17 Mart 2015 10:31
749
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avronest PA-nın 4-cü sessiyası öz işinə başladı. Sessiya işğalçı Ermənistanın paytaxtı Yerevanda keçirilir. Azərbaycan nümayəndə heyəti bu sessiyada iştirak etməkdən imtina edib. Odur ki, sessiya Azərbaycanlı millət vəkillərinin iştirakı olmadan keçirilir.

Avronest PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Elxan Süleymanovun Teleqraf.com-a verdiyi açıqlamaya görə, Azərbaycan nümayəndə heyəti sessiyada iştirak etmək üçün Yerevana getməkdən imtina etsə də, bütün daimi komitələr üzrə hazırlanmış məruzələrə öz düzəliş və təkliflərini verib. Onun sözlərinə görə, sessiya ərəfəsində Yaşıllar qrupu, daha sonra isə Ermənistan nümayəndə heyəti Azərbaycan nümayəndə heyətinin Yerevan iclasında iştirak etməməsini bəhanə gətirərək, onun irəli sürdüyü bütün düzəlişlərini ləğv etməyi təklif edib: “Biz vaxtında Avronest PA həmsədrlərinə, Büro üzvlərinə, Assambleyanın Avropa Parlamentindən olan üzvlərinə, həmməruzəçilərə məktublar ünvanlayaraq, Azərbaycan nümayəndə heyətinin düzəlişlərinin ləğv edilməsinin prosedur qaydalara zidd olmasını və ümumiyyətlə, bu təklifin Avronest PA-nın özünə qarşı təxribat olduğunu diqqətə çatdırmışdıq.

Bununla belə, 16 martda erməni deputatlar çıxış edərək, Azərbaycana qarşı bir sıra hücumlar ediblər. Onlar Dağlıq Qarabağın tanınmasını, eləcə də Azərbaycana qarşı qərəzli, həqiqətdən uzaq ittihamlar səsləndiriblər. Lakin Avropalı deputatlar bu çıxışlara məhəl qoymayıblar və nəticədə ermənilərin təklifləri rədd edilib.

Beləliklə, Azərbaycan nümayəndə heyəti Yerevanda olmasa da, Ermənistan tərəfinin bizim irəli sürdüyümüz düzəlişlərin ləğv edilməsi istiqamətində səyləri boşa çıxdı. Belə ki, biz Avronest PA-nın dörd məruzəsinə irəli sürdüyümüz düzəlişlərin plenar iclasda qəbul edilməsi hüququnu qorunmasına nail olduq. Azərbaycan nümayəndə heyəti üzvlərinin irəli sürdüyü və ya Avropa Parlamenti üzvləri ilə birgə imzaladığı bütün düzəlişlər artıq səsvermə siyahılarındadır.

Xüsusilə bildirmək istərdim ki, Azərbaycan nümayəndə heyəti Avronest PA-nın sessiyasının Yerevanda keçirilməsinə öz etirazını bildirərkən dəfələrlə vurğulamışdı ki, Ermənistan tərəfi bu beynəlxalq tədbirdən qondarma erməni soyqırımının 100 illiyinin təbliğatı vasitəsi kimi istifadə edəcək və bu əsassız iddiaları qabardaraq, özünün son 110 il ərzində Azərbaycan xalqına qarşı törətdiyi soyqırım cinayətlərini ört-basdır etməyə çalışacaq.

Doğrudan da, sessiyanın ilk günü göstərdi ki, biz öz proqnozlarımızda yanılmamışıq. Belə ki, Ermənistan tərəfi özlərinin təxribat xarakterli tarixi “ənənələrinə” sadiqlik nümayiş etdiriblər və qondarma erməni soyqırımının 100 illiyinə dair qətnamə layihəsi irəli sürüblər. Qətnamə layihəsində 1915-ci ildə Osmanlı dövləti ərazisində ermənilərə qarşı soyqırım cinayəti həyata keçirildiyi iddia edilir və Türkiyəyə öz tarixi ilə barışması barədə çağırış edilir”.

E.Süleymanov bildirib ki, prosedur qaydalarına əsasən bu qətnamə layihəsi sessiya ərzində müzakirə edilməlidir və onun qəbul olunmasını istisna etmək olmaz: “Beləliklə, Avronest PA öz sessiyasını Yerevanda keçirməklə özünü Ermənistanın sərsəm soyqırım iddialarının təbliğatı maşınına çevirməsi təsdiqini tapdı. Düşünürəm ki, sessiya zamanı Ermənistan tərəfinin yeni təxribatlarının şahidi olacağıq”.

BƏXTİYAR


Müəllif:

Oxşar xəbərlər