10 Oktyabr 14:58
2 010
12 Punto 14 Punto 16 Punto 18 Punto

II Dünya müharibəsində əsir düşən azərbaycanlıların bir qismi savaşdan sonra Avropada qaldı, bir qismi isə uzaq Amerikaya yola düşdülər. Stalin əsir düşən sovet əsgərlərinin yox edilməsi ilə bağlı əmr verdiyinə görə əsir və qaçqın düşərgələrində yaşamış bu insanlar həyatlarını xilas etmək üçün bir daha Vətəni görməmək bahasına olsa da, qürbətə getməyə məcbur olmuşdular. Həmin şəxslərdən biri də Ənvər Sultanzadə idi.

Ə. Sultanzadənin Azərbaycandakı həyatı ilə bağlı əlimizdə detallı məlumat yoxdur. Bilirik ki, Amerikanın Nyuark şəhərində yaşayıb, 5 avqust 1962-ci ildə bu şəhərdə keçirilən Amerika-Azerbaycan Kültür Dərnəyinin illik qurutayında sədr müavini seçilib. O, bu təşkilat çərçivəsində Amerikadakı azərbaycanlılara yardım edib. 1961-ci ildə Amerikaya gedən mühacir Məhəmməd Altunbay səfər təəssüratları ilə bağlı qiymətli məqaləsində Ənvər bəyi bu şəkildə təsvir edib: “Qarşımda gənc yaşında üç uşaq atası olan Ənvər Sultanzadə əyləşib. İstiqanlı, gülərüzlü, istər təşkilat üçün, istərsə də, möhtac azərbaycanlılara yardım baxımından son dərəcə cavan, mərd bir xarakterə sahibdir. Məsələn, söhbətimiz əsnasında bir azərbaycanlıya 350 dollara qədər kömək edilməsinin vacibliyindən danışıldı. Ənvər Sultanzadə əlini sinəsinə qoyaraq, “bu köməyi təkbaşına etmək mənim üçün bir şərəfdir” dedi. O, bu sözləri o qədər ürəkdən söylədi ki, vətənimiz adına onunla iftixar etdim”.

1941-ci ildə müharibəyə aparılan Ənvər bəy 1969-cu ilin sentyabrında ilk dəfə olaraq Azərbaycana turist kimi gələ bilib. Bir çox mühaciri Azərbaycanda hörmətlə qarşılayan professor Abbas Zamanov onunla da görüşüb, daha sonra isə məktublaşıb.

Bu məktublar qürbətdə - uzaq Amerikada yaşayan Ənvər bəyin Vətənə olan bağlılığını göstərmək baxımından əhəmiyyətlidir.

Mərhum professor Abbas Zamanovun arxivində qorunan həmin məktublaşmaları olduğu kimi təqdim edirik:

***

Ənvər Sultanzadə ilə Abbas Zamanovun məktublaşmaları

Pək sayın və hörmətli Abbas bəy.

Əvvəla səmimi salamlarımla bərabər sağ və salamat olaraq, sizin də sağ-salamat, şən və xoşbəxt yaşamağınızı Allahdan arzu edirəm.

Əziz alimim, 28 ildən sonra – 1969 sənəsinin sentyabr ayında öz Ana Vətənim Azərbaycana gəldiyim zaman sizin Ədəbiyyat muzeyində məni cani-ürəkdən bağrınıza basaraq söylədiyiniz qiymətli cümlələr mənim qəlbimdə yaşamaqdadır və yaşayacaqdır. Bu cümlələrin birini siz böylə demişdiniz: “Tale sizləri o tərəfə atdı”.

Həqiqətən də, bu, yalnız talenin hökmüdür, burada hər hanki bir şəxsi günahkar etmək yanlışdır. Lakin bütün bu bədbəxtlikdən sonra bir daha Ana Vətənim Azərbaycanı və sizin kimi hörmətli vətəndaşları görmək yenə talenin müsbət cəhətidir. Çünki 10-15 il əqdəm belə bir nailiyyətin qismət olacağını yuxuda dəxi görə bilmirdim.

Azərbaycana gəldiyim zaman bəzi yerlərdə mənə bir əcnəbi müsafir kimi baxdılarsa da, mən hər şeyi müsbət hesab etdim. Kimsədən deyil, taleyimdən küsdüm.

Zira bir insanın öz ana yurdunda belə bir müamiləyə rastladığı zaman nə qədər acı duyduğunu özünüz təsəvvür edin.

Hörmətli Abbas bəy.

