18 Mart 2015 12:03
903
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) təşkilatçılığı, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK), habelə ayrı-ayrı hökumət və qeyri-hökumət qurumlarının nümayəndələrinin, Beynəlxalq Əmək Təşkilatının (BƏT) mütəxəssislərinin iştirakı ilə Azərbaycanda əmək haqqı siyasəti üzrə Milli Üçtərəfli Konfrans öz işinə başlayıb.

Teleqraf.com-un məlumatına görə, konfransı giriş sözü ilə açan əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev Azərbaycanın makroiqtisadi inkişafından, habelə qeyri-neft sektorunun tərəqqisi yönündə əldə olunan nailiyyətlərdən söz açıb. Nazir müavini Prezident cənab İlham Əliyevin sosial sahənin inkişafına xüsusi diqqət və qayğısının ölkədə əmək siyasətinin də mütərəqqi dünya təcrübəsi əsasında inkişafına şərait yaratdığını vurğulayıb: “Bu sahədə BƏT-lə fəal əməkdaşlıq həyata keçirilir. İndiyədək BƏT-in 57 Konvensiyası, o cümlədən əmək münasibətlərinin tənzimlənməsində əsas baza hesab olunan 8 fundamental və 4 prioritet Konvensiyası ölkəmiz tərəfindən ratifikasiya olunub. Ratifikasiya olunmuş konvensiyalar sırasında “İnkişaf etmiş ölkələri xüsusi nəzərə almaqla minimum aylıq əmək haqqının müəyyən edilməsi haqqında” 1970-ci il tarixli 131 nömrəli Konvensiya da var”.

Nazir müavini qeyd edib ki, minimum əmək haqqı ölkədə iqtisadi inkişafın tələbləri, ölkə üzrə orta aylıq əmək haqqı səviyyəsi, sosial müavinətlər, pensiya, sosial demoqrafik qruplar üzrə yaşayış minimumu, inflyasiya səviyyəsi ilə bağlı olan və ixtisassız əməyə görə aylıq əmək haqqının ən aşağı səviyyəsini müəyyən edən sosial normativ olduğu üçün onun məbləğinin düzgün müəyyən olunması xüsusi önəm kəsb edir: “2004-cü ildə “Dəyişdirilmiş Avropa Sosial Xartiyası”na qoşulan Azərbaycan bu Xartiyanın 4-cü maddəsinin 1-ci bəndinə uyğun olaraq işçilərə və onların ailələrinə layiqli həyat səviyyəsini təmin edəcək səviyyədə əmək haqqı ödənilməsi hüququnu tanıyıb. Bununla əlaqədar verilən şərhlərə əsasən, Xartiyanın ratifikasiya etmiş dövlət minimum əmək haqqının ölkə üzrə orta əmək haqqının 60 faizindən az olmaması prinsipini təmin etməlidir. Xartiyadan irəli gələn bu öhdəlik “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında əksini tapıb”.

İ.İsayev hazırda Azərbaycanda bir çox sahələrdə orta aylıq əmək haqqının minimum aylıq əmək haqqını dəfələrlə üstələdiyini bildirib: “Məsələn, 2013-cü ildə ölkə üzrə orta aylıq əmək haqqı minimum aylıq əmək haqqından 4,4 dəfə, mədənçıxarma sənayesində 15,6 dəfə, maliyyə və sığorta fəaliyyəti üzrə 11,6 dəfə, informasiya və rabitə üzrə 6,9 dəfə, peşə, elmi və texniki fəaliyyət üzrə 6,9 dəfə, tikinti üzrə 6,4 dəfə yüksək olub. Hər il respublikada minimum aylıq əmək haqqı bir, bəzi illərdə hətta iki dəfə artırılıb. Nəticədə 2005-ci illə müqayisədə orta aylıq əmək haqqı 3,6 dəfə artdığı halda, minimum aylıq əmək haqqı 4 dəfə artırılıb. 2014-cü ildə xalis minimum aylıq əmək haqqı xalis orta aylıq əmək haqqının 27,7 %-ni təşkil edib. Hazırda minimum aylıq əmək haqqı ölkə üzrə yaşayış minimumunun 80,2%-i səviyyəsindədir”.

İ.İsayev bildirib ki, müvafiq təhlillər aparılmadan, minimum aylıq əmək haqqının təsir dairəsi tam qiymətləndirilmədən və beynəlxalq təcrübədən səmərəli istifadə etmədən minimum aylıq əmək haqqının Xartiyanın tələbləri əsasında əhəmiyyətli dərəcədə artırılması inflyasiyaya şərait yarada bilər. Ona görə də belə bir konfransın keçirilməsi BƏT-in, respublikanın aidiyyatı qurumlarının, sosial partnyorların mütəxəssislərinin bu məsələləri dərindən təhlil etmələri, ümumən ölkəmizdə minimum aylıq əmək haqqının müəyyənləşdirilməsi, inkişaf tendensiyası, yaşayış minimumu, yoxsulluq həddi, orta aylıq əmək haqqı və s. amillərlə bağlı müqayisəli təhlillərin aparılması, hədəf və perspektivlərin müəyyən edilməsi baxımından xüsusi əhəmiyyət daşıyır”.

Dövlət Sosial Müdafiə Fondunun sədr müavini Zakir Babayev ölkəmizdə qabaqcıl beynəlxalq təcrübə əsasında qurulan milli sığorta-pensiya sisteminin əmək haqları ilə pensiya təminatı arasında üzvi əlaqəni təmin etdiyini, əmək haqlarında artımın son nəticədə gələcək pensiya təminatının artımına da imkan verdiyini bildirib. AHİK-in sədr müavini İlyas Əliyev AHİK-in işçilərin layiqli əmək haqqı ilə təmin olunmasına yönələn fəaliyyətindən bəhs edib, dövlətin milli əmək haqqı sisteminin inkişafına yönələn səylərinin həmkarlar təşkilatları tərəfindən dəstəkləndiyini nəzərə çatdırıb. ASK-nın baş katibi Natəvan Məmmədova sahibkarlığın inkişafının eyni zamanda özəl sektorda əmək haqlarının mütəmadi artımı ilə müşahidə edildiyini vurğulayıb, bu sahədə konkret göstəriciləri diqqətə çatdırıb.BƏT-in baş mütəxəssisi Mariko Ouçi Azərbaycanda BƏT-lə əməkdaşlıq şəraitində milli əmək siyasətinin inkişafı üçün aparılan işləri yüksək dəyərləndirib, ölkəmizdə əmək haqqı sisteminin qabaqcıl beynəlxalq təcrübə əsasında təkmilləşdirilməsinə BƏT tərəfindən lazımi dəstək veriləcəyini bildirib.

İki gün davam edəcək Konfransda ölkəmizdə əmək haqlarının artım dinamikasına nəzər salınacaq, əmək haqqı ilə bağlı qanunvericilik, bu sahədə proqnozlaşdırma, minimum aylıq əmək haqqının müəyyən edilməsi və əməyin ödəniş sistemlərində tətbiqi, əmək haqqı sahəsində ümumi tendensiyalar, minimum əmək haqqının institusional aspektləri, dünya ölkələrində bu məsələyə yanaşmalar və s. təhlil olunacaq, hədəf və perspektivlər müəyyən ediləcək.

Naibə QURBANOVA


Müəllif:

Oxşar xəbərlər