2 Aprel 2015 16:17
616
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İnsan Alveri Qurbanlarına Yardım Mərkəzi cari ilin yanvar-mart aylarında DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi tərəfindən yönləndirilmiş 19 nəfər insan alveri qurbanına və insan alverinin qurbanına çevrilmək təhlükəsi olan 10 nəfər şəxsə müvafiq yardımlar göstərib.

Bu barədə Teleqraf.com-a ƏƏSMN-nin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Həmin şəxslərdən 4 nəfərinin ƏƏSMN yanında Dövlət Məşğulluq Xidməti tərəfindən məşğulluğunun təmin olunmasına, 5 nəfərinin peşə reabilitasiyasına cəlb edilməsinə, 4 nəfərinin hüquqi və 2 nəfərinin tibbi yardım almasına, 1 nəfərinin ailəsinə ünvanlı dövlət sosial yardımı təyin edilməsinə və s. köməkliklər göstərilib. Onların bir qismi zəruri hallarda eyni vaxtda bir neçə yardım növü ilə əhatə olunublar.

Qeyd olunan şəxslərdən əksəriyyətinin sosial reabilitasiyasına nail olunub, habelə insan alverinin qurbanına çevrilmək riski aradan qaldırılıb. Hazırda 13 nəfər insan alveri qurbanı və potensial insan alveri qurbanı ilə işlər davam etdirilir. Bununla yanaşı, insan alveri ilə bağlı ictimai məlumatlılığın artırılması üçün mərkəz tərəfindən müxtəlif formalarda maarifləndirmə işləri də aparılıb.

Naibə QURBANOVA


Müəllif: