17 Sentyabr 17:09
3 375
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xəbər verdiyimiz kimi 64 məktəb direktoru işdən çıxarılıb. Məlumatı Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi yayıb. Aparılan araşdırmalar nəticəsində ümumi təhsil müəssisələrində bəzi çatışmazlıq və nöqsanlar, eyni zamanda, şagirdlərin nəticələrində geriləmələr müşahidə edilib.

Teleqraf.com-a açıqlama verən təhsil eksperti Kamran Əsədov hesab edir ki, 64 direktorun işdən çıxarılması məktəblərin idarə olunmasında qüsur yaradacaq:

“Ölkədə 4430 orta ümumitəhsil məktəbi var. Məktəblərin 320-si Bakıdadır. İşdən azad edilən direktorların 40 nəfərdən çoxu Bakının payına düşür. Təbii ki, səbəbləri müvafiq qurum açıqlayıb. Baş verən hadisənin ən vacib məqamı budur ki, digər məktəb direktorları bundan nümunə götürmürlər.

Elm və Təhsil Nazirliyi, Bakı Şəhəri Təhsil İdarəsi artıq yeni təhsil sisteminin qurulmasında maraqlıdır. Təhsil sistemi əvvəlki qaydalarla yox, ictimai iştirakçılıq təmin olunmaqla həyata keçirilməlidir. Burada ən vacib məqamlardan biri məktəblərin idarə edilməsində icmaların rolunun artması olmalıdır. Amma buna diqqət ayıran yoxdur. Məktəblər sanki özləri öz imkanları ilə bu prosesi təşkil etməyə çalışırlar. Başa düşmürlər ki, belə təhsil idarəçiliyi olmaz. Bu, ciddi məsələdir.

Ölkənin təhsil sistemində kifayət qədər direktor yeri boşalıb. Bu, məktəblərin idarə olunmasında qüsur yaradır. Çünki direktor olmadan məktəbin fəaliyyəti dərs bölgüsünün başlandığını nəzərə alsaq, idarəetmədə boşluğa səbəb olacaq. Hesab edirəm ki, məktəb direktorlarının imtahanla təyini özünü doğrultmur. Yaxşı olar ki, artıq məktəbdə müəllimlər arasından, kollektivi tanıyan biri müvafiq proseduru keçməklə işə qəbul edilsin”.

Ekspert kənardan gələn, məktəb kollektivini tanımayan birinin direktor olmasını düzgün hesab etmir:

“Onlardan gözləntilər var. Təhsil sistemi təkcə qanunlarla yox, həmçinin vicdanla idarə olunur. Biz bəzən buna əməl olunmadığını, ciddi pozuntuların baş verdiyini görürük.

Bu gün Azərbaycan məktəbi yenilənməlidir. Bu yenilənmə bir neçə istiqamətdə olmalıdır. Orta məktəblərin idarə olunmasında şəffaflıq təmin edilməlidir”.

Təhsil eksperti Elçin Əfəndi bildirir ki, qanunvericiliyin tələbi pozulubsa, həmin şəxslər vəzifələrindən azad olunmalıdırlar:

"Bir neçə ildir ki, direktorların işə qəbulu mərkəzləşmiş qaydada həyata keçirilir. Onlar imtahan, müsahibə mərhələsi ilə yoxlanılır, nəticədə vakansiya üzrə yerləşdirilirlər. Əsas odur ki, vəzifəyə təyin olunanlar peşəkar və nöqsanlarda uzaq kadrlar olsunlar. Düşünürəm ki, direktor əvəzlənməsinin müsbət tərəfləri olacaq.

Təkcə direktorların deyil, elə təhsil müəssisələri var ki, direktor müavinlərinin dəyişilməsi də zərurətə çevrilib. Təhsil prosesi əsasən direktor və onun müavinlərinin əlində cəmləşir. Ona görə həmin şəxslərin şəffaf və obyektiv olmaları təmin edilməlidir”.


Müəllif: Şəbnəm Zahir

Oxşar xəbərlər