafatı alan ilk azərbaycanlı alim, fizika-riyaziyyat elmləri doktoru Məsud Əfəndiyevin moderatorluğu aparılan müzakirələrdə çıxış edənlər qlobal akademik şəbəkənin qurulması ilə bağlı mülahizələrini səsləndirib, təkliflərini bildiriblər. Paneldə Azərbaycanda fəaliyyət göstərən universitet və elmi tədqiqat institutlarının beynəlxalq akademik mühitlə əlaqələndirilməsində xaricdə yaşayan alimlərin rolunun inkişaf etdirilməsi barədə danışılıb. Natiqlər Çin diaspora alimlərinin fəaliyyətindən müsbət mənada faydalanmağın təcrübəsindən bəhs ediblər, Azərbaycan üçün bu modelin qurulmasının vacibliyi vurğulanıb.

Qeyd edək ki, Diasporla İş üzrə Dövlət Komitəsinin, Elm və Təhsil Nazirliyinin dəstəyi, Dünya Azərbaycanlı Alimlər Dərnəyinin təşkilatçılığı ilə baş tutan tədbir üç gün davam edəcək.

Forumda 23 ölkədən 80-dən çox azərbaycanlı alim, ümumilikdə 200-ə yaxın elm xadimi iştirak edir.

Forum çərçivəsində iştirakçılar işğaldan azad edilmiş ərazilərin bərpası prosesində alimlərimizin bilik və təcrübəsindən yararlanmaq məqsədilə Şuşa və Xankəndi şəhərlərində olacaq, Qarabağ Universitetinin müəllim heyəti ilə müzakirələr aparacaqlar.

Forumun məqsədi müxtəlif ölkələrdə yaşayan azərbaycanlı alimləri bir araya gətirmək, yerli alimlərlə görüşdürmək, bilik və təcrübə mübadiləsi aparmaq, dünya azərbaycanlı elm adamlarının şəbəkələşməsinə töhfələr verməkdir.

***

11:18

Bakıda “Gülüstan” sarayında xaricdə yaşayan azərbaycanlı alimlərin forumu başlayıb.

Teleqraf.com xəbər verir ki, 23 ölkədən 80-dən çox azərbaycanlı alimin olacağı tədbirdə ümumilikdə 200-ə yaxın elm xadimi iştirak edir.

Forumun məqsədi müxtəlif ölkələrdə yaşayan azərbaycanlı alimləri bir araya gətirmək, yerli alimlərlə görüşdürmək, bilik və təcrübə mübadiləsi aparmaq, dünya azərbaycanlı elm adamlarının şəbəkələşməsinə töhfələr verməkdir.

Forum çərçivəsində tədbir iştirakçıları işğaldan azad edilən ərazilərin bərpası prosesində alimlərimizin bilik və təcrübəsindən yararlanmaq üçün Şuşa və Xankəndi şəhərlərinə yola düşəcək, Qarabağ Universitetinin müəllim heyəti ilə müzakirələr aparacaqlar.

Sentyabrın 11-dək davam edəcək forum Diasporla İş üzrə Dövlət Komitəsinin və Elm və Təhsil Nazirliyinin dəstəyi, Dünya Azərbaycanlı Alimlər Dərnəyinin təşkilatçılığı ilə baş tutub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər