1 Oktyabr 16:08
956
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son zamanlar mədəkiçiltmə əməliyyatı dəbə çevrilib. Artıq çəkidən əziyyət çəkən insanların əksəriyyəti mədəkiçiltmə əməliyyatına üz tutur. Cərrahi yolla kiçilәn mәdәnin qida tutumu azalır və nәticәdə insanlar әmәliyyat sonrasında kilo itirirlər. Mədənin çıxarılan hissəsindən ifraz olunan aclıq hormonu (Ghrelin) bu əməliyyatdan sonra 80-90% azalır. Təəssüf ki, Azərbaycanda bu əməliyyat ölənlərin sayı da çoxluq təşkil edir. Dünyada mədəkiçiltməni düzgün icra etmək sadə prosedur hesab edilir. Maraqlıdır, Azərbaycanda niyə bu əməliyyatdan ölümlər baş verir?

Mədəkiçiltmə əməliyyatları edən bariatrik cərrah Aslan Abdullayev bildirir ki, gözlənilən riski nəzərə alaraq cərrah seçiminə diqqət etmək lazımdır: "Əməliyyat təcrübəli həkimlərə etibar edilməlidir. Əks halda müəyyən fəsadlar ortaya çıxır. Əməliyyatdan sonra xəstədə qusma halları olursa, demək, əməliyyat zamanı yanlışlığa yol verilib. Yoxsa bu, dünya tibbində geniş yayılmış əməliyyatdır. Düzgün icra olunduqda təhlükəli deyil. Peşəkar, ətraflı müayinə ilə heç bir problem yaranmır. Əlbəttə, xəstədən də asılı məsələlər var".

Cərrah vurğulayır ki, əməliyyat sonrası ölümə pasiyentin xəstəlikləri də səbəb ola bilər: “Əməliyyata girən pasiyent ciddi və diqqətlə müayinə olunmalıdır. Mədəsini kiçiltmək istəyən insanlar əməliyyatdan öncə daşıdıqları xəstəliklər haqqında həkimə mütləq məlumat verməlidirlər. Nəzərdən qaçan, həkimin bilmədiyi hansısa problem olarsa, bunlar ölümlə nəticələnə bilər”.

Professor, cərrah Adil Qeybulla mədəkiçiltmə əməliyyatının mənfi tərəflərindən danışıb:

“Mədədə çoxsaylı hüceyrələr var. Onlar müxtəlif maddələr ifraz edirlər. Vitaminlərin, mikroelementlərin sovrulması birbaşa mədədən baş verir. Ona görə də xəstələr bu əməliyytadan sonra müəyyən dərmanlar qəbul etməlidirlər. Əməliyyatdan sonra immun sistemi zəifləyə bilər. Ölüm hallarının yanaşı səbəblərdən də baş vermə ehtimalı da var".

Həkim bariatrik əməliyyatdan sonra xəstədə xərçəng xəstəliyinin yaranacağı fikiri ilə razılaşmadığını deyib:

"Ola bilsin, həmin xəstələrdə əməliyyatdan öncə onkoloji xəstəlik mövcud olub, sonra büruzə verib. Bu cür əməliyyatlardan sonra xəstələr nəzarətdə saxlanılmalıdır. Əməliyyatdan əvvəl xəstənin durumu ağır ola bilər. Buraya ağır qanamalar, ürək damarlarlarının zədələnməsi və sair daxildir. Əsas iş həkimin üzərinə düşür".


Müəllif: Şəbnəm Zahir

Oxşar xəbərlər