21 Mart 2015 08:49
3 386
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dövlət Komitəsi "Azərbaycanın ailə strategiyası" adlı sənəd hazırlayıb

Azərbaycanda əkiz və üçəm uşaqların doğulması halları artıb. Əvvəllər əkiz, xüsusilə üçəm uşaqların doğulması nadir hadisə sayılırdı, son illər isə belə uşaqların doğulması adiləşib.

Təkcə ötən il Azərbaycanda 60 üçəm uşaq dünyaya gəlib. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2014-cü il ərzində Azərbaycanda 170,5 min körpə doğulub. Əhalinin hər 1000 nəfərinə hesabı ilə doğulanların sayı 18,1 olub. Doğulan körpələrin 53,6 faizi oğlan, 46,4 faizi isə qız uşaqlarıdır. Körpələrin 3148-i əkiz, 60-ı isə üçəm doğulub.

Ümumilikdə yalnız son 4 il ərzində Azərbaycanda 9100 əkiz, 174 üçəm dünyaya gəlib.
Müşahidələrə əsasən demək olar ki, əkiz və üçəm doğuşları daha çox sonsuzluq problemi yaşayan ailələrdə baş verir. Elə sonuncu fakt da bunu təsdiqləyir. Martın 15-də Kəlbəcərdən məcburi köçkün düşən Tağıyevlər ailəsində 12 ildən sonra ilk dəfə üçəmlər dünyaya gəlib. Üçəmlər Azərbaycandakı klinikalarda və xaricdə aldıqları uzunmüddətli müalicə prosesindən sonra doğulub.

Genetik faktor, yoxsa süni müdaxilə?

Vaxtilə əkiz və üçəm uşaqların doğulmasında əsas faktorlardan biri kimi genetik amillər götürülürdüsə, son vaxtlar bunu süni mayalanma və digər üsullarla hamilə qalmaqla əlaqələndirənlər var. Səbəblər barədə mütəxəssisə müraciət etidk.

"Medi House" tibb mərkəzinin ginekoloq-cərrahı Naibə Həsənova da əsas səbəblər sırasında genetik faktorun olduğunu deyir: "Əgər nəsildə əkiz, üçəm uşaqların doğulması halları olubsa, yenə varsa, belə doğuşların təkrarlanması ehtimalı yüksək olur".

Ancaq o, son illərdə süni mayalandırma üsulundan istifadənin belə körpələrin sayının artmasına səbəb olduğunu da vurğulayır: "Bildiyiniz kimi, indi ailələrdə sonsuzluq geniş yayılıb. Qadınlar hamilə qalmaq üçün daha çox müalicə olunurlar. Hamiləliyin baş tutması üçün isə stimulyasiya metodundan istifadə edilir. Stimulyasiya sayəsində hamilə qalan qadınlarda isə əkiz və üçəm uşaqların doğulması ehtimalı artır".

Bu qadınların daha çox həkim nəzarətinə ehtiyacı var

Müsahibimiz stimulyasiya dedikdə, dərman preparatları vasitəsilə hamilə qalmağın nəzərdə tutulduğunu deyir: "Stimulyasiya zamanı qadın yumurta hüceyrələri normaldakından daha aktiv olur və eyni zamanda, bir neçə yumurta hüceyrə mayalanır. Bu zaman təbii olaraq bir və daha artıq mayalanmış embrion inkişaf etməyə başlayır. Nəticədə əkiz, üçəm və bəzi hallarda 4-5 uşaq dünyaya gəlir".

Həkimin sözlərinə görə, qadının bətninə 2 və ya 3 döl düşdükdə onun hamiləliyinin normal başa çatması ehtimalı bətnində tək döl gəzdirən qadınlara nisbətən az olur. Buna görə də əkiz və üçəm uşaq dünyaya gətirəcək qadınların hamiləlik boyu daha çox həkim nəzarətində qalmasına ehtiyac var.

Əksər ailələr üçün yeni doğulan övlad sevinc mənbəyidir, sonsuz ailələr üçün isə bu ikiqat sevincdir. Lakin maddi durumu aşağı olan elə ailələr var ki, övlad sevincini duyan gündən gileylənməyə başlayırlar. Getdikcə çoxalan əkiz və üçəmlər həmin ailələrə yardımı qaçılmaz edir.

İmkanlı ailələrin dövlət müavinətinə ehtiyacı yoxdur

Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev əkiz və üçəm uşaqların doğulmasın hallarının artmasını son illər Azərbaycanda yeni reproduktiv texnologiyaların tətbiqi ilə izah edir. Deputatın sözlərinə görə, bəzən belə uşaqlar sosial cəhətdən zəif ailələrdə doğulurlar. Buna görə də belə ailələrin sosial müdafiəsinin təşkili məsələsi ya qanunvericilik, ya da dövlət proqramı səviyyəsində həllini tapmalıdır: "Azərbaycanda bu gün sosial müdafiənin ünvanlılıq prinsipinə üstünlük verilir. Hansı ailənin sosial müdafiəyə ehtiyacı varsa, onun sosial müdafiəsi həyata keçirilir".

Musa Quliyev bildirib ki, bu gün Azərbaycanda sosial müdafiəyə ehtiyacı olmayan ailənin uşaqlarının ümumi sayının, yaxud eyni vaxtda doğulan uşaqların sayının nəzərə alınması praktikası tətbiq edilmir. Dövlətin hazırkı prinsipinə əsasən, eyni vaxtda 2-3 uşağın dünyaya gəldiyi imkanlı ailələrin dövlət müavinətinə ehtiyacı yoxdur.

Dövlət dəstəyinin gücləndirilməsi təklifi

Deputat təklif edir ki, artıq Azərbaycanda əkiz və üçəm uşağı olan ailələrin sayı daha çox olduğuna görə statistik hesablamalar aparılmalıdır. Yalnız bundan sonra onlar üçün qanunvericilikdə müəyyən dəyişikliklər edilə bilər.

Bu güzəştlərin nədən ibarət ola biləcəyinə gəldikdə, Musa Quliyev hesab edir ki, bunun üçün yeni müavinət növlərinin təyin edilməsinə ehtiyac yoxdur: "Ola bilər ki, onlara dövlət tərəfindən birdəfəlik müavinət verilsin. Yerli icra orqanları, bələdiyyələr səviyyəsində də onlara aylıq müavinətlər verilə bilər".

Deputatın sözlərinə görə, belə ailələrin mənzil-məişət şəraiti yaxşılaşdırıla, uşaqlara qulluq üçün xüsusi personal ayrıla və ya onların sayı artırıla bilər.

Mövzu ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən bildirilib ki, yeni hazırlanan "Azərbaycanın ailə strategiyası" layihəsinə üçəm uşaqları doğulan ailələrə mənzil verilməsi məsələsi daxil edilib.

Hazırda ailəsində uşağı olan və üçəm uşaqları doğulan ailələr üçün müəyyən tədbirlər görülsə də, yeni sənəd layihəsində belə ailələrə dövlət dəstəyinin daha da gücləndirilməsi təklif edilir.

Naibə


Müəllif:

Oxşar xəbərlər