Sizin söylədiyiniz qiymətli cümlələrdən başqa mənə hədiyyə etdiyiniz “Hop-hopnamə” sizi hər gün yad etdirir. Sizin etdiyiniz insan və millətpərvərliyi mənə Dostluq Cəmiyyəti və Az. Dev. Tarix Muzeyindəki vətəndaşlar da göstərdilər. Rza, Rəmzi bəylər və Püstə xanım. Onlara da salamlarımı söyləməyinizi rica edirəm. Yaxın gələcəkdə özlərinə də məktub yazmağı ihmal etməyəcəyəm.
Əziz alimim, məktuba son verməzdən əvvəl uzun zamandan bəri ana dilimi nadir danışdığım üçün cümlələrimdəki qüsurlarımı əfv edin.

İstəməyərək məktubuma son verərkən, öpürəm sizi və Vətənimin toprağını-daşını.
Salam və sayğılarımla, sizin Ənvər Sultanzadə.

Xudahafiz. 3/XII/69

***

19.XII.69

Bakı

Əziz qardaşım Ənvər!

Məktubunuzu aldım. Bizləri unutmadığınız üçün Sizə ürəkdən təşəkkür edirəm.
Sağ-salamat gedib çatmağınıza olduqca sevindim. Axı tale bizləri hara atırsa-atsın, biz bir xalqın övladlarıyıq və demək, qardaşıq. Buna görə bir-birimizə biganə ola bilmərik.

Məktubunuz vətən həsrəti ilə yazılmışdır. Mən Sizi başa düşürəm: dəhşətli müharibənin doğurduğu əsarət, əzablar, işgəncələr, təhqirlər, axırda da sonu görünməyən qəriblik…

Həyatda Vətəni itirməkdən böyük dərd yoxdur. İnsanın doğulub ilk dəfə həyata göz açdığı, ilk dəfə ayaq açıb yeridiyi, ilk dəfə dilə gəlib ana dediyi doğma torpağı onun üçün dünyada heç bir şeyi əvəz edə bilməz.

Mən Sizinlə razıyam. Qəriblik böyük faciədir. Bu yaxınlarda Abay Mirzənin (son kitabında o, özünü “Abay Dağlı” yazır) İraqda türkcə nəşr edilən “Qardaşlıq” jurnalında “Qərib” rədifli bir qəzəlini oxudum. Qəzəli oxuduqca misraların arxasında uzaq ellərdə Vətən həsrəti ilə çırpınanları – vətənimin vətənindən didərgin düşən qərib övladlarını görürdüm. Qəzəlin hər misrasında göz yaşları tökülürdü. Qəzəl o qədər yanıqlı idi ki, özümü ağlamaqdan zor ilə saxladım. Lənətə gəlmiş müharibənin pərən-pərən salıb yad ellərə səpələdiyi yüzlər və minlərlə azəri övladlarının qara taleyi bu qəzəldə ürək ağrısı ilə qələmə alınmışdır.

Bəli, Sizin dərdiniz böyükdür. Lakin böyük dərdi çəkməyi də bacarmaq lazımdır. Atalar deyib: “Dəvəçi ilə dost olanın darvazası gen gərək”.

Mən inanıram ki, Siz qürbətin ağrılarına, acılarına mərdliklə dözəcək, insanlıq ləyaqətinizi yüksək tutacaq və ürəyiniz həmişə bizimlə, anamız Azərbaycanla olacaqdır. Əgər yolunuz Vətənə düşsə, ağuşumuz açıqdır. Yenə Sizi doğma qardaş kimi qarşılamağa hazırıq.

Mənə dair hər hansı bir qulluğunuz olsa, çəkinmədən yaza bilərsiniz. Məmnuniyyətlə yerinə yetirərəm. Buradan Sizi hansı kitablar maraqlandırsa, yazın, mütləq göndərərəm.

Deyirdiniz ki, şair Nəsimiyə həsr edilmiş yığıncağınız olacaq. Oldumu? Əgər oldusa, rica edirəm, təfsilatını mənə yazasınız.

Mustafa Türkəqulun Hüseyn Cavid haqqındakı kitabından bir nüsxə tapıb mənə göndərsəniz, Sizə minnətdar olaram.

Bakıda olduğunuz zaman Sizinlə birlikdə Nizami muzeyinə gələn iki nəfər dostumuzun familiyalarını unutmuşam. Məndən onlara və oradakı başqa azərilərə lütfən salam söyləməyinizi acizanə rica edirəm.

Hörmətlə
Sizin.

***
Hörmətli Abbas müəllim!

Əvvəla, səmimi salamlarımla bərabər, sağ-salamat olduğumuzu bildirərək, sizin də sağ və salamat olmağınızı Allahdan arzu edirik.

Saniyə biləsiniz ki, 70-ci ildə yazmış olduğunuz sevimli məktubunuza cavab və Nəsiminin 600 illiyi münasibətilə dərc etdirdiyimiz bülletenin bir neçə nüsxəsini ünvanınıza göndərdikdən sonra sizdən cavab almadığım üçün çox nigaranam. Bu arada qardaşımın gedib sizinlə görüşməsini ona tənbeh etmişdim, indiyə qədər o da haqqınızda bir məlumat verməmişdir.

Siz məndən M. Türkəqulun H.C haqqındakı kitabını da istəmişdiniz. Onu Mustafa özü sizə göndərəcəyini mənə söz verdi və ünvanınızı aldı. Aldınızmı? Almamışsınızsa, mənə yazın, özüm alım göndərim.

Əziz qardaşım, məlumunuz olsun ki, mən bu il avqust ayının 2-ci yarısında turist olaraq yenə Ana Vətənə gəlmək niyyətindəyəm və sizinlə görüşməyi ihmal etməyəcəyim də mühəqqəqdir. Nə əmr və arzularınız varsa, tərəddüdsüz yazmağınızı acizanə rica edirəm. Həmçinin ailənizin sayını da yazmağınızı xahiş edirəm. Vətənə gəlmənin dəqiq tarixi haqda sizə müstəqbəl məktubumda xəbərdar edəcəyəm.

Abbas müəllim, hal-hazırda burada 2 azəri ezamiyyətdədir. Onlar Bakıdan gəlmişlər. Qürbətlik görmədikləri üçün çox darıxırlar. Bizimlə görüşəndə ürəkləri açılır. Biz də əlimizdən gələni onlardan əsirgəmirik. Axı bu, bizim borcumuzdur – vətəndaşlıq borcumuz. Biz azərilərin məfkurəsi nə olur-olsun sədaqəti, səmimiyyəti, mərdliyi və sairə insani hərəkətləri heç bir millətdə yoxdur. Biz həm yaxşı və həm də pis günün aşinalarıyıq.

Hələlik bu qədər.

Muzeydə səmimiyyət göstərərək vətəndaşlara məndən salam söyləməyinizi rica edirəm.
Salam və sayğılarımla:
Ənvər Sultanzadə.
Cavab gözləyirəm.

8/II/71

***

22.II.71

Bakı

Əziz dostum Ənvər Sultanzadə

8 fevral tarixli məktubunuzu aldım. Ürəkdən təşəkkür edirəm. keçən il yazdığım məktuba cavab almadığım üçün Sizdən nigaran idim. Doğrudur, bir dəfə qardaşınız muzeyə gəlib Sizdən kağız aldığını və sağ-salamat olmağınızı mənə demişdi. Bununla belə yenə də nigaran idim. Çünki bilirdim ki, Siz mənim məktubumu cavabsız qoymazsınız. Nəsimiyə dair məqalə nəşr edilən bülleteni və H. Cavid haqdakı kitabı da almamışam. Bunları, inşallah, gələndə özünüzlə gətirərsiniz.

Bu il bir daha vətənə gəlmək niyyətində olmağınız məni son dərəcə sevindirdi. Buyurun: ağuşumuz, ürəyimiz və qapılarımız üzünüzə açıqdır. Sizi doğma qardaş kimi qarşılar və doğma qardaş kimi də yola salarıq. Buna şübhə etməyə bilərsiniz.

Təklifiniz üçün təşəkkür edirəm. Mənə heç bir şey lazım deyil. Vətənimin vətənindən didərgin düşmüş qərib övladlarının vətənə gəlmələri mənim üçün ən qiymətli hədiyyədir.

Əgər kitabları səfərinizdən əvvəl yola salmaq istəsəniz, muzeyin adresinə göndərin. Məktubu yenə də öz adresimə göndərə bilərsiniz.

Mənə qarşı hər hansı bir xahişiniz olsa, məmnuniyyətlə yerinə yetirməyə hazıram. İstədiyinizi çəkinmədən yaza bilərsiniz.

Tanışlara salam söyləməyinizi rica edirəm.

Ən xoş diləklərlə əllərinizi sıxıram.

Dostunuz.

***

Hörmətli Abbas müəllim!

Əvvəla səmimi salamlar.

Saniyə məlumunuz olsun ki, sağlıq olsa, sentyabrın 5-də Bakıda görüşəcəyiz.
Mümkün olsa, bu məlumatı Niyazi bəyə, Vəli Məmmədova və Rəmzi Məmmədzadəyə də bildirin.
Mən Azərbaycanda 19 gün qalacağam. Qarabağa getməyə icazə verməsələr, bu 19 günün 3-4-nü də Yerevanda keçirmək istəyirəm.

Hələlik bu qədər.

Salam və sayğılarımla

Ənvər Sultanzadə

20/IX/71


Müəllif: Dilqəm Əhməd

Oxşar xəbərlər