Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, qarşıdakı günlərdə respublikanın ayrı-ayrı rayonlarında yağışın intensiv və güclü olacağı, bəzi dağlıq rayonlarda qarla əvəzlənməsi ehtimalı var.
Teleqraf.com xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsi verilən xəbərdarlıqla əlaqədar hərəkət iştirakçılarına müraciət edərək onlardan yola çıxarkən diqqətli olmağı tövsiyə edir.
“Verilən xəbərdarlıq, eləcə də hazırda bölgələrdə müşahidə olunan yağışlı hava şəraiti avtonəqliyyat vasitələrinin sürücülərindən daha diqqətli olmağı tələb edir. Xüsusilə, gecə və səhər saatlarında ehtimal olunan dumanlı, çiskinli havanın görünüş məsafəsini əhəmiyyətli dərəcədə məhdudlaşdırdığını nəzərə alaraq, sürücülər ehtiyat tədbirləri görməli, özləri və digər hərəkət iştirakçıları üçün təhlükəli vəziyyətlər yaratmamalıdırlar.
Baş Dövlət Yol Polisi İdarəsi həftəsonu xüsusilə, respublika əhəmiyyətli avtomobil yollarında hərəkət intensivliyinin artacağını diqqətə çatdırmaqla yanaşı, bölgələrə səfər edəcək sürücülərə yağışlı havalarda daha məsuliyyətli olmağı, sürət həddini aşmamağı, avtomobillərinin sazlığından əmin olmağı, mümkün qədər günün işıqlı vaxtı yola çıxmağı tövsiyə edir”, - məlumatda qeyd olunub.