“İşçilər üçün təhlükəsiz əmək şəraitinin təmin olunması hər bir müəssisədə ilk növbədə yerinə yetirilməsi vacib olan tələblərdən biridir və bu tələbə əməl olunmayan, əmək şəraiti işçilərin həyat və sağlamlığı üçün təhlükə doğuran müəssisələrin fəaliyyəti onlarda əməyin mühafizəsi sahəsində aşkar edilən nöqsanlar aradan qaldırılana qədər dayandırılır. Qarşıdakı dövrdə də iş yerlərində işçilərin həyat və sağlamlığına təminat verən əmək şəraitinin yaradılmasına yönələn təsirli tədbirlər davam etdiriləcək”.
Teleqraf.com-un məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Fuad Əlizadə Xidmət tərəfindən “Təhlükəsiz iş aylığı” çərçivəsində “Azərkimya” İstehsalat Birliyində əməyin mühafizəsi ilə bağlı keçirilən məlumatlandırma tədbirində bildirib.
Fuad Əlizadə qeyd edib ki, iş yerlərində əməyin mühafizəsinin mövcud norma və qaydalara, dövlət standartlarına uyğun təşkili əmək prosesində peşə risklərinin minimum səviyyəyə endirilməsinə səbəb olan əsas amildir: “Xidmət tərəfindən iş yerlərində əmək qanunvericiliyinə, o cümlədən əməyin mühafizəsi tələblərinə əməl olunmasına dövlət nəzarəti daim güclənir. Eyni zamanda işçilər və işəgötürənlər arasaında mütəmadi olaraq bu mövzuda məlumatlandırma tədbirləri həyata keçirilir. Bu istiqamətdə aparılan işlərin müsbət nəticəsi kimi, istehsalatla əlaqəli bədbəxt hadisələrin sayı azalmaqda davam edir. Məsələn, Xidmət tərəfindən cari ilin yanvar-mart ayları ərzində istehsalatla əlaqəli 33 bədbəxt hadisə qeydə alınıb ki, bu da ötən ilin ilk rübü ilə müqayisədə 40 faiz azdır. Eyni zamanda bu hadisələr nəticəsində xəsarət alanların sayı 49 faiz azalaraq 25 nəfərə enib”.
Ötən ilin ilk rübündə istehsalatla əlaqəli qrup halında 10 bədbəxt hadisə baş verdiyi halda, cari ilin ilk üç ayında belə hadisə qeydə alınmadığını bildirən Xidmət rəisi əməyin mühafizəsi normalarının daha çox pozulduğu iqtisadi fəaliyyət sahələrini diqqətə çatdırıb: “İqtisadi fəaliyyət sahələri üzrə istehsalatla bağlı bədbəxt hadisələrin daha çox tikinti sektorunda, emal və mədənçıxarma sənayesində, energetika sahəsində və nəqliyyat sektorunda baş verdiyi müəyyən edilib. Bu həmin sahələrdə əməyin təhlükəsizliyinin təmin olunması sahəsində daha ciddi işlərin aparılmalı olduğunu deməyə əsas verir”.
Fuad Əlizadə bildirib ki, 28 Aprel-Ümumdünya Əməyin Mühafizəsi gününün qeyd olunduğu aprel ayında “Təhlükəsiz iş aylığı”nın keçirilməsində məqsəd də əməyin təhlükəsizliyi problemlərinə işəgötürənlərin diqqətinin daha da artırılmasıdır: “İşəgötürənlər müəssisələrdə sağlam və təhlükəsiz əmək şəraiti yaradılması, əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına tam riayət olunması, işçilərin xüsusi geyim və fərdi mühafizə vasitələri ilə təmin edilməsi istiqamətində səylərini daim artırmalıdırlar”.
Tədbirdə Xidmətin mütəxəssisləri tərəfindən əmək qanunvericiliyi, əməyin mühafizəsi norma və standartları, qaydaları barədə dolğun məlumatlar verilib, işəgötürənlərin və işçilərin əməyin mühafizəsi ilə bağlı sualları cavablandırılıb, onlara hüquqi-praktik izahatlar verilib. Daha sonra “Azərkimya” İstehsalat Birliyində əməyin təhlükəsizliyi vəziyyəti nəzərdən keçirilib.
Naibə QURBANOVA