16 Aprel 2015 15:01
834
12 Punto 14 Punto 16 Punto 18 Punto

AMEA rəsmisi: “Əqli mülkiyyətin qorunması ilə bağlı yüksək ixtisaslı kadrlar hazırlanmalıdır”

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətində Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) nümayəndələri xanım İzabella Pimenteli və cənab Giulio Zanetti ilə görüş keçirilib.

ÜƏMT nümayəndələrinin Bakıya səfərinin məqsədi Azərbaycanda əqli mülkiyyətlə bağlı cari vəziyyəti öyrənmək, bu sahədə təlimlərin təşkili ilə bağlı müzakirə aparmaq və mütəxəssis hazırlığına kömək göstərməkdir.

Dövlət Komitəsi kadr hazırlayacaq

AMEA-nın akademik-katibi Rasim Əliquliyev qeyd edib ki, bu il 24-26 aprel tarixlərində Akademiyanın, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin və Müəllif Hüquqları Agentliyinin birgə təşkilatçılığı ilə Azərbaycan alimlərinin müəlliflik hüquqları və intellektual mühitin formalaşması problemlərini müzakirəyə çıxaran tədbirlər keçiriləcək.

Rasim Əliquliyev intellektual mülkiyyətin qorunması ilə bağlı ölkənin ümumtəhsil və ali məktəblərində maarifləndirmə işlərinin aparılması zəruriliyini də önə çəkib.

O, gələcəkdə AMEA-da magistratura təhsili alan tələbələrin intellektual mülkiyyətlə bağlı məlumatlandırılmağı üçün xüsusi proqramın hazırlanmasının vacibliyini vurğulayıb. Akademik-katibin sözlərinə görə, ölkənin təhsil sistemində də bu biliklərin kütləvi şəkildə aşılanması üçün Dövlət Komitəsinin iştirakı ilə yay məktəblərinin təşkili və iştirakçıların sertifikatlarla təmin edilməsi məqsədəuyğundur.

Əqli mülkiyyətlə bağlı normativ-hüquqi aktlar yoxdur

AMEA Rəyasət Heyətinin Elm və Təhsil İdarəsinin rəisi, texnika elmləri doktoru Əminağa Sadıqov əqli mülkiyyət hüquqlarının qorunması sahəsində AMEA-nın maraqlı təşkilat olduğunu, AMEA alimlərinin 30-40 il ərzində apardıqları tədqiqat işlərinin nəticələrinin xarici şirkətlərə asanlıqla ötürüldüyünü deyib.

Ölkəmizdə əqli mülkiyyətin qorunması ilə bağlı problemlərdən söz açan AMEA rəsmisi bu sahədə normativ hüquqi aktların, qanunların qəbulunun, layihələrin həyata keçirilməsinin mürəkkəb məsələ olduğunu nəzərə çatdırıb. Onun sözlərinə görə, hətta dövlət orqanlarında zəruri biliklərin olmaması bu sahədə qanunların sürətlə qəbul olunmasına maneçilik törədir: “Bu səbəbdən ali təhsil müəssisələrində əqli mülkiyyətin qorunmasına dair biliklərin aşılanması və bu sahədə yüksək ixtisaslı kadrların hazırlanmasına ehtiyac var”.

Xanım İzabella Pimenteli çıxışında bildirib ki, AMEA-da əqli mülkiyyətlə bağlı treninqlər təşkil olunacaq, fəlsəfə doktorlarına bu hüquqlarla bağlı bilikləri aşılamaq, onlarla təcrübəni bölüşmək məqsədilə Tədbirlər Planını hazırlanacaq və seminarlar bu plan əsasında keçiriləcək.

Beynəlxalq dərəcəli patent 10 min dollardır

Azərbaycanda əqli mülkiyyətin patentləşdirilməsi ilə bağlı alimlərin də qeyd etdiyi kimi problemlər var. Kimyaçı-mühəndis Rəsman Haçıyevin sözlərinə görə, ölkəmizin inkişafı üçün mühüm əhəmiyyət kəsb edən 5 ixtirasından indiyədək üçünə - veloelektromobil, biomühərrik və universal əlil arabasına görə patent alıb. Amma bu ixtiralarına müəlliflik hüququ ölkə daxilindən yox, Rusiyanın nüfuzlu elm ocaqlarından verilib.

İxtiralarına beynəlxalq dərəcəli patent alması üçün hər bir ixtiraya görə ən azı 10 min dollar vəsait tələb olunur: “Sovet dövründə mən Rusiyaya 5 ixtira təqdim etdim, 3-nə patent aldım. O dövrdə əqli mülkiyyətin patentləşdirilməsi maddi vəsait tələb etmirdi. İndi Rusiyada elmi təşkilatların beynəlxalq patentin verilməsi 10 min dollardır, MDB patentləri isə 3-4 min dollara başa gəlir.

Mən bir ixtirama NASA-dan da patent aldım, amma bir illik. İxtiram təqdir olundu, 350 iş arasında 5-ci yeri tutdu, satışa çıxarıldı. Amma bildirildi ki, ixtira satılana qədər müəllif hər ay 500 dollar ödəməlidir. Buna isə maddi imkanım çatmadı və NASA-nın patenti qüvvədən düşdü".


Vaxtilə patent alan Yaponiya indi patent satır

İxtiraçının fikrincə, o ölkələr ki, əqli mülkiyyətlə, maddi mülkiyyəti balanslaşdırır, onların iqtisadiyyatı inkişaf edir: “Ötən əsrin 70-ci illərində SSRİ-də istifadə olunmayan patentləri Yaponiya alırdı və istehsalata tətbiq edirdi. İndi isə Yaponiya özü patent satır. Araşdıranda məlum olur ki, texniki sahələrdə ən böyük ideya müəllifləri ərəb ölkələrində olub, amma bu ideyaları reallaşdıran Qərbdir. Ona görə Qərb bu qədər inkişaf etdi.

Mən Almaniyanın “Mersedes” şirkətinə müraciət etmişdim. Dərhal cavab verildi ki, bir şərtlə ixtiranızı qəbul edə bilərik - Almaniyada patent almasınız. Almaniyada patent almaq isə çox baha başa gəlir. Digər tərəfdən, mən istərdim, bu əqli mülkiyyət Azərbaycana məxsus olsun ki, ölkəmizə xeyir gətirsin. Amma yaratdığım nümunələri patentlərlə birlikdə nümayiş etdirsəm də, təəssüf ki, əhəmiyyət verilmir.

Akademiyaya müraciətimdə isə tövsiyə edildi ki, özünüzə sponsor tapın və ideyanızı gerçəkləşdirin.
Hələ bir neçə il öncə mətbuatda çıxış edərək bildirmişdim ki, təkcə avtomobillərdən kütləvi istifadəyə görə biz 2015-ci ildə faciə erasından fəlakət erasına keçəcəyik və yeganə çıxış yolu veloelektromobilə keçiddir. Proqnozlar özünü doğruldur. Tibb alimləri bildirir ki, ekoloji fəlakətlərə görə hər 100 adamdan 98-i xərçəngdən dünyasını dəyişəcək. Bu gün bizim nəinki tədqiqatçılarımız, hər bir sahə üzrə yeniyetmə gənclərimiz arasında da xeyli səmərəli ideyaları olanlar var. Amma yaradıcı insanların öz yaradıcılıqlarını reallaşdırmaları üçün onlara mütləq maddi dəstək göstərilməlidir".

“Gözləntilərimiz çoxdur”

Multimedia İnformasiya Sistemləri və Texnologiyaları Mərkəzinin direktoru Osman Gündüzün sözlərinə görə, fəaliyyət göstərdiyi İKT-nin həm elm, həm biznes, həm sosial sahələrində çalışanlar arasında məhsul təklif edənlər həddən artıq çoxdur, amma onların öz məhsullarını sənədləşdirmələri, müəllif hüquqları almaları baxımından ciddi çətinlikləri var: “Bu sahənin tənzimlənməsi ilə bağlı məndə də aydın təsəvvür yoxdur. Çünki bu sahədə maarifləndirmə işləri zəifdir və firkimcə, Azərbaycanda patentləşdirmə işləri ilə bağlı yüksək ixtisaslı kadrlar, eləcə də, normativ aktlar yoxdur. Bu baxımdan Müəllif Hüquqları Agentliyindən, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən gözləntilərimiz çoxdur. Dünyada aparıcı xətt ondan ibarətdir ki, bu sahədə qeyri-dövlət sektorlarının fəaliyyəti üstünlük təşkil edir və müəllif hüququ pozulanlar bu sektorların köməyi vasitəsilə öz hüquqlarını bərpa edə bilirlər. Bizdə isə bütün işləri dövlət qurumu öz üzərinə götürüb və bu işin icrasını praktiki baxımdan çatdıra bilmir. Hesab edirəm ki, bu sahədə liberallaşma olmalıdır və gələcəkdə fəaliyyət göstərəcək özəl sektorlara da müəyyən dəstəklər verilməlidir”.

Sevil Hilalqızı


Müəllif:

Oxşar xəbərlər