Böyük Vətən müharibəsində faşizm üzərində qələbənin 70-ci ildönümü ilə bağlı ölkə başçısı sərəncam imzalayıb. Sərəncamdan irəli gələrək “1941-1945-ci illər müharibəsində qələbənin 70 illik yubileyinə hazırlıq və yubileyin qeyd olunması üzrə Tədbirlər Planı ” təsdiq edilib.
Həmin sənəd çərçivəsində Azərbaycan Tibb Universitetində (ATU) “1941-1945-ci illər müharibəsində qələbənin əldə edilməsində Azərbaycan tibb işçilərinin müstəsna rolu” mövzusunda elmi konfrans baş tutub. Konfransda ikinci cahan savaşının tarixi, həmin müharibədə azərbaycanlıların, xüsusilə də tibb işçilərinin rolundan söz açılıb. İkinci dünya müharibəsi illəri bəşəriyyətin XX əsrdə üzləşdiyi ən ağır və dəhşətli dövr kimi dəyərləndirilib. Qeyd olunub ki, Azərbaycan xalqının bu müharibədə göstərdiyi əzmkarlıq və qəhrəmanlıqları açıqlamaq ciddi elmi-nəzəri, siyasi və əməli əhəmiyyətə malikdir. Tədbirdə xüsusi vurğulanıb ki, Böyük Vətən müharibəsi zamanı Azərbaycanın bütün maddi və mənəvi sərvətləri, canlı qüvvəsi faşizmə qarşı müharibəyə cəlb edilib. Həmin illərdə Azərbaycanda Sovet Ordusu sıralarına 640 min nəfərədək səfərbər edilərək cəbhəyə göndərilib. Onlar da sabiq SSRİ məkanında yaşayan digər xalqların nümayəndələri ilə çiyin-çiyinə faşizmə qarşı savaşda iştirak ediblər.
Tədbirdə ATU-nun kafedra müdirləri, əməkdaşları Böyük Vətən Müharibəsi ilə bağlı mövzularda çıxışlar ediblər.
Qeyd edək ki, Prezidentin sərəncamı ilə təsdiqlənən Tədbirlər Planına əsasən, ölkəmizin təhsil müəssisələrində müvafiq tədbirlərin keçirilməsi nəzərdə tutulub. Onlar arasında müharibəyə həsr edilmiş əsərlərin, kitabların sərgisinin təşkili, savaş iştirakçıları ilə görüşlərin keçirilməsi planlaşdırlır. O cümlədən, 1941-1945-ci illər müharibəsinə həsr olunmuş vahid dərsin (günün) keçirilməsi, müharibə veteranları və tələbələr arasında görüşlərin keçirilməsi, gənclərin xatirə komplekslərinə ziyarətinin təşkili nəzərdə tutulur. Eyni zamanda, Rusiya Federasiyasının Təhsil və Elm Nazirliyi MDB-yə üzv ölkələrin Başçılarının Şurasının tapşırığı ilə qələbənin 70-ci ildönümünün qeyd olunması məqsədi ilə hazırlıq işləri həyata keçirir. Bu tədbirlər çərçivəsində azərbaycanlı təhsil işçiləri Moskvada təşkil olunacaq beynəlxalq məktəbin işində iştirak edəcəklər.
Naibə QURBANOVA